Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Elektrik avtomobillərinin idxalını stimullaşdıran vergi güzəştləri

.

09.10.2024 12:29
61
A+
A-

Milli Məclisin oktyabrın 8-də keçirilən plenar iclasında elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularının idxalı və satışı daha 2 il müddətində ƏDV-dən azad olunması qərara alınıb. Bununla bağlı Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliklər birinci oxunuşda qəbul edilib. 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklərə əsasən, 2027-ci il yanvarın 1-dək enerji doldurucularının idxalı və satışı əlavə dəyər vergisindən azad olunacaq.

Yeni dəyişikliyin başlıca məqsədi ölkəmizdə ənənəvi avtomobil parkını tədricən elektroavtomobillərlə əvəz etmək, onların sayını sürətlə artırmaq, avtomobil idxalı ilə məşğul olan sahibkarları bu sahəyə motivasiya etməkdir.

Ölkəmizdə ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi məqsədilə vergi-gömrük tətillərinin də artırılması istisna olunmur. Belə ki, iqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl texnologiyalar”dan istifadənin genişləndirilməsi məqsədilə ekoloji və “yaşıl vergilər”in tətbiq dairəsinin müəyyən edilməsi istiqamətində işlər aparılır ki, onlardan biri də avtomobil parkının yaşıllaşdırılması, yəni elektriklə işləyən avtomobillərin sayının kəskin artırılması üçün idxal vergisinin minimallaşdırılmasıdır.

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 7.3.3.2-ci yarımbəndi ilə ekoloji cəhətdən təmiz elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə müvafiq normativ-hüquqi bazanın formalaşdırılması nəzərdə tutulur. Bununla yanaşı, dövlət başçısının 2021-ci il 2 fevral tarixli sərəncamına uyğun olaraq “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” növbəti onillikdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri kimi təsdiq edilib.

Müəyyən edilmiş tələblərə əsasən, bu istiqamətdə vergi qanunvericiliyində də bir sıra güzəştlər tətbiq edilib. Belə ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2019-cu ilin 1 yanvar tarixindən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə dəyər vergisindən azad olunub. Həmçinin dövlət başçısının 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən 5-ci - təmiz ətraf mühit və “yaşıl artım ölkəsi”nə keçidin təmin edilməsidir. Milli Prioritetə uyğun olaraq Vergi Məcəlləsinə müvafiq dəyişikliklər aparılıb və  2022-ci ilin 1 yanvar tarixindən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da əlavə dəyər vergisindən azad edilib. Həmçinin elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad olunub.

Həmçinin gömrük qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən elektrik mühərrikli minik avtomobillərinə tətbiq edilən 15% idxal gömrük rüsumu 0%-ə endirilib. Eləcə də Nazirlər Kabinetinin (NK) qərarına əsasən, elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucuları üzrə idxal rüsum dərəcəsi də 5%-dən 0%-ə endirilib.

Bütün bu stimulların sayəsində elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı artıb, habelə hibrid avtomobillərin avtomobil bazarında xüsusi çəkisi 4 dəfəyə yaxın yüksəlib.

Həmin istiqamətdə ən mühüm addımlardan biri də avtonəqliyyat vasitələrinin “Avro-5” və daha yüksək ekoloji standartlara keçidinin təmin olunmasıdır ki, bir neçə ay əvvəl Nazirlər Kabineti qərar qəbul edərək şəhər nəqliyyatında, ələlxüsus da taksi minik avtomobillərinin “Avro-5” ekoloji standartlara uyğunlaşdırılması tələblərini müəyyənləşdirib. NK-nın “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” sənədinə əsasən, yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılacaq. Həmçinin iyulun 1-dən etibarən dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” qanunla müəyyən edilən buraxılış kartı verilməyəcək. Qeyd edək ki, “Avro-5” standartlı yanacağın istifadəsi avtomobilin işlənmiş qazının tüstüsünü azaldır və ətraf mühitə karbon emissiyasını azaldır.

Ssenariyə əsasən, ölkəmizin vergi siyasətində “yaşıl enerji”nin dəstəklənməsi prosesi davam etdiriləcək və çərçivəyə uyğun olaraq ölkədə avtomobil sənayesi parkının tamamilə “yaşıllaşdırılması” hədəflənib. Ələlxüsus da bu istiqamətdə təşəbbüskarlıq və stimullaşdırıcı tədbirlər COP29 ilində daha da intensivləşib. Hökumət COP-la bağlı üzərinə götürdüyü öhdəliklərə və qlobal iqlim çağırışlarından irəli gələn tələblərə uyğun olaraq ətraf mühitə buraxılan karbon emissiyasının azaldılması istiqamətində iradəli addımlar atmaqdadır. Karbon emissiyasının azaldılması tədbirləri çərçivəsində hədəf prioritetlərdən biri ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsidir. Bununla bağlı hazırlanmış Yol xəritəsinə əsasən, ölkəmizdə avtomobil parkının təmiz enerjiyə keçidinin təmin olunması, yəni “yaşıllaşdırılması” nəzərdə tutulub. Bu strategiyaya əsasən, ölkəyə elektriklə işləyən avtomobil idxalını təşviq etmək, idxalda vergi-gömrük güzəştlərinin əhatəsini artırmaq, həmçinin ölkənin özündə elektromobillərin istehsalını stimullaşdırmaq nəzərdə tutulur.

 

Elbrus CƏFƏROV

 

ETİKETLƏR: