Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Keyfiyyətli təhsil üçün birlik”,

“Yaxşı dünya üçün yaxşı təhsil”

06.08.2024 23:21
0
A+
A-

İyulun 27-dən - avqustun 2-dək Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Beynəlxalq Təhsil Birliyinin (BTB) X Ümumdünya qurultayı keçirilib. Qurultayda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadənin rəhbəri olduğu nümayəndə heyəti də iştirak edib. Dünyanın 150 ölkəsindən 400 təşkilatdan  1200 nümayəndənin və 500 müşahidəçinin qatıldığı tədbiri giriş sözü ilə BTB-nin prezidenti Susan Hopqud açıb. Onun səsləndirdiyi “keyfiyyətli təhsil üçün birlik”, “yaxşı dünya üçün yaxşı təhsil” şüarı alqışlarla qarşılanıb. Qeyd edib ki, təhsilə qoyulan investisiya demokratiyaya qoyulan kapitaldır. Onun qənaətincə, 2019-cu ildə Banqonkda baş tutmuş qurultayda qəbul edilmiş qətnamələr keyfiyyətli təhsil probleminin həllinə milli və beynəlxalq səviyyədə təsir göstərib.

Qurultayda təşkilati məsələlərə baxıldı.

Seçki və mandat komissiyalarının tərkibi müəyyən olundu. ABŞ-nin Təhsil İşçiləri Həmkarlar İttifaqının nümayəndəsi David Edvards yenidən təşkilatın Baş katibi, Cənubi Afrika Demokratik Müəllimlər Birliyinin sədri Muqena Maluleke isə prezidenti seçildilər.

5 regiondan (Avropa, Asiya, Afrika, Şimali Amerika və Latın Amerikası) yeni tərkibdə vitse-prezidentliyə 5 nəfərin namizədliyi təklif olundu. Təklif səs çoxluğu ilə dəstəkləndi. Birliyin, gender bərabərliyi gözlənilmək şərtilə, 19 nəfərdən ibarət İcraiyyə Komitəsi formalaşdırıldı.

İclasda Birliyin Baş katibi David Edvards təşkilatın qurultaylararası dövrdə gördüyü işlər barədə geniş məruzə ilə çıxış etdi. Məruzə ətrafında çıxışlar dinlənildi.

Beynəlxalq Əmək Təşkilatının Baş katibi Gilbert Houngbo Beynəlxalq Təhsil Birliyinin keçdiyi mübarizə yolundan söz acdı. Onun ziyalı vətəndaş cəmiyyətinin formalaşdırılmasında iştirakını, BƏT-in konvensiyalarının icrası ilə bağlı atdığı addımları yüksək qiymətləndirdi. Bildirdi ki, təmsil etdiyi qurum BTB ilə gələcəkdə də əməkdaşlıq etməkdən məmnun olardı.

Sonra qurultay panel iclaslarda davam etdirildi. Panel iclaslarda Azərbaycan nümayəndə heyəti aktivliyi ilə seçildi.

Argentina Elm, Texnologiya və Produktiv İnnovasiya naziri çıxış etdi, qurultayın işinə uğurlar arzuladı.

Qurultayda Beynəlxalq Təhsil Birliyinin qurucuları olan Albert Şanker və Meri Hatvud Futrell adına mükafatlar təqdim olundu.

Qeyd edək ki, ATİAHİ 2000-ci ildən bu təşkilatın üzvüdür.

 

Səbuhi İMANOV,

ATİAHİ Respublika Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri

ETİKETLƏR:

Foto