Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəhid ailələrinə  qayğı müqəddəs borcumuzdur

Sədi Musayevin bizə əmanət qoyub getdiyi bir oğul və bir qız övladı hər zaman diqqətimizdədir.

04.11.2021 10:37
61
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev Bakının Xətai rayonunda və Ramana qəsəbəsində yaşayan İkinci Qarabağ müharibəsi şəhidləri polkovnik-leytenant Sədi Musayevin və baş leytenant Tural Əsgərlinin ailələrini ziyarət edib. 

Millət vəkili Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıb.

AHİK sədri fəxrlə bildirib ki, torpaqlarımızın azad olunmasında iştirak edən zabitlərimizin əksəriyyəti vaxtilə Ulu Öndərin təşəbbüsü ilə yaradılan hərbi məktəblərimizin yetirmələridir: “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, eləcə də bu məktəbin Naxçıvan filialının bazasında yaradılan Heydər Əliyev adına Hərbi Liseyin,  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin yüzlərlə yetirməsi olan zabitlər Qarabağın işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edərək xalqımızın 30 illik həsrətinə son qoyublar”.

S.Möhbalıyev şəhidlərimizin şücaətindən söz açıb, onların döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını deyib.

Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sədi Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sədi Musayev sentyabrın 28-də Füzuli döyüşləri zamanı Yuxarı Əbdürrəhmanlı kəndi istiqamətində şəhid olub. II Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Sədi Musayev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni,  “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Sədi Musayevin bizə əmanət qoyub getdiyi bir oğul və bir qız övladı hər zaman diqqətimizdədir.

Baş leytenant Tural Əsgərli 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində Murovdağ və Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib. Oktyabrın 1-də Kəlbəcər uğrunda gedən döyüşlər zamanı şəhadətə yüksəlib. Prezident İlham Əliyevin sərəncamları ilə baş leytenant Əsgərli Tural Ələmdar oğlu  (ölümündən sonra) “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin Sunay və Sevgi adlı iki qızı yadigar qalıb.

S.Möhbalıyev şəhid ailələrinə deyib ki, təşkilatımız sizə qayğı göstərir və göstərəcək. Bunu biz özümüzün müqəddəs borcumuz bilirik.

AHİK sədri ev sahiblərinin arzu və istəklərini dinləyib, problemləri ilə maraqlanıb.

Sonda hər iki ailəyə maddi yardım təqdim edib.

ETİKETLƏR:

Foto