Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Postpandemiya dövründə sosial-iqtisadi  vəziyyətin bərpasının prioritet vəzifələri

Tədbir onlayn zoom platforması vasitəsilə baş tutdu.

27.02.2021 15:23
33
A+
A-

Fevral ayının 25-26-da Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə Pan Avropa Regional Şurasının (PARŞ) növbəti məktəbi keçirildi. Tədbir onlayn zoom platforması vasitəsilə baş tutdu. Tədbirdə müxtəlif ölkələrdən 90-na yaxın həmkarlar ittifaqı təşkilatının nümayəndələri iştirak etdi.

Tədbiri PARŞ-ın prezidenti İrakli Petriaşvili açdı. O, postpandemiya dövründə sosial-iqtisadi vəziyyətin bərpasının prioritet vəzifə olduğunu vurğuladı. Həmçinin vaksinasiya ilə bağlı problemlərə diqqət çəkdi. Bildirdi ki, bəzi ölkələrdə əhali arasında vaksinin əks təsirləri ilə bağlı fikirlər mövcuddur. Bu da öz növbəsində sosial-iqtisadi problemlərin uzadılmasına gətirib çıxardır. İndiki durumda həmkarlar ittifaqı təşkilatları bu problemləri aradan qaldırmaq və postpandemiya dövründə sosial sahəni inkişaf etdirmək üçün birgə səy göstərməli və təcrübələrini bölüşməlidir.

Tədbirdə çıxış edən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Kommunikasiya və Kampaniyalar Departamentinin direktoru Tim Nunan bildirdi ki, rəsmi məlumata görə, Avropada 15 milyondan çox adam infeksiyaya yoluxub, lakin real rəqəmlər 4 dəfə çoxdur. Əsas səbəb isə odur ki, virus bir çox hallarda simptomsuz keçir.

Təxminən 100 milyona yaxın insan işsiz qalıb. Tim Nunan daha sonra qeyd etdi ki, ölənlərin statistikasında müsbət tendensiya var, yəni 2 faiz azalma müşahidə olunur, bəzi hallarda kollektiv immunitet yaranmağa başlayır. Buna baxmayaraq, hələ də virus haqda məlumat azdır. Ekspertlər deyir ki, virus hava damcısı vasitəsilə keçir. Bu da iş yerlərində daim havalanma, maska taxmaq, sanitar- gigiyenik tədbirlərin tətbiqini ortaya qoyur. Hazırda virusun yeni 3 ştampı əmələ gəlib ki, onun da sürətlə yayılma ehtimalı böyükdür. Eyni zamanda biz vaksinlərin paylanması məsələsinə fikir verməliyik. Çünki bəzi ölkələr əhalisinin sayından daha artıq vaksin alır, elə ölkələr də var ki, vaksin əldə edə bilmir. Ümid edirəm ki, mövcud vaksinlər virusun və yeni ştampların qarşısını ala biləcək. Bu vaksinasiya prosesində həmkarlar ittifaqları təşkilatları da fəal iştirak etməlidir. Bəzi hökumət nümayəndələri bu pandemiyadan yararlanır, işçilərin hüquqları pozulur, o səbəbdən həmkarlar ittifaqı təşkilatları aktiv fəaliyyət göstərməlidir. Əgər kimsə virusa yoluxursa, o zaman evdə qalmalıdır, həmçinin maaşı da saxlanılmalıdır, bir sözlə, sosial dəstək almalıdır. Bu istiqamətdə hələ də işlər görülməlidir.

Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov çıxışında yanvar ayının ortasından başlayaraq yoluxanların sayının azaldığı faktını təsdiqlədi. Qeyd etdi ki, ümumi yoluxanların sayı 4 milyona yaxındır. Həmkarlar ittifaqları səhiyyə müəssisələri ilə  əlaqə qurub tibbi briqadaların müəssisələrə göndərilməsini təşkil etməklə vaksinasiyanın coğrafiyasını genişləndirmiş olurlar. Hazırda Rusiyada 3 adda vaksin istehsal olunur. “Sputnik V” vaksinini bir çox xarici ölkə də alıb. Alıcı ölkələrin 90 faizi vaksinin səmərəli olduğunu bildirir. M.Şmakov həmçinin, bildirdi ki, həmkarlar ittifaqı təşkilatları vaksinasiya ilə bağlı təlimatlar təşkil edir. İndi Rusiyda 65 yaşdan yuxarı insanlar və səhiyyə işçiləri vaksinasiya olunur.

Sonra Pan Avropa Regional Şurasının və Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luka Visentini çıxış etdi. O qeyd etdi ki, BHİK vaksinlərin ölkələr arasında bərabər paylanması, vaksinin pulsuz və hər kəs üçün əlçatan olması üçün kampaniyalar keçirir. Biz çalışırıq ki, Aİ daha çox təsirə məruz qalan Balkan bölgəsinə dəstək olsun. Əsas diqqət yenə də xidmət sahəsinə yönəlməlidir. İşçillərin ixtisar olunmasına, maaşların azalmasına, iş saatlarının artırılmasına qarşı birgə müqavimət göstərməliyik. İndiki vəziyətdə səhiyyə sistemi daha da inkişaf etdirilməlidir. Eyni zamanda diqqət miqrant işçilərə və fərdi əməklə məşğul olanlara ayrılmalıdır. Bərpa planına gəldikdə isə, əsas addımlardan biri kimi, sosial təminat gücləndirilməlidir. Keçid dövründə bütün bərpa planlarında həmkarlar ittifaqı təşkilatları fəal iştirak etməlidir. Bərpa dövründə ayrılan qrantların hökumət tərəfindən necə istifadə edilməsi prosesi sosial dialoq vasitəsilə aparılmalıdır. Vaksinlər hər kəsə pulsuz paylanmalıdır. Bu cəhətdən BHİK həmişə dəstək verməyə hazırdır.

Tədbirdə Avropa Həmkarlar İttifaqları Konfederasiyasının katibi Lina Kar çıxış etdi. 2021-2027-ci illəri əhatə edən Çoxillik Maliyyə Çərçivəsi (MFF) haqda məlumat verdi. Bildirdi ki, Aİ-nin uzunmüddətli büdcəsi iqtisadiyyatın bərpasının dəstəklənməsində və Aİ fondlarının ənənəvi benefisiarlarının öz işlərini bütün çətin vaxtlarda davam etdirməsi üçün kifayət qədər vəsait əldə etməsini təmin etməkdə əsas rol oynayacaqdır.

Beynəlxalq Həmkarlar İttifaqları Konederasiyasının Baş katibi Şaran Barrou çıxışına ümidverici notlarla başladı. Dedi ki, pandemiya səbəbindən ortaya çıxmış bəzi mənfi tendensiyaları nəzərə almasaq, 2020-ci ildə işçilərin hüquqlarının qorunması sahəsində az iş görülməyib.

Əslində pandemiya əvvəllər də mövcud olan problemləri daha açıq şəkildə üzə çıxardı. Hazırda iqtisadiyyatın bir çox sahələrində geriləmə var, bu da işçilərin durumuna mənfi təsir göstərir. Yüz minlərlə işçi ixtisara salınıb, gəlirlər aşağı düşüb. Statistikaya görə, 290 milyon işçi öz işini itirib. Böyük 20-lik ölkələrində aparılan sorğuya əsasən, Avropa İttifaqında 27 faiz işçi iş yerindən məhrum olub, 42 faiz isə qısa iş rejiminə keçirilib. Biz milli və beynəlxalq səviyyədə iş yerləri, hüquqi və sosial təminat, bərabərlik, yəni gender, irqi və maaşların bərabər verilməsi ilə bağlı tələblərimizi bildirməliyik. Pandemiya göstərdi ki, səhiyyə, təhsil və xidmət sahələrinə az investisiya qoyulub. Həmçinin Şaran Barrou bildirdi ki, əmək bazarında qadınların sayı artırılmalıdır. Qadınlar üçün bütün sahələrə yol açılmalıdır. Pandemiya zamanı ən çox işləyən qadınlar təsirə məruz qalıblar, onların hüquqlarını qorumaq üçün fəal birgə iş görməliyik. Dünya üzrə 18 faiz işçi distant çalışır. Bu yaxınlarda İspaniya distan işçilərin sosial təminatı ilə bağlı mexanizmlər hazırlayıb. Eyni zamanda biz bir çox ölkədə həmkarlar ittifaqı təşkilatlarına hücumları müşayiət edirik. Sudanda, Kolumbiyada uşaq əməyinə son qoyulmalıdır. Hindistan və İndoneziyada hökumət böyük investorların xeyrinə qərarlar qəbul edir, bununla da işçilərin hüquqları pozulur. Beləliklə, pandemiya dövründə demokratiyanın səviyyəsinin xeyli aşağı düşdüyünü görürük, bunun üçün biz fəal işlər görməli olacağıq.

Daha sonra Beynəlxalq Həmkarlar İttifaqları Konederasiyasının Baş katibinin müavini Oven Tüdor çıxış etdi. O bildirdi ki, hər dəqiqə 5 nəfər iş yerlərində həlak olur. Həmkarlar ittifaqı təşkilatları olan iş yerlərində bu cür bədbəxt hadisələrin qarşısı alınır. Buna görə də sosial dialoq inkişaf edilməlidir. Əməyin mühafiəsi deyəndə öncə işçilərin problemlərini anlamaq lazımdır. Əməyin mühafizəsi  fundamental hüquq olmalıdır. Oven Tüdor sonra peşə sağlamlığı və təhlükəsizliyinin qlobal idarəçiliyinə yeni yanaşmaya dair Beynəlxalq Həmkarlar İttifaqları Konederasiyasının kampaniyası haqda məlumat verdi. Qeyd etdi ki, COVID-19 pandemiyası ilə mübarizədə peşə sağlamlığı və təhlükəsizliyi çox vacib amildir. O, COVID-19 pandemiyası, iş yeri səviyyəsində peşə sağlamlığı və təhlükəsizliyi tədbirlərinin qeyri- adekvatlığını və xüsusilə mövcud çatışmazlıqları, mövcud pandemiyanı və gələcəkdə baş verə biləcək fövqəladə halları aradan qaldırmaq üçün təcili olaraq bir sıra qlobal idarəetmə nöqsanlarını vurğulamışdır. İşçilərin sağlamlığı və təhlükəsizliyi dünya ictimaiyyəti tərəfindən kifayət qədər ciddi qarşılanmayıb. Bu da pandemiyanın ağır yükünü daşıyan qadın işçilərin peşə səviyyəsinin artması, uşaq qayğısına qalmaq üçün qeyri-bərabər məsuliyyətləri və məişət zorakılığının yaratdığı təhlükə baxımından üzləşdikləri spesifik problemlərin həllinə ehtiyac olduğunu bir daha təkrar etdi. İqtisadi gücü ən az olanlar pandemiya ilə mübarizədə ən çox dəstəyə ehtiyac duyacaqlar. Bu kampaniya aşağıdakıları önə çəkir:

* Peşə sağlamlığı və təhlükəsizliyi işçilər üçün əsas hüquq kimi tanınmalı

* Pandemiyanın qarşısının alınması və qorunması barədə işçilərə məsləhət verilməli

* həmkarlar ittifaqları iş dünyasında pandemiya ilə mübarizənin mərkəzində olmalı

* Nəzarət iyerarxiyası və risk qiymətləndirmələri iş yerindəki sağlamlıq tədbirlərinə tətbiq edilməli

* Nəzarət mexanizmlərinin iyerarxiyası olmalı

* İstehsalat xəsarəti və peşə xəstəliyi ilə bağlı hesabat, xəbərdarlıq prosesinin və müavinətin vacibliyi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov gündəlikdə duran məsələlərə münasibətini bildirərkən ölkəmizdə mövcud olan iqtisadi və sosial duruma diqqət çəkdi. Dedi ki, Azərbaycan dövləti, digər ölkələrdən fərqli olaraq, daha kritik şəraitdə fəaliyyət göstərir.

Pandemiyanın dünya iqtisadiyyatını sarsıtdığı bir vaxtda dövlətimiz Ermənistan tərəfindən irimiqyaslı Vətən müharibəsinə cəlb edildi. Əhalinin pandemiyadan əziyyət çəkən təbəqəsinə minlərlə qazi və şəhid ailəsinin qayğıları əlavə olundu. Bütün bunlara baxmayaraq, dövlətimiz yeritdiyi düzgün, uğurlu iqtisadi, sosial siyasət nəticəsində kritik vəziyyətdə belə üzləşdiyi problemləri aradan qaldırmağı bacardı. Pandemiyaya yoluxma və ölüm halları minimuma endirildi. Vətən müharibəsinin ağır nəticələri artıq sürətlə aradan qaldırılmaqdadır. Orta və ali məktəblərdə əyani təhsilin tətbiqinə başlanılıb. Sənaye, ticarət, iaşə müəssisələri fəaliyyətini bərpa və inkişaf etdirmək yoluna qədəm qoyur. Nə dövlət strukturları, nə də həmkarlar ittifaqları hətta pandemiyanın ən qatı vaxtlarında belə işçilərin əmək, sosial hüquqlarına, sağlamlıqlarına diqqəti qismən də olsa azaltmadı. AHİK pandemiyanın ilk günlərindən ölkə üzrə ən çox ziyan çəkmiş ailələrə tonlarla ərzaq yardımı göstərdi. İmkansız ittifaq üzvlərinə maddi köməklik etdi.

Aqil müəllim bildirdi ki, hazırda həmkarlar ittifaqları ölkə əhalisinin vaksinasiyası prosesində fəal iştirak edir.

Tədbirdə AHİK-in Beynəlxalq əlaqələr şöbəsinin müdir  müavini Anar Mehbalıyev iştirak edib.

ETİKETLƏR: