Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Uşaqların sayı azalır, fəsadlar artır

.

18.09.2024 10:49
434
A+
A-

Statistik məlumatlara əsasən, son 7 ildə Azərbaycanda ümumtəhsil müəssisələrində 1-ci sinfə başlayan şagirdlərin sayında kəskin azalma var. 2017-2018-ci tədris ilində 164,523 uşaq birinci sinfə qəbul olunduğu halda, 2024-2025-ci tədris ilində bu rəqəm 132,261 nəfərə qədər azalıb. Bu isə 32,262 nəfərlik fərq deməkdir, yəni 7 il ərzində təxminən 20% azalma baş verib.

İllər keçdikcə fərq daha da böyüyür. Fəsadlar artır. Problemin qarşısının alınması yolları haqqında mütəmadi olaraq müzakirələr getsə də, proses mənfi istiqamətdə davam edir. Nə etməliyik, hansı tədbirlər görməliyik ki, istənilən nəticəni əldə edə bilək?

“İndi uşaqlar doğulan kimi müəllimlər tərəfindən dərhal gözaltı edilir. Belə ki, ibtidai sinif müəllimləri növbəti dəfə siniflərinə uşaq yığmaq üçün küçə-küçə məlumat toplayır, həmin ilə 5 yaşı tamam olacaq uşaqları əvvəlcədən müəyyən edib, valideynləri ilə danışıqlar apararaq öz siyahılarına alırlar”.

Bunu 40 ildir rayonlarımızın birində ibtidai sinif müəlliməsi işləyən Nüşabə Allahverdiyeva dedi. Qeyd etdi ki,  bu il qarşılaşdığım bir hadisəni hələ də unuda bilmirəm. Son illərə kimi heç vaxt belə hala rast gəlməmişdim.

Rəhbərlik tərəfindən deyildi ki, hər sinifdə ən azı 20 şagird olmalıdır və məktəbə də müraciət edən uşaqların sayı azdır, baxın ətrafınızda uşaqlar varsa, sinfinizə şagird toplayın. Yaxınlıqdakı mağazadan alış-veriş edirdim, orda bir tanış görüb “siz tərəfdə 5 yaşlı uşaq varmı?”-deyə soruşdum. Başını aşağı salıb ətrafı təmizləyən xadimənin dodağının altından nə isə pıçıldadığını eşitdim. “Buyurun, nəsə dedinizmi”- deyə soruşdum. Xadimə başını qaldırıb “ay müəllimə, əvvəllər şagird sizi axtarardı, indi siz şagird dalınca gəzirsiniz, deyəsən”,-dedi. Həqiqətən də utandım, təəssüf ki, son illərdə küçə-küçə gəzib şagird axtarmağı da öyrəndik.

VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa qəzetimizə müsahibəsində dedi ki, demoqrafik vəziyyətlə bağlı həyəcan təbili illərdir çalınırdı.

Səbəblərdən ilkini iqtisadi faktorla əlaqələndirirəm: “Ailələrin maliyyə imkanları bir neçə uşağa baxmaq üçün kifayət etmir. Yaşam xərclərinin artması, mənzil, təhsil və sağlamlıq xidmətlərinin baha olması ailələri az uşaq sahibi olmağa sövq edir. Hesab edirəm ki, ipoteka şərtləri yüngülləşdirilməlidir, ailə institutu möhkəmləndirilməlidir”.

F.Mustafa əlavə etdi ki, gənc nəsil arasında karyeraya yönəlmə və qadınların işgüzar həyatda daha çox iştirak etməsi nəticəsində ailə quran cütlüklər uşaq sahibi olmaq planlarını təxirə salır və ya məhdudlaşdırır.

Əvvəllər daha çox uşaq sahibi olmaq sosial norma sayılırdısa, bu gün fərdi komfort və sosial status ön planda olur.

Bundan əlavə, rayonlardan şəhərlərə və ya xarici ölkələrə miqrasiya edən gənc ailələr daha yaxşı iş imkanları və sosial xidmətlər üçün kənd yerlərini tərk edir. Bu da rayonlarda əhali və uşaqların sayının azalmasına səbəb olur. Burada iş imkanlarının azlığı, yaşayış səviyyəsinin aşağı olması səbəbindən ailələr çox uşaq sahibi olmaq istəmirlər.

Bəs bizi nələr gözləyir? Sualımızı cavablandıran təhsil üzrə mütəxəssis Kamran Əsədov qeyd etdi ki, əgər orta illik azalma nisbətini (təxminən 4,5%) nəzərə alsaq, bu o deməkdir ki, təxminən 10 ildən sonra birinci sinfə qəbul olan uşaqların sayı 100,000 nəfərdən aşağı düşə bilər. “Uşaqların sayının azalması gələcəkdə ölkənin əmək bazarında gənc işçi qüvvəsinin çatışmazlığına səbəb ola bilər. Bu, iqtisadiyyatın inkişafında problemlər yarada və bəzi sahələrdə işçi qüvvəsinə tələbin ödənilməməsi ilə nəticələnə bilər.

Mövcud məktəb və təhsil infrastrukturunun uşaqların sayının azalması nəticəsində boş qalması ehtimalı var. Uşaqların sayının azalması ölkədə əhalinin ümumi yaşlanmasına gətirib çıxaracaq, bu da sosial təminat sistemlərinə və səhiyyə sektoruna ciddi təzyiqlər yarada bilər”.

Əhalinin azalması iqtisadi inkişaf dinamikasını zəiflədə bilər. Gənc əhali sayının azalması gələcəkdə ölkənin innovasiya potensialını da azaldar.

Problemin qarşısının alınması yolları haqqında danışan müsahiblərimin hər ikisi qeyd etdilər ki, ilk növbədə rayonlarda iş imkanlarının səviyyəsi artırılmalıdır. Dövlət və özəl sektor tərəfindən kənd yerlərində yeni iş yerlərinin yaradılması gənc ailələrin rayonlarda qalmasını təşviq edə bilər.

K.Əsədov dedi ki, eyni zamanda rayonlarda təhsil və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi həm doğuşun sayının çoxalmasına, həm də gənc ailələrin kənd yerlərində məskunlaşmasına müsbət təsir göstərər, həvəsləndirə bilər.

Fazil Mustafa isə  vurğuladı ki, gənclərin kənd yerlərində qalıb işləmələri üçün müxtəlif dövlət dəstək proqramları və güzəştlər tətbiq etmək, onlara təhsil və iş imkanları yaratmaq lazımdır: “Miqrasiya səviyyəsini azaltmaq üçün şəhərlərlə kəndlər arasında iqtisadi və sosial fərqləri aradan qaldırmaq, regionlarda infrastruktur layihələrinə üstünlük vermək vacibdir.

Bu kimi tədbirlər uşaq sayının azalmasının qarşısını almaqda effektiv ola bilər”.

 

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto