Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Onları cəmiyyətdən izolyasiya etmək əvəzinə, cəmiyyətə inteqrasiya etməliyik”

.

02.10.2024 11:44
9
A+
A-

Bu gün ölkədə ən həssas təbəqələrdən biri əlilliyi olan şəxslərdir, xüsusən də Vətən müharibəsindən sonra bu təbəqənin sayı xeyli artıb. Ancaq onların cəmiyyətə inteqrasiyası məsələsi hər zaman olduğu kimi, bu gün də tam həllini tapmayan problemlər sırasında qalmaqdadır. Onların ən böyük problemləri işsizlikdir. Qanunvericiliyə görə, əlillərin işlə təmin olunması müəyyən kvota ilə müəyyənləşir. İşçi sayından asılı olaraq, əlilliyi olan şəxslər müəssisə kollektivinin 4-5 faizini təşkil etməlidirlər. Yəni əgər müəssisədə işçilərin sayı 100 nəfərdirsə, onların 5 faizi həmin kateqoriyaya aid şəxslər olmalıdır. Dövlət müəssisələrində isə hər 50 işçidən biri, ümumiyyətlə götürdükdə isə, 25 iş yerindən biri mütləq əlilliyi olan şəxslər üçün nəzərdə tutulmalıdır.

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, hazırda ölkədə 503 min 608 nəfər əlilliyi olan şəxs var. Məlum olduğu kimi, dövlət hər ay bu kateqoriyadan olan  şəxslərə pensiya və sosial müavinətlər verir. Hazırkı bazar qiymətləri və yaşayış üçün lazım olan ümumi ehtiyacları nəzərə alsaq, əlilliyi olan şəxslərin həyat səviyyəsi necədir? Yuxarıda da qeyd etdiyimiz kimi, bu gün onlar qanunvericiliyə əsasən rahat şəkildə işlə təmin oluna bilirlərmi?

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Sahib Məmmədov dedi ki, əlilliyi olan insanlara diqqət, qayğı göstərmək hər birimizin borcudur: “Bu gün ən ciddi problemlərin olduğu sahələrdən biri də buradır. Çünki əlilliklə bağlı meyarların müəyyən olunması məsələlərində ciddi problemlər yaşanır. Hazırda əlilliyi olan şəxslərin qiymətləndirmə meyarlarında da problemlər var. Ümumiyyətlə, dünya təcrübəsində “birinci, ikinci qrup əlil” deyilən ifadə yoxdur. Xarici ölkələrdə əlilliyin qiymətləndirilməsində başqa meyarlar tətbiq olunur. Düşünürəm ki, bu sahədə görüləsi işlər çoxdur. İlk növbədə əlilliyin və əlillik üçün verilən pensiyaların məbləğinin müəyyən olunması qaydalarına yenidən baxılmalıdır. Yəni bu nə deməkdir? Məlumdur ki, hər müəssisədə müəyyən faiz kvota ayrılır. Artıq orada neçə nəfər əlilliyi olanlar işləyir,  neçə nəfər işləmir, bu, ayrı mövzudur. Mənim isə əsas toxunmaq istədiyim bir məsələ var. Bilirsiniz ki, əlillik üçün pensiya dərəcələrə görə verilir. Dərəcələr üzrə məbləğ isə müxtəlifdir. Onu da qeyd edim ki, iki cür əllilik var: iş qabiliyyətini qismən itirənlər, iş qabiliyyətini tam itirənlər. Məlumdur ki, iş qabiliyyətini tam itirən şəxslər işləyə bilmir. Onlar buna görə əlillik pensiyası alırlar. Ancaq iş qabiliyyətini qismən itirənlər isə müəssisədə onlar üçün ayrılmış kvota üzrə işləyə bilirlər. Və həmin şəxslər əməkhaqqı ilə birlikdə əlillik dərəcəsi üzrə müvafiq pensiya ilə də təmin olunurlar. İşlədiyi üçün də gələcəkdə təqaüdə çıxdığı zaman əmək pensiyasını, yoxsa əlillik üzrə aldığı pensiyanı seçmək hüququ da olur. Düşünürəm, yaxşı olar ki, əmək qabiliyyətini tam itirən şəxslərin pensiyaları ilə işləmə qabiliyyəti olan və işləyən şəxslərin pensiyaları arasında fərq olsun. Bu gün bazar qiyməti, kommunal ödənişlər, üstəlik də, əlavə ödənişləri nəzərə alsaq, işləməyən, əlavə gəliri olmayan bir şəxsin yalnız həmin pensiya ilə dolanmağı, təbii ki, çox çətindir. Ona görə də işləməyən şəxslərin pensiyaları yüksək olarsa, yaşam tələbatlarını ödəmək onlar üçün daha rahat olar.

Bundan başqa, bir məsələni də qeyd etmək istəyirəm. Bütün dünyada əlilliyi olan şəxslərlə bağlı aktiv dəstək siyasəti həyata keçirilir. Belə ki, istər psixi problemi olanlar, istərsə də fiziki məhdudiyyətlilər işlə təmin olunurlar. Düzdür, onların sərf etdikləri əmək, fiziki baxımdan sağlam insanlarınkı qədər olmasa da, ancaq arada qalan fərqi dövlətin yaratdığı fondlar ödəyir. Məsələn, işəgötürənə deyilir ki, əlilliyi olan şəxsə işi tam başa çatdırmadığı təqdirdə də maaşı tam versin. Arada qalan itkini müəssisəyə fond ödəyir. Beləliklə, əlilliyi olan şəxs ayrı-seçkiliyə məruz qalmır. Sağlam insanlarla bərabər əməkhaqqı alır. Eyni zamanda o, cəmiyyətə vacib bir insana çevrilir. Həmçinin çəkilən belə xərc passiv həyata çəkilən xərcdən az olur. Yəni əlilliyi olan şəxsin evdə oturub müavinət alması özünü doğrultmayan yanaşmadır. Onlara müəyyən məbləğdə pensiya və ya sosial müavinət verib fəal həyatdan təcrid etmək olmaz. Sadəcə olaraq, həmin insanları cəmiyyətə qazandırmaq lazımdır”.

Sosioloq Əhməd Qəşəmoğlu dedi ki, biz Konstitusiyadan çıxış edərək elə bir yanaşma ortaya qoymalıyıq ki, hər bir əlilliyi olan şəxs minimum yaşayış normaları çərçivəsində təmin olunsun: “İlk növbədə onu deyim ki, əllillik deyiləndə ilk ağıla istehsalat qəzası və ya hər hansı bir qəza səbəbindən baş verən bədbəxt hadisə nəticəsində yaranmış vəziyyət gəlir. Ancaq bu, təkcə belə deyil. Onu deyim ki, əhalinin yaşlanması ilə əlilliyin yayılması artır. Əlilliyi olan yetkinlərin əksəriyyəti 50 yaşlarının ortalarında, xərçəng, ürək-damar və dayaq-hərəkət sistemi xəstəlikləri ilə mübarizə aparırlar.Yaşlı əhali arasında psixi sağlamlıq problemləri ilə əlaqəli əlillik də artmaqdadır.

O ki qaldı işlə təmin olunma məsələsinə, bir sıra ölkədə əlillərin cəmiyyətdən təcrid olunmaması və onların da hansısa işlərdə fayda verməsi üçün xüsusi iş yerləri yaradılır. Məsələn, Qazaxıstanda hər binanın qarşısında balaca dükanlar qoyulur ki, burada ancaq eşitmə və danışma qabiliyyəti itmiş şəxslər ayaqqabı təmiri ilə məşğul ola bilsinlər. Yəni dövlət onların qayğısına qalır. Əslində bizdə də vaxtilə bu sistem tətbiq olunub. Belə ki, Sovet hakimiyyəti dövründə bizdə gözdən əlillər və eşitmə qabiliyyətini itirənlərin ayrıca sexləri, maşınyuma obyektləri var idi və ya onlar müəyyən məhsul istehsalında iştirak edirdilər, qablaşdırma işləri, cihazların düzəldilməsi, təmiri ilə məşğul olurdular. Ancaq, təəssüf ki, indi o praktikadan imtina edilib.

Mən bir nüansa da toxunmaq istəyirəm. Bu gün əllilliyi olan şəxslərdən məşğulluqla bağlı ən çox əziyyət çəkənlər rayon və kənd yerlərində olanlardır. Bəzən kənddə yaşayan biri üçün rayon mərkəzində iş olur. Ancaq o, mövcud vəziyyəti ilə əlaqəli hər gün rayon mərkəzinə gedə bilmir. Və yaxud da ixtisasına uyğun iş olmur. Ona görə də düşünürəm ki, bu məsələlərə də yenidən baxılmalıdır.

Ümumiyyətlə, istər özəl sektorda, istərsə də dövlət sektorunda əlillər normal insanlarla eyni iş yerlərində işləmək hüququna malik olmalıdırlar.  Biz onları cəmiyyətdən izolyasiya etmək əvəzinə, cəmiyyətə inteqrasiya etməli, onları cəmiyyətlə qaynayıb-qarışmağa təşviq etməliyik”.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR:

Foto