Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əbədiyaşarlıqlarını təmin edən igidlər

Görüşlərdə döyüş günləri ön, arxa cəbhədə xalqımızın göstərdiyi hünər xatırlandı. Həmkarlar ittifaqı əməkdaşları şəhidlərin ailə üzvlərini, qaziləri, müharibə iştirakçılarını Zəfər Günü münasibətilə təbrik etdilər.

10.11.2021 10:49
23
A+
A-

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin bir qrup əməkdaşı “Zəfər Günü”nün ildönümü ilə əlaqədar bir sıra şəhər və rayonlarda oldular. Onlar əvvəlcə Gəncənin Ermənistan ərazisindən atılmış raket zərbələri nəticəsində dağıdılmış yaşayış binalarını ziyarət etdilər. Raket zərbələri zamanı həlak edilmiş onlarla sakinin xatirəsini yad etmək məqsədilə dağıntılar üzərinə tər güllər qoydular, dualar oxudular. Ziyarətdə həmkarlar ittifaqı işçiləri ilə birlikdə gəncəli Vətən müharibəsi qaziləri də iştirak etdilər.

Sonra sahə Hİ-nin üzvləri olan Vətən müharibəsi iştirakçıları, qaziləri və şəhid ailələri ilə görüşlər oldu.

Görüşlərdə döyüş günləri ön, arxa cəbhədə xalqımızın göstərdiyi hünər xatırlandı. Həmkarlar ittifaqı əməkdaşları şəhidlərin ailə üzvlərini, qaziləri, müharibə iştirakçılarını Zəfər Günü münasibətilə təbrik etdilər.

Belə görüşlər Mingəçevir şəhərində, Göygöl, İmişli, Xocavənd, Ağcabədi rayonlarında da keçirildi.

Yeri gəlmişkən deyək ki, sahə həmkarlar ittifaqı əməkdaşları görüşlərə əliboş getməmişdilər. Ümumilikdə təxminən 150 nəfər qaziyə hədiyyə bağlaması təqdim etdilər. Bağlamalara köynək, qalstuk və kəmər alınıb qoyulmuşdu.

Qazilər bu gəlişi, bu hədiyyələri maddi dəyərinə görə yox, mənəvi tərəfinə görə sevinclə qarşıladılar, yüksək qiymətləndirdilər Etiraf etdilər ki, xalqımızın bizi arayıb-axtarması, vaxtaşırı yad etməsi ürəyimizi dağa göndərir, qürurlanırıq, vətənpərvərlik hisslərimiz qat-qat yüksəlir.

Sahə Hİ əməkdaşları Gəncədə həmkarlar ittifaqının fəallarından biri olmuş şəhid Nadir Abbasquliyevin valideynlərinə də baş çəkdilər. Mərd, cəsur oğul böyütdüklərinə görə onlara təşəkkür etdilər: “Heç kim əbədi deyil. Nə vaxtsa hər kəs dünyasını dəyişir. Yeganə nəsildən-nəsilə adı xatırlanan, tarixə əbədi həkk olunan insanlar var ki, onların da əvvəlində şəhidlər durur. Sizin oğlunuz Nadir öz həyatı bahasına olsa da, əbədiyaşarlığını təmin etdi”, - dedilər.

Hİ əməkdaşları N.Abbasquliyevin valideynlərinə, daha iki şəhid ailəsinə ərzaq bağlamaları hədiyyə etdilər.

ETİKETLƏR: