Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bilməlidirlər ki, yaşadıqları şəhər onların doğma, böyük evidir

“Ölkəmizi, şəhərimizi, gələcəyimizi  hifz etmək hər birimizin vətəndaşlıq borcudur” mövzusunda silsilə tədbirlər keçirilir.

30.07.2024 23:27
50
A+
A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi ilə ölkə ərazisində mühüm kampaniyaların start götürməsinə təkan oldu. Hökumət qurumları, ictimai təşkilatlar, ayrı-ayrı fərdlər tərəfindən şəhər və şəhərətrafı ərazilərdə milyonlarla ağac əkilir, yeni parklar salınır, ətraf mühitin qorunması diqqətdə saxlanılır.

“Ölkəmizi, şəhərimizi, gələcəyimizi  hifz etmək hər birimizin vətəndaşlıq borcudur” mövzusunda silsilə tədbirlər keçirilir.

Təəssüf ki, fəxrlə qeyd etdiyim bu kampaniya, nə qədər çox insanı əhatə etsə də, hələ bütün sakinlərin şüuruna istənilən təsiri göstərə bilməyir. Hamımız, demək olar ki, hər gün siqaret kötüklərini, boş içki şüşələrini, çeynənmiş saqqızı və digər istifadə edilmiş əşyaları küçələrə, dayanacaqlara atan insanlara rast gəlirik. Hələ turistik zonaların, şəhərətrafı parkların, meşə massivlərinin, çimərliklərin təmizliyindən (əslində natəmizliyindən) söz açmaqda acizlik çəkirəm...

 Bəs çoxmilyonlu şəhərimizdə qarşılaşdığımız bu cür halların,  natəmizliyin qarşısını necə almaq olar, onu yaradanlara qarşı hansı tədbirlər görülməlidir? Ekoloji maarifləndirmə effektiv üsul sayıla bilərmi? Bu məsələ qanunvericiliklə necə tənzimlənir?

Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, qlobal istiləşmə, torpaq, su və hava çirkliliyinin artması, ozon qatının dağılması, meşə örtüklərinin sürətlə azalması və s. digər məsələlər barədə beynəlxalq səviyyədə vaxtaşırı müzakirələr aparılır, dövlətlər problemin həllində  həmrəy olmağa çağırılır.

 Ekologiyanın qorunması üçün davamlı olaraq tədbirlər həyata keçirilir, yeni-yeni layihələr, konsepsiyalar hazırlanır. Bununla belə, istənilən nəticəni əldə etmək mümkün olmur.

Siz maarifləndirməni çıxış yollarından biri kimi misal çəkdiniz. Mən onu da əlavə edim ki, bu problemin həlli üçün hətta inzibati tədbirlər də istənilən nəticəni verə bilmir. Çıxış yolu metodların kompleks halda həyata keçirilməsindədir. Mütəxəssislərin iştirakı ilə ciddi fəaliyyət proqramı hazırlanmalıdır. Bu fəaliyyət proqramında insanların ictimai yerlərdə təmizliklə bağlı davranışları televiziyaların, sosial şəbəkələrin aktiv iştirakı, qanunvericilikdə dəyişikliklər, inzibati metodlar və sair əksini tapmalıdır.

İctimai qınaq bu məsələdə xüsusi önəm daşıyır. İnsanlar bilməlidirlər ki, onların bir-birinə üstünlüyü məhz mədəni davranışlarından keçir.

Məsələnin hüquqi tərəfinə gəlincə qeyd edim ki, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində qeyd edilir ki, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər 500 manatdan 800 manatadək, vəzifəli şəxslər 2000 manatdan 3000 manatadək, hüquqi şəxslər 6500 manatdan 8000 manatadək məbləğdə cərimə edilirlər.

Zibil atmaqla başqasına xəsarət yetirməyə görə 7 il həbs cəzası nəzərdə tutulur.

Psixoloq Gülşən Məmmədova qeyd edir ki, natəmizlik bir çox insanda vərdişdir. Onlar etdikləri hərəkətin fərqinə varmadıqları üçün vərdişlərini adi hal kimi daim təkrar edirlər. Belə insanlar üçün şəhəri zibilləmək və ya natəmizlik etmək səhər yuxudan durub çay içmək kimi normal haldır. İnsanların bu vərdişləri tərgitməsi üçün onlar ilk növbədə etdikləri hərəkətin fərqinə varmalıdırlar. Hər kəs bilir ki, çox şəkər ziyandır, amma bunu tərgitmək istəmir. Problem məsələnin fərqinə varmaqdadır.

Böyüklərin bu anormal vərdişləri, təbii ki, övladlarına, ətrafındakı azyaşlılara da asanlıqla keçir.

Əgər böyüklər bu cür vərdişləri tərgitsə, uşaqlar da tez zamanda bu vərdişlərdən imtina edə bilərlər. Uşaqlara sözlə deyil, hərəkətlə başa salmaq lazımdır. İnsanların şəhərin təmizliyinə ciddi fikir vermələri üçün maarifləndirmə tədbirləri yalnız 70-80 faiz effekt verə bilər. Misal üçün, əgər uşağa məktəbdə bu hərəkətlərin düzgün olmaması ilə bağlı təlim keçirilir və həmin uşaq evə gedib əksini görürsə, o zaman bu təlimin heç bir əhəmiyyəti olmur. Bəzən insanlar “evimi təmizləmişəm, çöldən mənə nə” kimi ifadələr səsləndirirlər. Amma belə deyil, onlar natəmizliyin səbəb olduğu xəstəliklər, fəsadlar haqqında öyrənməli və bu vərdişlərindən əl çəkməlidirlər. Bilməlidirlər ki, yaşadıqları şəhər onların doğma, böyük evidir.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: