Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


 “Manatlıq” taksilər tarixə qovuşur?

.

18.09.2024 10:45
120
A+
A-

Metronun “20 Yanvar” stansiyası istiqamətində “manatlıq” taksilərin fəaliyyətinin dayandırılması (əsasən də Bakı-Sumqayıt istiqamətində) bu xidmətdən istifadə edən insanların narazılığına səbəb olub. Qeyd edək ki, buna səbəb həmin ərazidə avtobus zolağının salınmasıdır. Nəqliyyatın hərəkətini tənzimləmək məqsədilə atılan bu addım həm sürücüləri, həm də sərnişinləri ciddi narahat edir. Çünki vətəndaşlar bu taksilər vasitəsilə istədikləri məkana vaxtında və rahat şəkildə yetişirlər. Digər tərəfdən də, bu taksilərin sürücüləri də gündəlik qazanc yerini itirmiş olur. Müntəzəm marşrutlardan istifadə də bu problemi həll etmir, çünki yetərli sayda deyil. Mövcud problemin həlli cəmiyyətdə geniş müzakirə olunur. Bəs çıxış yolu nədir? Rəsmi qurumlar hansı addımları atmalıdır?

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bildirdi ki, “20 Yanvar” dairəsində “manatlıq” taksilərin xidmətindən istifadə edənlər əsasən Sumqayıt, Xırdalan və Masazır istiqamətlərində hərəkət edən insanlardır. Onların böyük əksəriyyəti metro ilə gəlib “20 Yanvar”da stansiyadan çıxıb ardınca “manatlıq” taksi ilə Masazır, Xırdalan, Sulutəpə, Sumqayıt və sair istiqamətlərdə hərəkət edirlər. Amma hazırda “20 Yanvar” dairəsinin böyük bir problemi var ki, o dairə artıq komplektli zonaya çevrilib. Bunun da neçə illərdir həlli mexanizmi tapılmır. Artıq son çarə olaraq bu xaotik vəziyyəti avtovağzala köçürtmək lazımdır. Daha dəqiq desək, “Avtovağzal” metrostansiyasının qarşısında “manatlıq” taksi də var, Bakı-Sumqayıt arası işləyən avtobuslar da var. Ən optimal variant odur. Yəni şəhərin şimal qapısında yaranan böyük xaosu yalnız bu yol ilə aradan qaldırmaq mümkündür.

Hazırda insanlar problemi daha da böyüdür. Biz taksiyə də, avtobusa da orada yox, “20 Yanvar”da minməliyik deyə narazılıq edirlər. Artıq uzun zamandır ki, biz bu problemi qabardırıq və sual verirlər ki, “20 Yanvar” dairəsində bu xaos nə vaxt həll olunacaq? Hazırda onu həll etməyə çalışırlar. Lakin vətəndaş yenə narazı qalır. Yaxşı, bəs necə həll yolu tapılmalıdır? “20 Yanvar”dakı sıxlığı aradan qaldırmaq üçün avtovağzalda böyük metrostansiya tikilib. Vətəndaş yenə də metroya minir gəlir “20 Yanvar”a. Bəs səbir edib, bir dayanacaq sonra avtovağzalda çıxsa nə problem yaranar? Yəni yenə həmin avtobuslar, taksilər orada gözləyir. Sadəcə, öyrəşmək məsələsi var.

Düşünürəm ki, qısa müddətdə bu məsələ həll olunacaq. Lakin hələlik “20 Yanvar” dairəsində taksilərin avtobus zolağına daxil olub müştərini mindirib-düşürməsinə şərait yaradılmalıdır. Bu proses birdən-birə deyil, mərhələli şəkildə aparılsa, daha məqsədəuyğun olar.

Yol hərəkəti üzrə ekspert Yasin Mustafayevə görə isə, taksilərin fəaliyyəti barədə aparılan islahatlar onu tələb edir ki, standartlara, tələblərə cavab verməyən sürücülər və nəqliyyat vasitələri artıq fəaliyyət göstərə bilməz. İnsanların indiyə kimi çox şikayəti olurdu. Misal üçün, belə taksilərin bəziləri yolda xarab olur, bəzilərinin təkəri partlayır, bəzilərinin isə sürücüləri kobud olurdu. Bu səbəblərə görə taksilərin fəaliyyəti sahəsində islahatlar həyata keçirilməsinə ehtiyac var idi. Bu islahatların nəticəsində isə bir çox nəqliyyat vasitəsi kənarda qaldı. Eyni zamanda “manatlıq” adlandırdığımız taksilər... Onlar 1 və ya 2 manata oldu fərqi yoxdu, insanları yolüstü götürüb gedirlər. Bunun müəyyən qədər xeyri var idi. Yəni insanlar yolda qalmırdı. Amma digər tərəfdən də mənfi cəhətləri çox idi. Misal üçün, insanlar həmin taksilərə minəndə bilmirdi taksini idarə edənin sürücülük təcrübəsi varmı, narkomandırmı və başqa bir çox məsələlər sual altında idi. Həmçinin sərnişinin telefonu və yaxud çantası qalanda necə tapacaqlarını, hara müraciət edəcəklərini bilmirdilər. Çox ciddi problemlər var idi. Lakin birdən-birə onların kütləvi şəkildə kənarda qalması da düzgün deyil. İnsanlar öyrəşənə kimi bu proseslər yavaş-yavaş həyata keçirilməlidir.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, evə, işə və digər yerlərə rahat getmək istəyən vətəndaşlarımızın tələbini qarşılayan ictimai nəqliyyat olmalıdır. Tələblərə uyğun səliqəli, qanuni və təhlükəsiz ictimai nəqliyyat olmalıdır. Avtobus marşrutları elə qurulmalıdır ki, hər şeyi əhatə etsin. Misal üçün, Pirallahı qəsəbəsindən metronun “Koroğlu” stansiyasının qarşısına gələn çoxlu sayda insan var. Onlar yol boyu heç yerdə dayanmadan “Koroğlu” isiqamətinə və əksinə hərəkət edirlər. Bunu təşkil etmək üçün ekspres marşrut təşkil etmək olar”.

Ekspert vurğuladı ki, sovet dövründə  də oxşar marşrutlar var idi və kiçiktutumlu avtobuslar fəaliyyət göstərirdi:

“10-15 nəfərlik sərnişinləri daşımaq mümkündür. Bunun üçün hərəkət sxemi, növbəlilik və peşəkar sürücülərin olması əsas şərtlərdəndir. Əgər bu ekspres marşrutlar təşkil olunarsa, “manatlıq” taksilərdən istifadə edənlərin bir hissəsi artıq azalacaq. “Manatlıq” taksi sürücülərinin işsiz qalmaması üçün onları sürücü kimi marşrut xətlərinə işə götürmək mümkündür. Həmin şəxslərə müəyyən təlimlər keçməklə ekspres xətlərdəki fəaliyyətini təşkil etmək olar”.

 

Gülöyşə MƏMMƏDLİ  

ETİKETLƏR: