Dünya Bankından Böyük Qayıdışa dəstək
Bank azad ərazilərdə iş yerləri yaradacaq, kiçik biznesə kreditlər verəcək
Dünya Bankı (DB) Azərbaycanla 150 milyon ABŞ dollar məbləğində maliyyələşmə sazişini təsdiqləyib. “Məşğulluğa Dəstək Layihəsi” adlı yeni maliyyə paketi keçmiş məcburi köçkünlər, qadınlar, gənclər və uzunmüddətli işsizlərə xüsusi diqqət yetirməklə əhalinin ən həssas qrupları üçün özünüməşğulluq imkanlarını təmin etməyi nəzərdə tutur. Layihənin əsas məqsədi qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramını genişləndirmək və işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti əsasında kiçik biznes imkanlarını qurmağa kömək etməkdir. Layihə çərçivəsində işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin özünüməşğulluq proqramına cəlb edilərək onların formal əmək bazarına və layiqli məşğulluğa çıxış imkanları yaradılır.
Qeyd edək ki, Dünya Bankı özünüməşğulluq strategiyası üzrə Azərbaycan hökuməti ilə 2020-ci ildən əməkdaşlıq edir. Ötən dövrə ərzində proqram çərçivəsində ölkədə 50 minə yaxın şəxs üçün kiçik təsərrüfatlar yaradılıb. Eləcə də proqramın əhatə etdiyi kənd təsərrüfatı və istehsal-xidmət yönümlü iqtisadi fəaliyyət növlərinin siyahısı da genişləndirilərək 44-ə çatdırılıb.
Yeni maliyyələşmə proqramı isə daha əhatəlidir. Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Şteffi Ştallmeister bildirib ki, layihə çərçivəsində respublikanın bütün bölgələrində işaxtaranlar üçün yeni imkanlar səfərbər olunacaq. Əlavə maliyyələşdirmə sxeminə əsasən, iqtisadi fəaliyyətin şaxələndirilməsi, yeni istehsal və xidmət sahələrinin yaradılması üçün hərtərəfli dəstək göstəriləcək.Yeni dəstək proqramı vasitəsilə iş yerlərində təlim, əməkhaqqı subsidiyaları, şagirdlik proqramı, peşə hazırlığının inkişafı və seçilmiş peşələr üzrə sertifikatlaşdırma xərclərinin kompensasiya edilməsi kimi əlavə aktiv əmək bazarı tədbirlərini həyata keçirəcək. Proqramın icrası işaxtaranların, o cümlədən qadınların və digər həssas əhali qruplarının məşğulluğunu stimullaşdıracağı, onların istehsal və xidmət sahələrində işləmək imkanlarını artıracağı gözlənilir. Ümumilikdə 2020-2025-ci illəri əhatə edən layihə çərçivəsində 22 min şəxsin özünüməşğulluq fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulur.
Dünya Bankının 150 milyon dollarlıq dəstək paketi həm də azad edilmiş ərazilərə geri dönən soydaşlarımız üçün də əhəmiyyət daşıyır. Hazırda DB ilə bir neçə il əvvəl icrasına başlanmış özünüməşğulluq srategiyası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış sakinlərin işlə təminatı ilə bağlı müxtəlif proqramlar və layihələr icra olunmaqdadıdr. Ötən müddət ərzində Zəngilan rayonunun Ağalı kəndində inşa edilmiş ilk “Ağıllı” kəndinə, Füzuli şəhərinə, Laçın şəhərinə və Zabux, Sus kəndlərinə, Suqovuşana, eləcə də Şuşa və Xocalıya qayıdan insanların məşğulluq imkanları ilə bağlı tədbirlər həyata keçirilib. Bu bölgələrdə istifadəyə verilmiş “ASAN” və “DOST” Xidmət mərkəzlərində, orta məktəb və uşaq bağçalarında, tikiş müəssisəsində, çörəkbişirmə sexlərində, mağaza və marketlərdə yüzlərlə iş yeri yaradılıb ki, bu da sakinlərin məşğulunu təmin edib. Bundan başqa, Füzuli və Laçına, Zabuxa qayıdan sakinlərin ənənəvi məşğuliyyətinin bərpa olunması, heyvandarlıq məqsədilə kiçik ailə təsərrüfatlarının, o cümlədən heyvandarlıq, arıçılıq, bağçılıq və s. fərdi və kiçik ailə bizneslərinin yaradılması məqsədilə hökumət tərəfindən müvafiq layihələrin icrasına başlanılıb. Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın şəhərinə və Zabux kəndinə köçürülən sakinlərdən 800 nəfərə yaxın şəxsin məşğulluğu təmin olunub. Həmin şəxslərdən bir qrupu proqram çərçivəsində kiçik təsərrüfatlar qurublar.
Özünüməşğulluq proqramı çərçivəsində Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərləri, Laçının Zabux və Sus, Füzulinin Dövlətyarlı, Cəbrayılın Horovlu və Şükürbəyli, Qubadlının Mahruzlu və Zilanlı, Ağdərənin Talış və Suqovuşan, Ağdamın Xıdırlı, Sarıcalı, Kəngərli, Salahlı Kəngərli, Baş Qərvənd kəndlərinin işsiz və işaxtaran sakinləri üçün peşə hazırlığı kurslarının təşkili işlərinə başlanıb.
Yaxın 3 ildə bu bölgəyə 140 min insanın qayıdışı nəzərdə tutulur ki, bu da böyük bir məşğulluq tədbirlərinin gerçəkləşməsini zəruri edir. Ona görə də hökumət həmin ərazilərdə 2026-cı ilin sonunadək ən azı 12 min şəxsi peşə hazırlığına cəlb etməklə gələcək məşğulluğuna kömək etmək istəyir. Bundan başqa, azad edilmiş ərazilərdə yaşayan sakinlər üçün keçirilən peşə yarmarkalarında isə sakinlərə müxtəlif peşə istiqamətləri təqdim olunur, master-klaslar keçirilir və buna uyğun olaraq onlar peşə kurslarını bitirdikdən sonra işlə təmin olunacaqlar. Bu layihələrin icrasında dövlətin və özəl sektorun öz imkanları ilə yanaşı, Dünya Bankı tərəfindən ayrılacaq vəsaitin hesabına məşğulluğa dəstək tədbirləri həyata keçiriləcək.
DB həmçinin azad edilmiş ərazilərdə yaşayan sakinlərin biznes fəaliyyəti üçün də lazımi dəstək verəcəyini istisna etmir. Azərbaycan hökuməti ilə birgə bu ərazidə kiçik ailə təsərrüfatlarına, mikrobiznes sahiblərinə, fərdi təsərrüfatlara güzəştli kreditlər verilməsi təmin olunacaq.
Elbrus CƏFƏROV