Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Həm vətəndaşın taleyi, həm də gələcək illərdə dövlət büdcəsinə vurulacaq ikiqat zərər düşünülməlidir...

Millət vəkili bildirdi ki, yoxsullaşan insanlar dövlətdən başqa yolla, sosial müavinət formasında, vəsait almaq məcburiyyətində qalırlar. 

10.11.2021 11:13
113
A+
A-

Hazırda ölkə gündəmini zəbt edən məsələlərdən biri də dövlət rüsumlarının qaldırılmasına dair təklifdir. Bu təklifi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi noyabrın 1-də keçirilən iclasında müzakirəyə çıxarıb.

 “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişiklikdə xarici pasportlardan tutmuş, dərman preparatlarının dövlət qeydiyyatına alınmasına qədər müxtəlif rüsumların qaldırılması nəzərdə tutulub. Maliyyə Nazirliyindən bildirilib ki, bəzi xidmətlərdə dövlət rüsumlarının çoxu 15 il bundan əvvəl müəyyən edilib və o zamandan dəyişməyib. Bu müddət ərzində baş verən inflyasiya dövlət rüsumunun məbləğinin maya dəyərindən aşağı düşməsinə səbəb olub.

Mövzuyla bağlı millət vəkili Fazil Mustafa fikirlərini bildirdi. Dedi ki, rüsumların artırılması prosesi bizdə həddən artıq xaotik şəkildə gedir. İlk növbədə bu məsələdə proqnozlaşdırılma aparılmalı idi. Vətəndaşın gəlirləri, inflyasiyanın səviyyəsi, qiymət artımı müzakirə olunmalıdır. İqtisadiyyatda buna “kəpənək effekti” deyirlər. Məsələn, benzinin qiyməti 5 qəpik qalxırsa, bu özünü hansısa xidmətlərin və ya digər məhsulların  qiymətində də dərhal büruzə verir.  Əvvəlcə “Vətəndaşın aylıq gəliri nə qədərdir? Onların bu yükü qaldırmaq imkanı olacaqmı? Rüsumlar qaldırıldıqdan sonra hansı nəticələr yaranacaq? suallarına cavab tapılmalıydı. Bunları bilmədən qiymətlərin qaldırılması öz problemlərini imkansız vətəndaşların daha da yoxsullaşması hesabına həll etməsi deməkdir. Deməli, müvafiq qurumlar rüsumu qaldıraraq öz gəlirlərini artırır, proqnozlarını yüksəldir, göstərməyə çalışırlar ki, biz hansısa bir şəkildə dövlət büdcəsinə daha çox vəsait keçirdik. Onları nə  yoxsullaşan vətəndaşın gələcək taleyi, nə də gələcək illərdə dövlət büdcəsinə vurulacaq ikiqat zərər düşündürmür. Budur problemin kökü.

Millət vəkili bildirdi ki, yoxsullaşan insanlar dövlətdən başqa yolla, sosial müavinət formasında, vəsait almaq məcburiyyətində qalırlar.  Belə məsələləri aydınlaşdırmadan rüsumları qaldırmaq pul qazanmağın ən asan, ən tənbəl  yollarından biridir. Mütləq proqnozlaşdırılma aparılmalıdır. Qiymət artımının bir ailənin, bir şəxsin büdcəsinə nə qədər ziyan vuracağı aydınlaşdırılmalıdır. Sözsüz ki, bazarda qiymətlər qalxırsa və adekvat səviyyədə əməkhaqqı qalxmırsa vətəndaş faktiki yoxsullaşır, inflyasiyanın altında əzilir. 

Üstəlik, rüsumlar qalxanda cərimələr də qalxır, yəni bu, zəncirvari bahalaşmaya səbəb olur. Məsələn, nəqliyyat cərimələri.  Həm vətəndaşa, həm də dövlətə faydasız olduğu halda, cərimələrin qiymətləri niyə qaldırılır? Dövlət büdcəsinə də faydası olmayan bu cərimələrdən toplanan vəsaitin yükü vətəndaşın üzərinə düşür. Lazımi səviyyədə dayanacaqlar yaratmayıblarsa, pul qazanmağın yolunu cərimələrdə tapa bilməzlər. 

F. Mustafa əlavə etdi ki, müharibədən əvvəlki yaşamımızla sonrakı dövr arasında fərq görünməlidir: “Azərbaycanlılar çox istedadlı xalqdır. “Daşdan pul çıxardan” insanlarımız çoxdur. Amma daşın üstünü bağlayıb, “toxunmaq olmaz” deyiriksə, onda o qazancı kəsmiş oluruq. Ona görə də inhisarçılıq, özbaşınalıq ləğv olunmalıdır. Dəfələrlə təklif etmişik, təcili rəqabət məcəlləsi qəbul olunmalıdır. Buna da nail olacağıq, əminəm. İmtiyazlı məsələlərdə ədalət olmur. İqtisadi azadlıqların verilməsi vacibdir ki, ölkədə müəyyən dərəcədə buzu sındırmaq olsun. Bunun üçün hər birimiz mübarizə aparmalıyıq.

Əsli TELMANQIZI