İlin peşəkar gənclərinə mükafatlar təqdim olundu
.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində “İlin peşəkar gənci” fəxri adına layiq görülən sahə işçilərinə mükafatların təqdimolunma mərasimi keçirilib. Mərasimdə çıxış edənlər mədəniyyət müəssisələrində çalışanlar sırasında gənc oğlan və qızların say etibarilə üstünlük təşkil etdiklərini söylədilər. Dedilər ki, həmkarlar ittifaqları bu təbəqənin peşəkarlıq baxımından daim inkişafda olması məqsədilə çeşidli, cəlbedici, səmərə verə biləcək layihələr işləyib reallaşdırır. Belə tədbirlərdən biri də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüskarı və müəllifi olduğu “İlin peşəkar gənci” nominasiyasıdır. Biz fəxr edirik ki, xidmətimizdə olan mədəniyyət ocaqlarında işləyən beş nəfər gənc bu nominasiya üzrə adlarını qaliblər sırasına yazdırmağı bacarıb.
Tədbirdə qaliblərə - AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Eybulla Ağadadaşova, F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət Məktəbinin müəllimi Cəfər Həsənova, R.Babayev adına 25 saylı onbirillik Musiqi Məktəbinin müəllimi Gülnar Həsənovaya, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin mütəxəssisi Roma Ağayevə və Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin məşqçi müəllimi Aleksandra Ovçinnikovaya AHİK-in Fəxri Diplomu, döş nişanı və vəsiqələri təqdim olundu. Sahə Hİ Respublika Komitəsi də öz növbəsində bu gənclərin uğurlarını təsis etdiyi xüsusi mükafatlarla dəyərləndirdi.
Fəxri adı qazanmış gənclər həmkarlar ittifaqının onlara göstərdiyi qayğının, diqqətin bir peşəkar işçi kimi formalaşmalarında böyük əhəmiyyət daşıdığını vurğuladılar.