Gənclərin asudə vaxtlarında
narkotik üçün boş yer olmamalıdır
Dünyada narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə səviyyəsi yüksək olaraq qalmaqda davam edir. Fərqli narkotik və psixotrop maddələr sağlamlıq və səhiyyə sistemləri üçün müxtəlif çətinliklər yaradır.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi tərəfindən hazırlanmış 2023-cü il üzrə Ümumdünya Narkotiklər Hesabatına əsasən, yeni psixoaktiv maddələr ənənəvi narkotiklərə nisbətən daha az istifadə edilir, lakin son illərdə yeni psixoaktiv maddələrin istifadəsi Orta Asiya və Şərqdə əhəmiyyətli dərəcədə artmışdır.
Dünyada təxminən 22 milyon insan kokain, 36 milyon nəfər amfetamin, 60 milyon nəfər opioid və 219 milyon nəfər marixuana istifadə edir. Narkotrafikin yaratdığı “kölgə” iqtisadiyyatı və sintetik psixotropların yayılmasının artması ətraf mühitin məhvinə və insan hüquqlarının pozulmasına səbəb olur.
2023-cü il 31 dekabr tarixinə respublika üzrə narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 36659 nəfər təşkil etmişdir. Onlardan 802 nəfəri qadındır.
Bu ilin 4 ayı ərzində narkomanlıq diaqnozu ilə 2557 nəfər dispanser nəzarətinə götürülmüş, 555 nəfər isə qeydiyyatdan çıxarılmışdır.
2022-ci ilə nisbətən 2023-cü ildə narkotik istifadəçilərinin sayı 1562 nəfər artmışdır.
Respublika üzrə cəmi 150 həkim-narkoloq ştat vahidi mövcuddur, onlardan 84-ü vakantdır. Əsas səbəb əməkhaqqının aşağı olmasıdır (480-500 manat).
Respublika ərazisində hər hansı bir narkotik vəsaitin hazırlanması üçün nəzərdə tutulan laboratoriyalar müəyyən edilməmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əsas problem xaricdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərlə bağlıdır.
Narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair “Dövlət Proqramı”nın icrası ilə əlaqədar yaradılmış Dövlət Komissiyası üzvlərinin tərkibinə dövlət qurumları ilə yanaşı, həmkarlar ittifaqı təşkilatı da daxil edilmişdir.
“Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə AHİK tərəfindən, səlahiyyətləri çərçivəsində, tədbirlər görülür, narkomanlığa səbəb olan amillər üzə çıxarılır, iş yerlərində əmək intizamının təşkilinə və antinarkotik təbliğatın gücləndirilməsinə (plakatlar, nəşrlər, seminarlar) diqqət artırılır, gənclərin ictimai həyata, xüsusilə həmkarlar ittifaqlarının fəaliyyətinə cəlb edilməsi işləri davam etdirilir. Həmkarlar ittifaqlarının xidmət dairəsində olan müəssisə və təşkilatlarda narkomaniya ilə mübarizədə AHİK-in etimadlı həkimləri, hüquq və əməyin texniki müfəttişləri müxtəlif tədbirlərdə fəal iştirak edirlər.
AHİK-in gənclər siyasəti istiqamətində sistemli işlər aparılır, çoxsahəli tədbirlər görülür. Bu məqsədlə AHİK-in və sahə həmkarlar ittifaqı respublika komitələrinin nəzdində gənclər şuraları yaradılmışdır. Gənclər şuralarının yığıncaqlarının gündəliyinə çox aktual mövzular çıxarılır. Gənclərin dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin özünüidarəetmə vərdişlərinə yiyələnməsi, onların ideya və təşəbbüslərinin dəstəklənməsi, məşğulluq sahəsində imkanlarının dəyərləndirilməsi, əmək miqrasiyası və s. mövzular ətrafında müzakirələr aparılır. Eyni zamanda şuralar gənclərin həmkarlar ittifaqının rəhbər orqanlarında təmsil olunmalarına, müəssisə və təşkilatlarda bağlanan bütün saziş və kollektiv müqavilələrə gənclərlə əlaqədar müvafiq bölmə və öhdəliklər daxil edilməsinə səy göstərir.
Böyük gənclər kütləsini öz sıralarında birləşdirən ali məktəblərin tələbə həmkarlar ittifaqı komitələri də öz fəaliyyətində bu sahəyə xüsusi diqqət yetirir, ilboyu mütəmadi olaraq bu mövzularda tədbirlər keçirir, tələbə-gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün idman, intellektual və digər yarış və müsabiqələr təşkil edirlər.
AHİK-in əsas hədəflərindən biri də gənclərin idman və bədən tərbiyəsi ilə məşğulluğudur. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında 9 idman təşkilatı birləşib. AHİK və üzv qurumlar universiada və spartakiadalar keçirir, idmanın bir neçə növü üzrə çempionatlar təşkil edir. Əsas məqsəd peşəkar idmançı yetişdirməkdən daha çox bədən tərbiyəsində və idmanda kütləviliyi artırmaqdır. Belə ki, idmanla müntəzəm məşğul olan gənc zərərli vərdişlərə, pis əməllərə qurşanmaz.
Azərbaycan həmkarlar ittifaqları ali məktəb tələbələrinin tədrisdə uğurlar qazanmasına, fəal ictimaiyyətçi kimi yetişməsinə nail olmaq üçün 1995-ci ildən “Adlı təqaüd” mükafatı təsis etmişdir. Ölkənin əksər ali məktəblərini əhatə edən bu mükafat ən yaxşılara, əlaçı və ictimaiyyətçi tələbələrə verilir. Ötən müddət ərzində ali təhsil müəssisələrində qış və yay sessiyalarının nəticələrinə görə uğur əldə etmiş 2784 tələbə bu təqaüddən yararlanmışdır. Eləcə də 2022-2023-cü dərs ilinin yay imtahan sessiyasının nəticələrinə görə, əlaçı və həmkarlar ittifaqı fəalı olan daha 65 tələbəyə həmkarlar ittifaqlarının adlı təqaüdü təqdim olundu.
Həmkarlar ittifaqlarının dövlətimizin gənclər siyasətinə dəstəyi bu mükafatın təsisi ilə bitmir. Belə ki, AHİK-də gənclərin həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə “İlin peşəkar gənci” fəxri adı da təsis edilib. Təkcə ötən ilin nəticələrinə görə əməkdə, təhsildə və ictimai fəaliyyətdə nailiyyətlər qazanmış 64 nəfər gənc bu ada layiq görülüb. Ümumilikdə 434 nəfər, “İlin peşəkar gənci” fəxri adı ilə mükafatlandırılmışdır. Bu gənclər müxtəlif beynəlxalq və respublika səviyyəli seminarlarda, treninqlərdə, təlim kurslarında iştirak edərək sertifikatlar əldə etmiş, müxtəlif layihələrin qalibi olmuş, qəzet və jurnallarda elmi məqalələri çap edilmişdir.
Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində həmkarlar ittifaqı təşkilatlarının böyük rolu vardır. Belə ki, 20 ildən çoxdur ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hamiliyə götürdüyü Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alan gənc kursantların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müntəzəm olaraq mədəni-kütləvi tədbirlər, baxış-müsabiqələr və idman yarışları keçirilir. Hər il liseydə istedadlı gənclərin üzə çıxarılması məqsədilə “Azərbaycan əsgəri” bədii qiraət, “Vətənə xidmət edirik” rəsm, “Bir kərə yüksələn bayraq bir daha enməz” və s. mövzularda inşa-yazı müsabiqələrinin, Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsinə həsr olunmuş bölüklərarası hərbiləşdirilmiş idman və şahmat yarışları təşkil olunur, qaliblərə AHİK-in diplomu və qiymətli hədiyyələr verilir. Eləcə də təhsil ilinin yekunlarına görə yüksək nəticələr qazanan və əla qiymətlərlə oxuyan, liseyin ictimai həyatında fəal iştirak edən kursantlar həmkarlar ittifaqının pul mükafatları ilə təltif edilirlər.
Calaləddin HƏMİDOV,
AHİK-in Sağlamlığın mühafizəsi və sosial təminat üzrə şöbənin müdir əvəzi