Xəzər məhəbbətlə ağuşuna aldığı insanlara
qəddar üzünü də göstərir
Yayı sevməyən çox az sayda insan ola bilər. Yaşıllıq, al-əlvan çiçəklər, quşların səsi, qızmar günəş... Ancaq bütün bunlardan başqa, yay deyiləndə ağla gələn ilk şey mavi dənizdir: insanların səbirsizliklə gözlədiyi çimərlik mövsümü. Bəli, dəniz nə qədər gözəl, cəlbedici görünsə də, bir o qədər də qəddardır.
Çimərlik mövsümü iyun ayının 15-dən açılsa da, artıq Xəzər məhəbbətlə ağuşuna aldığı insanlara qəddar üzünü də göstərdi. 13 nəfərin həyatına son qoydu. Ümumilikdə Bakı şəhəri üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində suda boğulma hadisəsi ilə bağlı 30 hadisə qeydə alınıb. 11 nəfər xəstəxanaya aparılıb, 6 nəfərə yerində yardım göstərilib, 13 nəfər isə dünyasını dəyişib. Bu hadisələr niyə baş verir?
Sualımıza cavab tapmaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili ilə əlaqə saxladım.
Aqşin müəllim dedi ki, bu il Xidmətin nəzarət etdiyi çimərliklərdə xoşbəxtlikdən ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb: “Cari il ərzində suda boğulma təhlükəsi ilə üzləşən 95 şəxs olub ki, onlar da tərəfimizdən müdaxilə olunaraq xilas ediliblər. Bilirsiniz, artıq illərlə bu hal təkrarlanır. İnsanlarımız gərək özləri başa düşsünlər ki, hər an hər şey ola bilər. Hər saniyənin belə öz dəyəri var. Mən sizə bir misal çəkim. 6 dəqiqə ərzində sudan xilas edilən bir insanın həyatda qalma şansı 1 faizdir. Baxın, saniyələrin belə önəmi var. Ona görə də vətəndaşlara müraciət edirik ki, çimərlik seçimində diqqətli olsunlar, nəzarətsiz, qeyri-çimərlik ərazilərdən istifadə etməsinlər. Bilirsiniz, biz yalnız tövsiyə verə bilərik, hər hansı bir qadağa tətbiq edə bilmərik.
Rayon yerlərində də kifayət qədər boğulma hallarına rast gəlinir. Uşaqlar, gənclər suvarma kanalları, süni göllər, çaylar, su anbarları məqsədli çimərlik olmayan su hövzələrinə girib çimirlər. Mürəkkəb relyefə, sürətli axına, məhdud görüntüyə və digər təhlükəli xüsusiyyətlərə malik olan bu hövzələr istifadə edənlərin həyat və sağlamlığına ciddi təhlükədir. İnsanlar bilməlidirlər ki, küləkli havada qətiyyən dənizə girmək olmaz. Ümumiyyətlə, küləyin sürəti 10 metrdən artıq olduqda, bu, təhlükəlidir. Bundan başqa, bilirsiniz ki, nəzarət olunan çimərliklərdə üzmə sərhədlərini göstərən nişanlar qoyulur. Bu nişanlar narıncı rəngdə şarlar olur ki, o şarlara qədər olan məsafə təhlükəsiz sahədir. O şarlar 1,75 metr dərinliyində quraşdırılır”.
Aqşin müəllim dedi ki, çimərlik mövsümünə hazırlıqla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yerli icra nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə mütəmadi olaraq monitorinqlər keçirir. Bu monitorinqlərin keçirilməsində əsas məqsəd təhlükəli və istifadəyə yararsız çimərliklərin qeydə alınması və çimərlik operatorlarına təhlükəsizlik qaydaları barəsində təlimatların təqdim edilməsidir: “Şüvəlan qəsəbəsində “Mil-Qaya” və “Şimal Qres”, Nardaran qəsəbəsində “12-ci dalan”, “Yaxt klub”, “Estekada” deyilən ərazi, Nardaranla Bilgəh qəsəbələri arasında yerləşən, el arasında “Rus çimərliyi” kimi tanınan və 10-a yaxın nəzarətsiz ərazi, eləcə də Goradil və Novxanı qəsəbələri arasındakı “Sarı Qaya”, Qaradağ rayonundakı “Mayak” deyilən ərazi xüsusi təhlükəli ərazilər kimi tərəfimizdən qiymətləndirilib.
Bəs yaxşı, burada təhlükə nədən ibarətdir? Ondan ibarətdir ki, bu ərazilərdə qəfləti dərinliklər var. Təsəvvür edin, suya giririk, su dizimizdəndi, 1-2 addım atdıqdan sonra 2-3 metr dərinliyə rast gəlirik. Buna qəfləti dərinlik deyilir. Həmin o ərazilərin bəzilərində çuxurlar var, sualtı axınların sürəti normadan artıqdır və daşlı-qayalı yad cisimlərlə zəngindir. Xüsusən də şimal küləklərindən sonra o ərazilərdə birbaşa dənizin içinə doğru sualtı axın yaranır. Yəni dalğalar gəlir sahilə dəyir və sonra da dənizin içərisinə doğru geri dönüş edir. İnsanlar da həmin o axına düşürlər, özləri də bilmədən bir də baxırlar ki, artıq müəyyən qədər dərin bir sahəyə gəlib çıxıblar. Peşəkar üzgüçü belə olsan, yenə də axın imkan vermir ki, sahilə çıxasan. Bax, boğulma halları da bu zaman baş verir”.
- Aqşin müəllim, bu hallarda tərəfinizdən nə kimi tədbirlər görülür?
- Birincisi, hələ çimərlik mövsümü açılmamışdan qabaq dalğıclar vasitəsilə sualtı müayinələr aparılır, sualtı təmizləmə işləri görülür. Bu nədən ibarətdir? Qeyd etdiyim çuxurlar, burulğanlar, sualtı axınlar varsa, həmin təhlükələr qabaqcadan öyrənilir, ora xüsusi nişanlar yerləşdirilir. Təbii ki, xilasedicilər ora daimi nəzarət edirlər. Yuxarıda da dediyim kimi, üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılır. Azərbaycan və ingilis dillərində çap olunmuş maarifləndirici lövhələr yerləşdirilir. Xidmətin balansında olan xilasetmə texnika vasitələri işlək vəziyyətə gətirilir və xidmət iyun ayının 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Onu da deyim ki, son illər çimərliklərdən istifadə edənlərin sayı artıb. Bunu nəzərə alaraq Xidmət tərəfindən motor xilasedici vəzifələrinə müsabiqə elan etmişik, eyni zamanda insanların təhlükəsizliyi daha səmərəli təşkil olunsun deyə ştatdankənar xilasedicilər də işə cəlb olunub. Məhz bu tədbirlərin nəticəsidir ki, bir qədər əvvəl dediyim kimi, bizim nəzarət etdiyimiz çimərliklərdə indiyə kimi ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb.
Aliyə SƏMƏDOVA