Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İxtisar zamanı hansı işçilərə üstünlük verilir?

Məmməd SALEHOV, Daşkəsən rayonu.

09.10.2024 13:14
37
A+
A-

İxtisar zamanı hansı işçilərə üstünlük verilir?

 

Məmməd SALEHOV,

Daşkəsən rayonu.

 

- Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığının səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Lakin işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər də qanunvericiliklə müəyyənləşdirilmişdir.

Belə ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda, aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:

şəhid ailəsinin üzvlərinə;

müharibə iştirakçılarına;

əsgər və zabitlərin arvadına (ərinə);

öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;

həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə;

məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;

kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

 

Müddətli əmək müqaviləsi hansı işlər zamanı bağlanılır?

Valeh ƏLİZADƏ,

Şəki şəhəri.

 

İşçilərlə bağlanan əmək müqaviləsi müddətli və müddətsiz olur. Əmək müqaviləsi əsasən müddətsiz bağlanılır. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər:

a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda;

b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümi işlərin yerinə yetirilməsi zamanı;

c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;

ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;

d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı, təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;

e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;

ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla, seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;

f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;

ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Qeyd etdiyimiz bu hallar Əmək Məcəlləsinin 47-ci maddəsində ehtiva olunmuşdur.

 

İntizam tənbehi nə vaxt götürülə bilər?

 

Bəxtiyar VƏLİYEV,

Gəncə şəhəri.

- Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin əmək müqaviləsi ilə əsas vəzifələrindən biridir.

İşçi bu vəzifələrini yerinə yetirmədikdə, öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulduğu hallarda isə digər məsuliyyətə cəlb edilir.

İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi qaydası Əmək Məcəlləsinin 190-cı maddəsi ilə müəyyən edilmişdir.

İntizam tənbehi verilən gündən   altı ay müddətində qüvvədə olur.

İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa, işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.

İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə, qanunvericilikdə nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.

ETİKETLƏR: