Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Uşaqların yay istirahəti

Bu il yay istirahət düşərgəmiz məktəb tətili başladıqdan sonra - iyunun 23-dən avqustun 16-dək fəaliyyət göstərir. 4-cü, yəni sonuncu qəbul avqustun 4-ü başlayıb, 16-sı bitəcək.

06.08.2024 23:24
4
A+
A-

Yay tətilini səmərəli keçirmək, təbiətin qoynunda dincəlmək tək böyüklərin deyil, həm də uşaqların haqqıdır. Uşaqların bu haqlarına sahib olmaları məqsədilə Azərbaycan həmkarlar ittifaqları tərəfindən onlar üçün yay istirahət düşərgəsi yaradılmışdır. Hər il bu düşərgədə çox sayda uşaq istirahət edir.

AHİK-in Maliyyə şöbəsinin müdir müavini Elşən Süleymanov müxbirimizə dedi ki, mövsüm ərzində 4 gediş olur. Hər il düşərgəmizə hədsiz maraq olur, ancaq, təəssüf ki, təşkilatımızın balansında cəmi 1 düşərgə var. O da Hövsan Olimpiya Komitəsində fəaliyyət göstərən “Cırtdan” uşaq  yay istirahət düşərgəsidir. Bu düşərgəyə hər gediş 12 gün təşkil edir. Gedişlər arasında 2 gün fasilə olur. Fasilə müddətində təmizlik və digər hazırlıq işləri görülür. Hər növbədə 200 nəfər olmaqla, cəmi 800 uşaq bu yollayışdan istifadə edə bilir. Uşaqlar yaşa görə qruplara bölünür. Hər qrupa dəstə rəhbəri təyin olunur.

Yollayışların dəyəri 450 manatdır. Ancaq valideynlər 15 faiz ödəməklə 67 manat 50 qəpiyə bu yollayışı əldə edə bilirlər. Qalan digər məbləğ isə Dövlət Sosial Sığorta Vəsaitləri hesabına AHİK tərəfindən maliyyələşdirilir. Onu da qeyd edim ki, şəhid və müharibə iştirakçılarının övladları bu yollayışlarla ödənişsiz təmin edilirlər.

Bu il yay istirahət düşərgəmiz məktəb tətili başladıqdan sonra - iyunun 23-dən avqustun 16-dək fəaliyyət göstərir. 4-cü, yəni sonuncu qəbul avqustun 4-ü başlayıb, 16-sı bitəcək.

E.Süleymanov dedi ki, düşərgə uşaqlar üçün çox maraqlı keçir: əyləncəli tədbirlər, intellektual oyunlar, dəniz turları təşkil edilir. Hər düşərgə mövsümü bitdikdən sonra karnaval keçirilir.

Bundan başqa, istirahətlərinin daha maraqlı və yaddaqalan keçməsi üçün onlar Novxanı aqvaparkına, “Atəşgah məbədi”nə, Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna və sairə bu cür yerlərə aparılırlar: “Düşərgədə idman avadanlıqları, qurğuları, eyni zamanda futbol meydançası və qapalı üzgüçülük hovuzları da var. Onu da deyim ki, üzə bilməyən uşaqlara üzgüçülük təlimləri də keçirilir. Hətta idman yarışları keçirilməsi üçün də orada çox yaxşı şərait yaradılıb”.

Elşən müəllim düşərgənin təşkil olunması üçün Konfederasiya tərəfindən bu il 360 min manat vəsait ayrıldığını dedi: “Ümumiyyətlə, hər il bu düşərgədə dincəlmək üçün müraciət edənlərin sayı hədsiz çox olur. İlk növbədə valideynlər uşaqlarını ürək rahatlığı ilə göndərirlər. Çünki bilirlər ki, orada uşaqlara nəzarət və onların istirahəti yüksək səviyyədə həyata keçiriləcək. Sadəcə, heyif ki, düşərgələrimizin sayı azdır. Əvvəllər həmkarlar ittifaqı təşkilatlarının 50-dən çox düşərgəsi var idi. Hazırda düşərgələrin fəaliyyət göstərməsi üçün lazımi şəraiti olan obyektlər yoxdur. Bu səbəbdən yalnız bir düşərgə fəaliyyət göstərir.

Elşən müəllim müsahibəni ümidverici cümlə ilə bitirdi: “Növbəti illərdə qarşıda duran vəzifələrdən biri də bu uşaq düşərgələrimizin sayını artırmaqdır”.

 

Aliyə Arifqızı

ETİKETLƏR: