Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycanda minimum pensiyanın məbləği artırılacaq

- Elə əlillər var ki, pensiyaları  dayandırılıb. Onların pensiyalarının yenidən hesablanması ehtimalı varmı?

17.11.2021 13:50
65
A+
A-

Azərbaycanda minimum pensiyanın məbləği artırılır. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bilidirib ki, gələn il orta aylıq pensiyanın məbləği 327 manatdan 343 manata qaldırılacaq. “Yaşa görə pensiyanın məbləği isə 331 manatdan 372  manata çatacaq. Digər pensiya növlərində də artımlar olacaq. Əlilliyə görə pensiyanın məbləği 38 manat artaraq 261 manatdan 299 manata, ailə başçısını itirməyə görə pensiyanın məbləği isə 35 manat artaraq 263 manatdan 298 manata çatacaq.

Yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya məbləğinin artırılması, təbii ki, əhali tərəfindən müsbət hal kimi qarşılanıb. Amma xüsusilə yaşlı və həssas təbəqələri bu artımların fərdi və ümumi qaydada hesablanması mexanizminin necə olacağı maraqlandırır. Bu marağı və şərhə ehtiyacı olan digər məsələləri nəzərə alaraq millət vəkili Vüqar Bayramova bir neçə sualla müraciət etdik. İlk növbədə 2022-ci ildə gözlənilən sosial vəziyyət barədə proqnozlarını öyrənmək istədik. Dedi ki, gələn ilin yanvar ayında pensiyaların indeksasiyası həyata keçiriləcək. İndeksasiyanın 4.8 faizli olacağı gözlənilir. Lakin, ilkin proqnozlara əsasən, nominal orta əməkhaqqı növbəti ildən 5 faiz artacaq. Gələn il yanvar ayında pensiyalara  məhz 5 faizlik indeksasiya tətbiq olunacaq.  Bu da,  təbii ki, pensiyaların gələn ilin yanvar ayında 5 faiz artması anlamına gəlir. Eyni zamanda 1.4 milyard manatlıq sosial paket 2022-ci ildə maliyyələşəcək. Yəni  sosial paket çərçivəsində artıq həm digər  pensiya növlərinin il ərzində necə dəyişməsi, həm də artırılması müəyyənləşəcək. İlkin proqnozlar ondan ibarətdir ki, minimum əməkhaqqında da 50 manat artım olacaq. Belə ki, 250 manatdan 300 manatadək yüksələcək. Minimum və orta pensiyada da artım proqnozlaşdırılır. Bu baxımdan növbəti ildən minimum pensiya və əməkhaqqı məbləğlərində də artımlar olacağı gözlənilir.

- Elə əlillər var ki, pensiyaları  dayandırılıb. Onların pensiyalarının yenidən hesablanması ehtimalı varmı?

- Bu hər kəsi düşündürən sualdır. Əlillik müddəti başa çatmış vətəndaşlarımız yenidən əlaqədar qurumlara müraciət etmək hüququna malikdirlər. Nə səbəbdənsə bu hüquqdan hamı istifadə etmir. Edilən müraciətlər isə cavabsız qalmır. Hətta elə vətəndaşlar var ki, tam həqiqəti bilmələri üçün ehtiyac olduqda yenidən müayinədən keçirilir və obyektiv qərar verilir. Mənə də bu məsələ ilə bağlı deputatı olduğum Füzuli rayonu əhalisindən müraciətlər gəlib. O müraciətlər əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərmişdim. Adları siyahıdan keçən hər bir füzulilinin sənədləri yoxlanıldı, həqiqi əlilliyi olanlar heç bir çətinliklə üzləşmədilər. Onu da əlavə edim ki,  əlilliyin müəyyənləşdirilməsi qaydaları dəyişib. Artıq gələn ilin ikinci yarısından etibarən faizlər tətbiq olunacaq və həmin faizlərə uyğun olaraq da əlilliyin müəyyənləşdirilməsi həyata keçiriləcək.

- Qocalığa görə pensiyanın  məbləği nə qədər olacaq? 

- Qocalığa görə verilən müavinət,  təbii ki, minimum pensiya məbləğinə uyğun olaraq müəyyənləşəcək. Gözlənilir ki, yanvar ayında konkret rəqəm elan olunsun. Onu da qeyd edim ki, yığımı və 25 illik stajı olmayanlar qocalığa görə müavinət alırlar . Qocalığa görə müavinət hazırda  kişilərdə 65 yaşdır. Əvvəllər bu 67 yaş idi.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: