Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik”

Aprelin 13-də Azərbaycan Respublikasının     Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edib.

15.04.2021 10:25
30
A+
A-

Aprelin 13-də Azərbaycan Respublikasının     Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edib.

AZƏRTAC xəbər verir ki, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransı ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev açıb.

Dövlətimizin başçısı konfransda çıxış edib.

Tədbir müzakirələr, şərhlər və sual-cavabla davam edib.

 

Prezident İlham Əliyev öncə ADA Universiteti və onun rektoru Hafiz Paşayevə belə bir tədbirin təşkilinə görə təşəkkürünü bildirib: “Şadam ki, nisbətən qısa bir zamanda ADA Universiteti Azərbaycanın aparıcı universitetlərindən birinə çevrilib və geniş beynəlxalq əlaqələrə malikdir. Həmçinin mən tədbir iştirakçılarına da minnətdarlığımı bildirirəm. Təsəvvür edə bilərsiniz ki, müharibədən sonrakı vəziyyət olduqca həssasdır. Atəşkəsə əməl olunsa da, münaqişədən sonrakı inkişafla bağlı çoxsaylı suallar var və bu konfransın mövzusu da münaqişədən sonra inkişaf və əməkdaşlıqdır”.

Prezident deyib ki, münaqişədən sonrakı inkişaf mövzusuna toxunmazdan əvvəl başa düşülməlidir ki, bizim torpaqlarımız 30 ilə yaxın işğal altında olub. Biz ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini bir kənara qoya bilmərik. Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir. Bu yaddaş qəlblərimizdə yaşayacaq. Eyni zamanda, biz gələcəyə baxmalıyıq. İşğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası bizim ən pis gözləntimizdən də qorxuncdur. Bizim şəhər və kəndlərimizdə ermənilər tərəfindən nələrin törədildiyi haqqında təsəvvürümüz var idi. Vaxtaşırı videomateriallar təqdim olunurdu, o torpaqlara səfər edə bilən xarici nümayəndələr tərəfindən məlumatlar verilirdi. Yeri gəlmişkən, bəlkə bilirsiniz ki, o vaxtkı Dağlıq Qarabağa qanunsuz səfər edən əcnəbilər, sizin səfər etdiyiniz ərazilərə gəlmək hüququndan məhrum idi. Onlar keçmiş Dağlıq Qarabağ inzibati vilayətinin ətrafında yerləşən Ağdam, Füzuli və digər rayonlara səfər etmək hüququndan məhrum idi. Səbəb ondan ibarət idi ki, Ermənistan hökuməti onların həmin ərazilərdə olan dağıntıların, işğalın, azərbaycanlılara qarşı olan nifrətin nəticəsinin şahidi olmasını istəmirdi. Aydındır ki, həmin ərazilər Birinci Qarabağ müharibəsi dayandıqdan sonra viran qoyulmuşdur, çünki müharibə gedə-gedə şəhər və kəndləri dağıtmaq mümkün olmazdı. Onlar bunu bilərəkdən, Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları bizim yaddaşımızdan silmək və həmin ərazilərin mənşəyini dəyişdirmək məqsədilə ediblər. Beləliklə, burada Azərbaycan xalqının hissləri başa düşülməlidir. Biz artıq həmin torpaqlara qayıdaraq işğalçı erməni qüvvələrinin bizim tarixi və dini abidələrimizi, şəhər və kəndlərimizi necə viran etdiyinin şahidiyik. Bu isə münaqişədən sonrakı dövrdə addımlarımızın planlaşdırılması baxımından mühüm amildir.

Dövlətimizin başçısı bildirib ki, danışıqlar zamanı məndə güclü bir hiss var idi ki, Ermənistan münaqişənin həllini istəmir və bunun üçün əlindən gələni edir. Biz torpaqları azad edəndən sonra orada 100 milyonlarla dollar hesabına başa gəlmiş nəhəng istehkamlar, minalanmış sahələr və müdafiə sədlərinin qurulduğunun şahidi olduq. Aydındır ki, onlar bunu torpaqlarımızı əbədi işğal altında saxlamaq üçün etmişlər. Onların taktikası, danışıqlarda iştirak etmək, müəyyən məsələlərə razılıq vermək, digərlərini qəbul etməyərək prosesin imitasiyası ilə məşğul olmaqdan, həlledici qərar verməyə gəldikdə isə geriyə addım atmaqdan ibarət idi. Mən burada əvvəlki hökuməti nəzərdə tuturam. Bu, Fransada Rambuye görüşündə baş vermişdi.

Bizim müharibə zamanı davranışımıza gəldikdə, artıq müharibənin ilk günlərindən bəlli idi ki, Azərbaycan yalnız XXI əsrin müharibəsini deyil, eyni zamanda, yeni mənəvi qaydalar əsasında döyüş aparır. Mənim hərbçilərimizə verdiyim ilk əmrlərdən biri ləyaqətlə, təmkinlə davranmaları və mülki vətəndaşlara zərər verməməyə maksimum çalışmaqla bağlı idi. Bunun nəticəsində Ermənistan tərəfinin mülki vətəndaşlar arasında itkiləri 40 nəfərdən az oldu. Biz ərazilərimizi azad edirdik və bu ərazilərin bir hissəsində qanunsuz məskunlaşma aparılmışdır. Beləliklə, bizim hücum əməliyyatlarımız və texniki vasitələrimizin yeganə hədəfləri hərbi hədəflər idi. Həmin 40 nəfər mülki erməninin böyük bir hissəsi də hərbi əməliyyatlarda iştirak edənlər idi. Bu mülki vətəndaşlar hərbi hissələrə çağırılmış və əməliyyatlara cəlb olunmuşdular. Ermənilər tərəfindən tərk edilmiş mülki vətəndaşlara olan münasibətimiz də bizim humanist siyasətimizin və ordumuzun humanist davranışının təzahürüdür.

O ki qaldı, bizim müharibə zamanı davranışımız Ermənistan tərəfindən düzgün qiymətləndirilirmi sualına, mənim cavabım “xeyr”dir və bu, çox təəssüf doğuran haldır. Biz münaqişədən sonrakı inkişafdan danışırıq və gələcək barışığa apara biləcək müəyyən elementlər üzərində diqqətimizi cəmləşdirməliyik. Lakin Ermənistanda o qədər uzun müddət dövründə Azərbaycana qarşı demonizasiya siyasəti, uydurmalar, azərbaycanlıları düşmən, Azərbaycanın isə sanki Ermənistanı və Qarabağı işğal edən formada təqdimatı hökm sürüb ki, cəmiyyətin bunun əksini dərk etməsi üçün vaxt tələb olunacaq. Yalnız müharibə zamanı deyil, biz müharibədən sonrada da eyni davranış nümayiş etdirdik. Biz 1500-dən çox erməni əsgərinin cəsədlərini Ermənistana təhvil vermişik. Biz Rusiya sülhməramlıları ilə birlikdə axtarış əməliyyatlarında iştirak edirik. Onu da deməliyəm ki, Birinci Qarabağ müharibəsində bizim 4 min hərbçimiz itkin düşüb və bir cəsəd belə bizə qaytarılmayıb. Budur, aramızda olan fərq. 

İ.Əliyev deyib ki, bu gün biz kommunikasiyanın açılmasını, xüsusilə Zəngəzur dəhlizini müzakirə edirik və Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz. Baxmayaraq ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunda iştirak etmir, Türkiyə müzakirələrlə bağlı bizim tərəfimizdən məlumatlandırılır və əgər Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq istəyirsə, onlar tranzit ölkə olmaq üçün hər hansı imkana malik olmaq istəyirlərsə, yalnız Türkiyə onları bununla təmin edə bilər. Bildiyimə görə, Türkiyə hökuməti hazırdır. Beləliklə, top Ermənistan tərəfdədir. Onların yaxşı həkimlərə ehtiyacı var. Mən dəfələrlə demişəm, onlar zəhərləniblər. Bu zəhər əsasən onların Fransanın cənubunda, Kaliforniyada, Krasnodar diyarında və bəzi başqa paytaxtlarda çox sakit və gözəl yerlərdə oturub öz həyatlarından zövq alan diasporundan gəlir. Onlar istəyirlər ki, keçmiş Dağlıq Qarabağda və Ermənistanda olan ermənilər onların girovları, alətləri olsun, onlar da bəzi iddialı və şovinist ideyaları ilə məşğul ola bilsinlər. Erməni cəmiyyətinin dəmir pərdəni dağıtmağa ehtiyacı var, əgər mən bu analogiyalar barədə danışa bilərəmsə, onlar dəmir pərdə arxasında yaşayırlar və bu zəhərli ideyaların təsiri altındadırlar. Biz bu işdə onlara kömək etməyə hazırıq.

Prezident İlham Əliyev bildirib ki, biz müharibənin ilk günündən son gününə qədər çox güclü siyasi və mənəvi dəstəyə görə qardaş Türkiyəyə minnətdarıq. Lakin digər üç qonşumuza gəldikdə, bizim əsas hədəfimiz onların bitərəf qalması idi. Bu da bəzi ölkələrdə müəyyən dərəcədə, digər ölkələrdə isə nisbətən yüksək dərəcədə baş verdi. Müharibədən sonrakı vəziyyət onu da nümayiş etdirir ki, indi bizim qonşularımız regional inkişafla bağlı baxışlarımızı paylaşırlar. Yeri gəlmişkən, biz bunu artıq qonşu ölkələrlə müzakirə etmişdik. Region necə inkişaf etməlidir, nəqliyyat, logistika ilə bağlı hansı layihələr olmalıdır, enerji əməkdaşlığı, ticarət və sairə. Beləliklə, bizdə heç bir fikir ayrılığı yoxdur. Doğrudur, Ermənistan hələ açıq şəkildə öz siyasətini bəyan etməyib, lakin onların de-fakto etdikləri də qənaətbəxşdir. Mən hökuməti nəzərdə tuturam. Xəzər dənizinin o tayında olan qonşularımızla münasibətlər uğurla inkişaf edir və onların hər biri ilə bizim konkret əməkdaşlıq istiqamətimiz var. Ən böyük hissə nəqliyyatla əlaqəlidir. Çünki Azərbaycan Türkiyə ilə dəmir yolu bağlantısı, dəniz limanı və avtomagistrallar kimi bütün nəqliyyat və logistika layihələrini tamamladıqdan sonra artıq önəmli nəqliyyat qovşağına çevrilib. Açıq dənizə çıxışımızın olmamasına baxmayaraq, biz şərq-qərb və cənub-şimal nəqliyyat dəhlizlərində fəal iştirak edirik. İndi isə bu layihələrə daha çox ölkələr cəlb olunur. Odur ki, Xəzər dənizinin o biri tayındakı qonşularımızla əməkdaşlığın əsas sahəsi nəqliyyatdır, lakin əməkdaşlıq təkcə bundan ibarət deyil. Biz qarşılıqlı ticarətin həcminin necə artırılması, qarşılıqlı investisiyaların yatırılması üçün daha yaxşı imkanların necə təmin olunması üzərində çox yaxından çalışırıq.

Dövlətimizin başçısı müharibə zamanı davamlı dəstəyə görə Pakistan xalqına minnətdarlığını bildirib: “Pakistan qarşıdurmanın ilk günlərindən Azərbaycana açıq şəkildə dəstək verən ölkələrin sırasında olmuşdur. Biz ərazi bütövlüyümüzlə bağlı məsələlərdə çox ardıcıl yanaşmalarına görə Pakistan hökumətinə və xalqına çox minnətdarıq. Ola bilsin ki, tədbir iştirakçılarının bir çoxları bunu bilmir, lakin Pakistan təcavüz və işğala görə Ermənistanla diplomatik əlaqələr qurmayan çox azsaylı ölkələrdəndir. Pakistan kimi çox az sayda ölkə var. Odur ki, biz buna görə həmişə minnətdarıq və bu da qardaşlığımızın həqiqi əlamətidir. Yəqin müharibə zamanı bizim şəhərlərimizdə çox sayda Türkiyə və Pakistan bayraqlarının dalğalandığını bilirsiniz. Əlbəttə ki, biz bizi kimin dəstəklədiyini deyirdik və bu da bizim xalqımızın qəlbindən gələnlər idi”.

Prezident deyib ki, Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinə gəldikdə, bu, birinci dəfə baş vermir. Onlar Birinci Qarabağ savaşı zamanı müharibə cinayətlərini törədib, lakin həmin vaxtı fərqli informasiya mühiti var idi. Bir çox dəhşətli barbarlıq əməlləri sənədləşdirilməmişdir və ya sənədləşdirildiyi təqdirdə beynəlxalq auditoriyaya çatdırılmamışdır. Buna görə də onlar öz müharibə cinayətlərini gizlətməyə nail oldular. Həmin vaxt təkcə Xocalıdan söhbət getmirdi. Kəlbəcərdə Ağdaban kəndi kimi bir çox başqa kəndlər də var idi. Dünyada bir çox insanların bunun haqqında məlumatı yoxdur, lakin burada da eyni hadisələr baş vermişdir. Onlar günahsız insanları qətlə yetirib yandırırdılar. Bir çox başqa kəndlər də erməni barbarlığının qurbanı olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı, sizin də dediyiniz kimi, onların bizim şəhər və kəndləri necə bombalaması beynəlxalq birliyin gözü önündə idi. Təkcə ballistik raketlərlə deyil. Onlar bizi artilleriya və minaatanlarla hər gün bombalayırdı. Kiçik Tərtər şəhərinə 16 min bomba atılmışdır. Onlar hətta dəfn mərasimini bombalayaraq bir ailəni qətlə yetirmişdir. Onlar Bərdəni, Naftalanı bombalayırdılar. Naftalanda onlar beş nəfərdən ibarət ailəni öldürmüşdülər. Onlar qəsdən bizim şəhər və kəndlərimizə hücum edir və düşünürdülər ki, bunu etməklə bizi dayandıracaqlar. Biz eynisini etmədik. Biz heç vaxt heç bir kənd və ya şəhərə zərbə endirməmişik. Biz yalnız Xankəndidə yerləşən hərbi obyektlərə zərbələr endirirdik, çünki bunlar hərbi obyektlər idi. Gecə vaxtı Gəncə şəhərinə qarşı ballistik raketdən istifadə onların barbarlığını açıq-aydın nümayiş etdirirdi. Çünki bu ballistik raketin hədəfi var idi. Onun yaşayış yerinə düşməsi təsadüf deyil. Bu, insanların gecə yatdığı vaxt həyata keçirilən hədəfə alınmış hücum idi və bu, bir dəfə yox, bir neçə dəfə baş vermişdir. Bundan sonra onlar nə etdilər? Onlar dedilər ki, bunu onlar etməyiblər. Rəsmi olaraq erməni rəsmisi dedi ki, bunu ermənilər etməyib. Onda bunu kim edib? Kim? Biz özümüz? Siz yəqin bilirsiniz ki, onlar hətta Xocalı soyqırımına görə günahı bizim üstümüzə atmaq istəyirdilər. Onlar hekayələr uydurur və beynəlxalq birliyi inandırmağa çalışırdılar ki, azərbaycanlılar özləri Xocalıda günahsız insanları qətlə yetiriblər. Onlar “Toçka-U” və “Elbrus” raketləri ilə bağlı da eynisini ediblər. Onlar hətta Bakıdan 100 kilometr məsafədə yerləşən Xızıya zərbə endirmişdilər. Onlar Bakıya çatmaq istəyirdilər. Onlar Qəbələyə hücum edirdilər. Qəbələ münaqişə zonasından çox uzaqda yerləşir. Beləliklə, Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Goranboy, Naftalan, Xızı, Qəbələ. Onların etdikləri budur. Orada hərbi qurğular yox idi. Əlbəttə ki, “İsgəndər” hücumu ilə bağlı xəbər bizi təəccübləndirdi. Ermənistanın baş naziri “İsgəndər”dən istifadə etdiklərini, lakin onun yalnız on faizinin partladığını deyəndə hər kəs gülürdü. Yəqin ki, o, çatdırmaq istədiyi mesajı düzgün çatdıra bilməmişdi. Fevralın sonunda mənə sual veriləndə dedim ki, mən onların bunu etmədiklərini deməmişəm. Mən dedim ki, biz onu aşkar etməmişik. Bu, ayrı-ayrı şeylərdi. Həmin vaxt biz onu hələ də aşkar etməmişdik. Lakin o, onu dedikdən sonra, sabiq prezident Sarkisyan “İsgəndər”in atıldığını və raketi bizim boru kəmərlərimizə atmadığından təəssüfləndiyini dedi. Bilirsiniz, bu müharibə canisi, əli Xocalı qurbanlarının qanına bulaşan Sarkisyan Paşinyanı boru kəmərlərinə zərbə endirmədiyinə görə günahlandırırdı. Sonra Ermənistan ordusunun sabiq baş qərargah rəisi Movsesyan da, - mən onun adını xatırlamıram, - onların bu raketdən istifadə etdiyini demişdi. Sonra onlar “İsgəndər” raketinin necə buraxılması ilə bağlı videogörüntünü yayımladılar. Mən onu tapmaq üçün göstəriş verdim və biz bu raketi tapdıq. Nəyə görə biz onu əvvəl tapmadıq? Mən bilmirəm, çünki Şuşada qar var idi. Müharibədən sonra qar yağmağa başladı. Hətta mən yanvar və fevral aylarında orada olanda qar var idi. Qar əridikdən sonra raket tapıldı. Onun tapılmasından sonra baş verənlər isə çox qəribədir. Ermənistan ordusunun baş qərargah rəisi demişdir ki, o, bu məsələ ilə bağlı heç bir şərh verə bilməz. Biz bunu necə başa düşməliyik? Bəli, yoxsa, xeyr kimi? Yəqin ki, bəli kimi. Çünki cavab xeyr olsaydı, o, deyərdi ki, xeyr biz bunu etməmişik. Əgər o, “mən şərh verə bilmərəm” deyibsə, bu, o deməkdir ki, bəli, bunu onlar ediblər. Ermənistanın sabiq müdafiə naziri də şərh vermişdir. O demişdir ki, bu müharibə sirri olduğu üçün bunu deyə bilməz. Siz bu insanların səviyyəsini görürsünüz? Bilirsiniz, bu insanlar hərbi əməliyyatlarla bağlı qərar qəbul edən insanlar idi. Bunun müharibə sirri olduğunu demək, bəli, bunu onlar ediblər anlamına gəlir. Lakin əfsuslar olsun ki, biz Rusiyadan da heç bir cavab almadıq. Çünki sizin də bildiyiniz kimi, Paşinyan raketdən istifadə etdiyini söyləyəndə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi demişdi ki, yox, Ermənistan istifadə etməyib. Paşinyan Ermənistanın baş naziridir. O deyir ki, biz raketdən istifadə etmişik. Rusiya Müdafiə Nazirliyinin rəsmisi isə onların raketdən istifadə etmədiyini deyir. Bu, nə deməkdir? Bu, Rusiya Müdafiə Nazirliyinin Ermənistan Müdafiə Nazirliyinə nəzarət etməsi deməkdir? Bu, cənab Konaşenkovun nə dediyi anlama gəlirmi? O, “Ermənistan raketdən istifadə etməyib, bütün “İsgəndər” raketləri anbardadır” deyəndə onlar bunu haradan bilirlər? Onlar Ermənistanın anbarlarına nəzarət edirlər? Əgər onlar erməni anbarlarını idarə edirlərsə, onda bu raket kimin sərəncamındadır? Sonra cənab Putinin mətbuat katibi cənab Peskov bəyanat verdi. O, “İsgəndər”dən istifadə edilmədiyini dedi. “İsgəndər” buradadır, siz gedib baxa bilərsiniz, 15 dəqiqəlik bir yoldur. Mən onu dünən Hərbi Qənimətlər Parkında özüm gördüm. Bu, təkcə “İsgəndər” deyil, bu, “İsgəndər-M”dir. Hansı ki, Ermənistan ordusu heç vaxt malik ola bilməzdi. Mən sizə daha çoxunu deyə bilərəm, çünki biz uzun müddət idi ki, gözləyirdik. Mən bunu Azərbaycan xalqından gizlədə bilmədiyim həssas məsələ olduğu üçün sizə daha çoxunu deyə bilərəm. Mən aprelin 1-də cənab Putinlə telefon söhbətim zamanı bu məsələni qaldırmışdım. Bu telefon söhbəti ilə bağlı yayılan rəsmi məlumata daxil deyildi, çünki biz telefon söhbəti ilə bağlı məlumatı onlar verdiyi kimi vermişdik. Siz onları müqayisə edə bilərsiniz. Lakin mən bu sualı verdim. Mən dedim ki, biz cavabı bilməliyik. Azərbaycan xalqı nəyin baş verdiyi ilə bağlı cavabı bilməlidir. Artıq iki həftə keçib. Aprelin 4-də bizim Müdafiə Nazirliyimiz Rusiya Müdafiə Nazirliyinə bu məsələ ilə bağlı rəsmi məktub ünvanlayaraq foto, video və digər materialları təqdim edərək onlardan cavab istəyib. Bu raketlər nə raketləridir və nə baş verib? Artıq doqquz gün keçib, heç bir cavab yoxdur. Bir qrup Azərbaycan jurnalisti Rusiyanın Azərbaycandakı səfirliyinə açıq məktub yazıb və bu məktub açıq xarakter daşıyır. Yəqin ki, siz onu görmüsünüz. Heç bir cavab verilmədi. “İsgəndər” buradadır, “İsgəndər-M”, hansı ki, heç bir yerə ixrac olunmamalı idi, Şuşaya necə gətirilib? Haradan atılıb? Kim onu atıb? Biz cavabları gözləyirik. Sizə bir şey də deyə bilərəm. Bəzi suallara bizim artıq cavablarımız var. Lakin biz Ermənistandan rəsmi cavab gözləyirik, çünki bu raketlər Ermənistanın ərazisindən buraxılıb. Biz onların dəqiqliklə haradan atıldığını bilirik. Bu suallar cavablandırılmalıdır. Bu, ciddi məsələdir. Bu, adi bir raket deyil. Bu raket buraxılmışdır və onlardan neçəsi buraxılmışdır, haradan və nə zaman biz onları da bilirik. Bizə, Azərbaycan xalqına bu suallara cavablar lazımdır.

Dövlətimizin başçısı 10 noyabr tarixli Bəyanatın mühüm elementləri barədə də danışıb: “Bu Bəyanat, əslində, bütün vacib elementləri əhatə edir və həmçinin Dağlıq Qarabağ münaqişəsinin yekunlaşdığını da göstərir. Səmimi desəm, biz bu Bəyanatın beynəlxalq legitimləşdirilməsi haqqında düşünməmişik. Bizə bu məsələ ilə bağlı nə Rusiya, nə də Ermənistan tərəfi müraciət etməyib. Yəni, biz belə bir məsələni nəzərdən keçirməmişik. Biz Bəyanatın imzalandığını və rusiyalı sülhməramlıların orada olduğunu, Bəyanatın tamamilə icra olunduğunu düşündük. Ən önəmlisi onun hazırda icra olunmasıdır və bu Bəyanatın əksər hissələri artıq icra olunub. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə gəlincə, biz 1993-cü ildə qəbul olunmuş qətnamələrlə nə baş verdiyini bilirik. Onlar kağız üzərində qalmışdır və biz döyüş meydanında doğru olanı etməsəydik, bir otuz il də kağız üzərində qalardı. Buna görə də belə bir şey bizim əlimizdə olanlara əlavə nə verəcək? Bizim Bəyanatımız var. Azərbaycan bütün müddəaları icra edir. Ermənistan işğal olunmuş qalan ərazilərin qaytarılması ilə bağlı bəndləri icra etməyə məcbur edilmişdir. Rusiya isə sülhməramlı xidmətlərini təmin edir. O ki qaldı, indi ermənilərin məskunlaşdığı Qarabağ ərazilərini ələ keçirmək üçün gücün tətbiqi ilə bağlı suala, xeyr, bizim belə planlarımız yoxdur. Mən dedim ki, Dağlıq Qarabağ müharibəsi bitib. O, öz həllini tapıb. Rusiyalı sülhməramlıların nəzarət etdiyi ərazilərdə yaşayan erməniləri biz öz vətəndaşlarımız hesab edirik. Humanitar yardım, logistik dəstəklə bağlı indiyə kimi etdiklərimiz bu niyyətləri nümayiş etdirir. Mən sizə, hətta daha çoxunu deyə bilərəm. Bu gün suyun idarəçiliyi ilə əlaqədar məsələlərlə bağlı müəyyən mütəxəssislər səviyyəsində artıq təmaslar var. Çünki uzun illər, otuz il ərzində biz separatçılar tərəfindən idarə olunan iki su anbarına görə Tərtər çayının suyundan məhrum olmuşduq. Bu su anbarlarından biri azad edilmişdir və indi bizim Tərtər çayının suyuna tam çıxışımız var. İndi isə Rusiya sülhməramlılarının nəzarəti altında yaşayanların müəyyən mənada bizimlə su əməkdaşlığına daha çox ehtiyacı var. Beləliklə, bu proses başlayıb. Bu baxımdan da Azərbaycan konstruktiv davranır. Lakin dediyim kimi, əgər Ermənistan Azərbaycana qarşı hansısa bir düşmənçilik xarakterli əməliyyat planlaşdırarsa və bunu görəriksə, - biz indi Ermənistanda və hər yerdə bizə lazım olanları görürük, - əgər Azərbaycan xalqına və ya ərazi bütövlüyümüzə qarşı bir faiz risk təhlükəsinin olduğunu görəriksə, biz özümüzü müdafiə etmək üçün bütün vasitələrdən istifadə edəcəyik. Lakin bizi buna təhrik etmədikləri halda, biz heç vaxt gələcəkdə hər hansı bir düşmənçilik xarakterli əməliyyatlara başlamayacağıq”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan, Türkiyə, Rusiya, İran regional əməkdaşlıqla bağlı eyni yanaşmanı bölüşür və indi əsas diqqət nəqliyyat sahəsinə yönəlib. Çünki bu vəziyyətdə uduzan tərəf yoxdur. Bundan hamı udur. Ermənistan da səssiz olaraq qoşulub, lakin açıqlamalarda onlar qoşulmadıqlarını deyirlər. Onlar bu xəstəliyi, azərbaycanofobiya və türkofobiyanı müalicə etməlidirlər. Beləliklə, bu əməkdaşlığın ölkələr üçün hansı üstünlüklərinin olması çox aydındır. Hesab edirəm ki, Ermənistan da bu üstünlüyün böyük bir payını əldə edən ölkə olacaq, çünki bu gün onların Rusiya ilə dəmir yolu bağlantısı yoxdur, İranla dəmir yolu bağlantısı yoxdur. Ermənistandan İrana dəmir yolunu inşa etmək üçün bir qeyri-real plan var idi. Lakin düşünürəm ki, onlar hesablamalar aparıb bunun 3 milyard dollara başa gələcəyini anladılar. Yaxşı layihədir, lakin onun pulunu kim ödəyəcək? Bu, sualdır. Beləliklə, onlar bu layihədən artıq vaz keçdilər.

Hesab edirəm ki, Gürcüstan üçün Rusiya dəmir yolları ilə bağlantı yaratmaq baxımından istənilən imkan real deyil və siz bunun səbəbini məndən yaxşı bilirsiniz. Azərbaycan ərazisindən də bu, mümkün deyildi. Beləliklə, əgər bu layihə baş tutsa, Ermənistanın dəmir yolu ilə Rusiyaya, İrana və potensial olaraq Türkiyəyə çıxışı olacaq. Bu, əlbəttə ki, ölkənin inkişafı üçün əlavə imkanlar yaradacaq. Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə öz dəmir yolunu Naxçıvan və Türkiyə ilə birləşdirəcək. Buna baxmayaraq, Türkiyə ilə bizim artıq Gürcüstan ərazisindən bağlantımız var - Bakı-Tbilisi-Qars. Rusiyanın Azərbaycan, Ermənistan ərazilərindən Türkiyə ilə əlavə bağlantısı olacaq. İranın da Ermənistanla bağlantısı olacaq. Bu, İrandan Rusiyaya Cənub-Şimal nəqliyyat dəhlizinin də bir hissəsi ola bilər. Çünki siz də yəqin bilirsiniz ki, İran ərazisində dəmir yolunun sonuncu seqmenti olan Astara-Rəşt tikilməyib. Orada işlər gedir. Lakin biz Ermənistanla sərhədimizə dəmir yolu bağlantısını növbəti iki ilə, maksimum iki il yarıma inşa etməyi planlaşdırırıq. Bu, dəqiq tikiləcək. Çünki biz artıq büdcə ayırmışıq və işlər başlayıb. Bu işlər və Zəngəzurun da 40 kilometri bitənə kimi. Lakin bu Rusiya dəmir yolu tərəfindən həyata keçirilməlidir. Buna da səbəb odur ki, Ermənistan dəmir yolları Rusiya dəmir yolları şirkətinə məxsusdur. Bizə artıq onların bunu etməyi planlaşdırdığı ilə bağlı məlumat verilib. Beləliklə, bu, Ermənistan, Naxçıvan, Zəngilan və sair ərazilərdən keçən Cənub-Şimal dəhlizidir. Bunlar açıq-aydın üstünlüklərdir və biz bu istiqamətlərdə çalışmalıyıq.

Qərb ölkələri və bəzi regional ölkələr arasında gərginliklərə gəldikdə, bu, yeni bir şey deyil. Münasibətlərin pisləşməsi, tənəzzül dövrləri həmişə olub, lakin bizim regionda bu, daimi xarakter daşıyır. Odur ki, biz buna alışmışıq. Düşünmürəm ki, bu növ anlaşılmazlıq və ya qarşıdurmalar, yaxud da nəsə bizim planlarımıza ciddi zərbə vursun. Biz hamımız bəzi Qərb tərəfdaşlarımızın Bakı-Tbilisi-Qarsın inşasına qarşı çıxış etdiyini və Ermənistanı bu layihəyə cəlb etmək üçün cəhd etdiklərini yaxşı xatırlayırıq. Burada məqsəd yolun Gürcüstandan yox, Ermənistan ərazisindən keçməsinə nail olmaq idi. Mən Azərbaycan Dövlət Neft Şirkətində işləyəndə Qərb tərəfdaşlarının boru kəmərinin Gürcüstan ərazisindən yox, Ermənistan ərazisindən keçməsini təşviq etdiyini xatırlayıram. Bütün bunlara şahid olmuşam və bu proseslərdə iştirak etmişəm. Bu kəmərin inşasının necə çətin ərsəyə gəlməsinin də şahidiyəm. Çünki buna görə Dünya Bankı bir il ərzində maliyyələşməni dayandırmışdı. Lakin bu, nəyisə dəyişdi? Xeyr. İndi də heç nəyi dəyişməyəcək. Buna görə hesab edirəm ki, bu layihəni dəstəkləməyənlər qoy, dəstəkləməsinlər. Bizim buna etirazımız yoxdur. Lakin hesab etmirəm ki, hər hansı bir müdaxilə, qarşımızı almaq cəhdləri uğur qazanacaq. Buna görə bütün tərəddüd edənləri bu prosesin iştirakçıları olmağa dəvət edirəm, çünki bu, Avropaya əlavə dəhliz ola bilər və əslində, Türkiyə ərazisindən Avropaya gedəcək. Hər kəs bundan faydalanacaq. Bakı-Tbilisi-Qarsa qarşı çıxış edənlər bu gün bizə ona görə minnətdardırlar. Hesab edirəm ki, bu da onun kimi olacaq. Lakin biz, əlbəttə ki, bu məsələ ilə bağlı Gürcüstanın ehtiyat etdiyi istənilən məsələləri nəzərə alacağıq.

Prezident İlham Əliyev tarixi reallığın, həqiqətin düzgün öyrənilməsinin vacib olduğunu deyib: “Mən gənc nəsillə bağlı dediklərinizlə də razılaşıram ki, bəzən gənc nəsil tarixi bilmir. Hətta bizim nəslə belə saxta tarix öyrədilib.  Mən məktəbdə təhsil alarkən bizə qəhrəman kimi təqdim edilənlər, əslində, cinayətkarlar idi. Məsələn, Azərbaycan xalqını qətlə yetirən 26 Bakı komissarı. Bizi öyrədirdilər ki, onlar qəhrəman idilər və vətənimizi xilas etmişdilər. Əslində isə Şaumyan və digərləri cinayətkar idilər. Onlar burada qırğınlar törədib, azərbaycanlıları qətlə yetiriblər. Belə nümunələr çoxdur. Beləliklə, biz bu nəslin reallıqlardan bixəbər olmasını istəmirik. Mən deyəndə ki, Zəngəzur qədim Azərbaycan torpağıdır, bu, həqiqətdir. Zəngəzur 1920-ci ildə Ermənistana verilmişdir - 101 il əvvəl. Ondan əvvəl o torpaq bizə məxsus idi. Onların bu gün Sevan adlandırdığı Göyçə gölünün ətrafında azərbaycanlılar yaşayıblar. Bu da bir həqiqətdir. XX əsrin əvvəlindəki xəritələrə baxsanız Sevan deyil, Göyçəni taparsınız. İrəvanla bağlı da məsələ eynidir. Onlar İrəvanın tarixi hissəsini məhv ediblər. Bunlar hamısı faktlardır. Azərbaycanlılar orada yaşamışlar, o cümlədən mənim ulu babalarım. Bunlar hamısı faktlardır, lakin bizim ərazi iddiasında olmağımız anlamına gəlməməlidir. Bilmirəm bunu eşitmisiniz, yoxsa yox, mən demişəm ki, biz oraya qayıdacağıq. Ancaq mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik”.

Dövlətimizin başçısı vurğulayıb ki, qarşıdan gələn 3 il ərzində biz bütün əsas infrastruktur layihələrini - dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələrini başa çatdıracağıq və tikinti işlərinin fəal fazasında olacağıq. Biz işləri düzgün planlaşdırmalı və aparmalıyıq. Bütün şəhər və kəndlərin bərpası üçün zəruri master-planlar olmalıdır. Çünki oraya qayıdacaq insanlar lazımi yaşayış şəraiti ilə təmin edilməlidir. Onlar dövlətdən asılı olmamalıdır. Həmin ərazilərdə münbit torpaqlar və kifayət qədər su ehtiyatları mövcuddur. Biz orada yaşayacaq vətəndaşlarımızın maliyyə cəhətdən müstəqil olmasını istəyirik. Dediyim kimi, tikinti işlərinin fəal mərhələsində olacağıq və hesab edirəm ki, həmin vaxta qədər Zəngəzur dəhlizi mütləq istifadəyə veriləcək. Biz hədəf kimi iki, iki il yarım müddət müəyyən etmişik. Mehri bölgəsindən keçən 40 kilometrlik yolun inşası bundan çox vaxt apara bilməz. Əlbəttə, bunlar əlaqələndirmə şəraitində və Ermənistan tərəfindən süni maneələr yaradılmadığı təqdirdə baş tuta bilər.

Prezident Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nə olacaq sualına cavab olaraq bildirib ki, bu gün Tovuz, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan və Ermənistan arasında dövlət sərhədi mövcuddur. Orada sülhməramlılar yoxdur və heç nə baş vermir. Sizə deyim ki, Azərbaycan Sərhəd Xidmətinin əsgərləri bu gün Ermənistan kəndlərinin 5 metrliyində, Qubadlının məşhur Şurnuxu kəndində dayanır. Ermənilər kəndin onlara məxsus olduğunu iddia edirdilər, lakin xəritəyə baxdıqda onun Azərbaycan ərazisində yerləşdiyi müəyyən olundu. Biz oraya Sərhəd Xidmətinin nümayəndələrini göndərdik və mən onlara göstəriş verdim ki, orada xətt boyu yerləşsinlər, xətti keçməsinlər və həmin kənddə yaşayan ermənilərlə işləri olmasın. Hətta həmin Şurnuxu kəndinin bir hissəsini tərk etməli olan ermənilərə biz vaxt verdik. Bu gün deyə bilərəm ki, Ermənistan ordusu məhv edilib. O, mövcud deyil. O cümlədən Ermənistanın sərhəd xidməti. Yəni, həmin bu kəndin tam nəzarətə götürülməsində bizə heç kəs mane ola bilməz. Biz bunu edirikmi? Xeyr. Belə bir planımız varmı? Xeyr. Bu, gələcəkdə nəyin baş verə biləcəyinə cavabdır. Bu məsələ bizim iradəmizi nümayiş etdirir. Eyni vəziyyət Ermənistanın Qafan şəhərini İrəvanla birləşdirən 21 kilometrlik yolda mövcuddur. Yol bizim ərazimizdən keçir. Bəli, biz oraya sərhəd xidmətimizi yerləşdirmişik. Biz hətta “Azərbaycana xoş gəlmisiniz” lövhəsini də quraşdırmışıq. Bilmirəm, nəyə görə həmin lövhə erməniləri bu dərəcədə qıcıqlandırdı. Biz, sadəcə, onları ərazimizdə salamlamaq istəyirdik. Ora bizim ərazidir. Ancaq onlar lövhəni atəşə tutdular və biz bu hərəkətə cavab verməli olduq. Yəni, onlar bu yoldan istifadə edirmi? Bəli. Onları sülhməramlılar qoruyurmu? Xeyr. Yalnız iki yerdə postlar qurulub. Biz bu yolu kəsə bilərikmi? Bəli. Bunu edirikmi? Xeyr. Əlbəttə, Ermənistan hazırda davrandığı kimi özünü aparsa, onlar bu gün tamamilə ruhdan düşmüş, təşkilatlanmamış vəziyyətdədirlər. Ordu yoxdur. Revanş haqqında düşünməyə əsas belə yoxdur. Mən bu haqda danışmışam - Ermənistanın ordusunun modernləşdirilməsi ilə bağlı Rusiya ilə danışıqlar aparması bizi narahat edir. Bu narahatlıq Rusiya rəsmilərinə çatdırılmışdır. Nə üçün müasirləşdirilir onların ordusu? Revanşla bağlı istənilən imkan lazımsız gərginliyə səbəb olacaq. Beləliklə, vəziyyət indiki kimi davam etsə, qonşuluqda yaşamaqla bağlı hər hansı bir problem olmayacaq. Mən dəfələrlə Gürcüstanı misal kimi qeyd etmişəm. Orada azərbaycanlılar və ermənilər bəzən eyni bölgədə deyil, hətta eyni kənddə yaşayırlar və heç nə baş vermir.

Münaqişədən sonrakı inkişafda Avropa İttifaqının roluna gəlincə, mən artıq demişəm, biz Avropa İttifaqından yenidənqurma, qaçqınların yerləşdirilməsi ilə bağlı bizə necə kömək etmək istədiklərinə və ya planlaşdırdıqlarına dair, - əgər istəyirlərsə və ya planlaşdırırlarsa, - heç bir mesaj almamışıq. Bu, təkcə maliyyə resursları baxımından deyil, həm də metodologiya baxımından bizim üçün böyük iş olacaq. Biz heç vaxt belə vəziyyətə düşməmişik ki, yerlə-yeksan edilmiş əraziləri bərpa etməli olaq. Əlbəttə ki, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı hər hansı təchizat və ya kömək nəzərdə tutsa, biz minnətdar olarıq. Bundan əlavə, sizə deyə bilərəm ki, pandemiya ilə əlaqədar bizim Avropa İttifaqı ilə yeni razılaşma ilə bağlı danışıqlarımız bir qədər dondurulmuşdu. Mən artıq açıq şəkildə bildirmişəm ki, COVID bu və ya digər dərəcədə bitən kimi, vəziyyət daha sabit olan kimi biz danışıqlara yenidən başlayacağıq. Bu razılaşmanın böyük hissəsi artıq razılaşdırılıb, cəmi 7-8 faizi razılaşdırılmalıdır. Ona görə də, biz Avropa İttifaqı ilə sıx əməkdaşlığımızı davam etdirməyi planlaşdırırıq. Hətta müharibə zamanı və müharibədən sonra bizə hücum edən Avropa İttifaqının üzv dövlətlərinin bəziləri artıq münasibətlərində dəyişikliklər edib. Sizə deyə bilərəm ki, müharibədən sonra Avropa İttifaqına üzv cəmi bir ölkə var ki, onun xarici işlər naziri özünə Azərbaycan barədə çox uyğun olmayan fikirlər söyləməyi rəva görüb. Biz demək olar ki, səssiz qaldıq. Yalnız bizim Xarici İşlər Nazirliyimiz cavab verdi, çünki biz bu ölkədən çox “qorxurduq”. Mən sizə də bizə amansızcasına hücum edən bu ölkədən çox “qorxmağı” məsləhət görürəm. Mən bütün rəsmi şəxslərimizə dedim ki, səssiz qalsınlar, əks halda onlar gəlib bizi “işğal edərlər”. Bilirsiniz bu hansı ölkədir? Bu ölkə Lüksemburq adlanır. Sadəcə, müqayisə üçün sizə deyə bilərəm ki, bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir. Ona görə də, Lüksemburqun xarici işlər naziri yaxşı olardı öz qayğısına qalsın və bu eyhamlara son qoysun.

Dövlətimizin başçısı bildirib ki, Ermənistan bizə minaların xəritəsini hələ də verməyib. Baxmayaraq ki, biz bunun onlarda olduğunu bilirik. Müharibə bitəndən sonra bizim hərbçilərdən başqa, təkcə mülki şəxslər arasında 100-dən çox itkimiz var. 100-dən çox insanın 20-dən çoxu minalardan həlak olub. Bu, daha bir müharibə cinayətidir. Çünki müharibə bitib. Minaların təmizlənməsi çox uzun bir prosesdir, bu, vaxt tələb edir. Çünki bizdə kifayət qədər ixtisaslı kadr yoxdur. Hazırda biz treninq təşkil edirik və həmçinin avadanlıq alırıq. İkinci mühüm məsələ, - ona artıq start verilib, - dəymiş ziyanın hesablanmasıdır. Çünki biz Ermənistanı törətdikləri dağıntılara görə beynəlxalq hüquqi təsisatlarda məhkəməyə verməyi planlaşdırırıq. Bu səbəbdən biz bütün dağıntıları sənədləşdiririk. Hər bir tikili üçün xüsusi pasportlar yaradırıq ki, bu, hüquqi prosedur üçün sənəd olacaq. Əlbəttə ki, infrastruktur layihələri. Çünki biz insanları heç nəyin ortasına göndərə bilmərik. Orada layiqli yaşayış standartları olmalıdır. Biz artıq layihələrə başlamışıq. Mən onlardan bəzilərinin adını çəkə bilərəm. Məsələn, Füzulidən Şuşaya, Şuşadan Cəbrayıla, Horadizdən Zəngilana, Bərdədən Ağdama avtomagistralların tikintisinə artıq başlanılıb. Bunların hamısı ilə bağlı proses artıq gedir. Büdcə təsdiqlənib. Elektrik enerjisi istehsalı, xətlər, Şuşaya xətt artıq çəkilib. Şuşada elektrik stansiyası tezliklə açılacaq. Qeyd etdiyim kimi, maksimum 2 ilə bütün Qarabağ elektrik enerjisi ilə təchiz olunacaq. Sonra, su təchizatı, su kəmərləri yoxdur. İnsanlar oraya getsələr, nə yeyəcəklər, nə içəcəklər, kənd təsərrüfatı ilə necə məşğul olacaqlar? Biz düzgün planlaşdırmalıyıq. Əlbəttə ki, şəhərsalma, çünki hər şey yerlə-yeksan edilib. Ona görə də yeni şəhərsalma layihələri olacaq. Hazırda bununla da bağlı proses gedir. Biz dərhal başlamışıq və sizə deyə bilərəm ki, bizim təsdiqləyəcəyimiz ilk şəhərsalma layihəsi Ağdam və həmçinin digər şəhərlərdir. Biz Zəngilanda kəndlərdən birində pilot layihəyə başlamışıq - “ağıllı kənd”. Düşünürəm ki, bərpa işlərinə ola bilsin gələn ay, ola bilsin iyunda başlanacaq. Ümidvaram ki, ilin sonunadək bu pilot layihə artıq həyata keçiriləcək. Eyni zamanda, mən müxtəlif ölkələrdən olan tərəfdaşlarımızla təmaslarım zamanı bizə şəhərsalma, kəndlərin tikintisi ilə bağlı ideyalar verə biləcək şirkətləri cəlb etmək üçün bu məsələni qaldırmışam. Biz bu şirkətləri bizimlə işləməyə dəvət etmək istəyirik, çünki bizim tikinti imkanlarımız bu əraziləri bərpa etmək üçün yetərli deyil. Bu, ciddi işdir. Bu səbəbdən, onların hamısının nə vaxt qayıdacağını demək çətindir. Amma onlar mərhələli şəkildə qayıdacaqlar. Böyük ehtimal ki, qayıdış infrastruktura yaxın olan kəndlərdən başlayacaq. Məsələn Ağdam, Füzuli, Cəbrayılda elektrik və su xətlərini çəkmək daha asandır. Yavaş-yavaş biz davam edəcəyik. Eyni zamanda, biz hazırda, Laçında hava limanının inşasını planlaşdırırıq. Çünki Laçına getmək asan deyil. Oranı inşa etmək üçün yük təyyarələrinə ehtiyac var. Həmçinin Kəlbəcərə də yol çəkilir. Ümidvaram ki, gələn ildən etibarən, mərhələli şəkildə köçkünlərin ilk qrupu yerləşdirilməlidir.

 

ETİKETLƏR: