Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İşsizlər və ixtisaslı kadr  axtaran müəssisələr

Hazırda peşə ixtisası olmayan və ya ənənəvi peşələrə sahib kifayət qədər iş axtaran var. Digər tərəfdə isə, tamamilə yeni formata keçmiş, yeni biliklərə, xüsusilə rəqəmsal bacarıqlara sahib çox sayda işçiyə ehtiyacı olan müəssisələr.

15.04.2021 11:09
57
A+
A-

Hazırda peşə ixtisası olmayan və ya ənənəvi peşələrə sahib kifayət qədər iş axtaran var. Digər tərəfdə isə, tamamilə yeni formata keçmiş, yeni biliklərə, xüsusilə rəqəmsal bacarıqlara sahib çox sayda işçiyə ehtiyacı olan müəssisələr.

Başqa sözlə, işçilər işsizlikdən şikayətlənir, işəgötürənlər isə işçi çatışmamasından. İlk baxışda hər iki tərəf haqlıdır. Hər iki tərəfin tələblərini uyğunlaşdırmaq üçün nə etmək lazımdır?

Millət vəkili Vüqar Bayramov bildirdi ki, hazırda dövlət tərəfindən peşə təliminin gücləndirilməsi gündəmdədir. Nəzərə alsaq ki, həm kursların təşkil edilməsi, həm də bu istiqamətdə daha innovativ mövzuların təqdim olunmasına çalışılır. Rəqəmsal iqtisadiyyat, rəqəmsal idarəetmə ilə bağlı xüsusi kursların təşkil edilməsi, xüsusən də regionlarda dövlət qurumları tərəfindən belə kursların təşkil edilməsi məqsədəuyğun hesab olunur. Çünki əsasən də regionlarda rəqəmsal və innovativ iqtisadi biliklərin artırılmasına ehtiyac var. Reallıq bundan ibarətdir ki, rəqəmsal biliklər fonunda regionlarla Bakı arasında böyük fərq var. Bu fərqin aradan qaldırılması üçün də həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatlarının bu istiqamətdə aktiv olması, innovativ mövzularla bağlı, xüsusən də rəqəmsal iqtisadiyyat ilə əlaqəli təlimlərin keçirilməsi vacibdir. Çünki bu tədbirlər gənclərimizin iş ilə təmin olunmasına müsbət təsir göstərə bilər.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə dedi ki, hələ qədim dövrlərdən başlayaraq, sənaye inqilabları bir çox ənənəvi peşələri sıradan çıxarıb. Nəticədə çoxsaylı işsizlər ordusu yaranıb. Sual yarana bilər ki, bununla bağlı Avropa İttifaqı nə etdi? Onlar qısamüddətli təhsil proqramları hazırladılar və bu çərçivədə insanların peşəyönümünü dəyişdirmək istiqamətində ciddi layihələr həyata keçirdilər. Ölkəmizdə isə məşğulluq mərkəzləri belə peşəyönümlü kursları təşkil etməyə başlayıb və bununla bağlı İşsizlikdən Sığorta Fondundan da müəyyən vəsaitlər  ayrılır. Amma bu nə qədər kifayətdir? Xüsusən regionlar əhatə edilmədiyindən tam olaraq bütün ehtiyacları ödəmir. Ona görə də çoxsaylı işsiz insan olduğu halda, çoxsaylı vakansiyalar da var. Vakansiyaların olmasının səbəbi zəruri ixtisaslı işçilərin tapılmamasıdır. Bu problemin aradan qaldırılması üçün hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq Agentliyi vasitəsilə müəyyən layihələr həyata keçirir. Fikrimcə, bunun dairəsi daha da genişləndirilməlidir, əmək bazarında ehtiyaclar öyrənilməli, ən əsası regionları da əhatə etməlidir.

S.Məmmədov əlavə etdi ki, rəqəmsal bacarıqların tədrisi ilə məşğul olan çoxsaylı kurslar bütün vətəndaşlar üçün heç də əlçatan deyil. Bölgələrdə də, demək olar ki, yox dərəcəsindədir. Hesab edirəm ki, məşğulluq strategiyasının tədbirlər planında müəyyən layihələr nəzərdə tutulmalı idi. Amma bu məsələlərə heç toxunulmayıb. Dövlət bu məsələyə diqqəti artırmalıdır. Texniki peşə məktəblərinin nəzdində rəqəmsal bacarıqların tədrisi ilə məşğul olan kurslar açılmalıdır. Bu kurslar ya pulsuz olmalı, ya da Məşğulluq Agentliyinin göndərişi əsasında, həmin agentliyin ödədiyi vəsait hesabına həyata keçirilməlidir.

İqtisadçı-ekspert Natiq Cəfərli də məsələyə münasibət bildirdi. Dedi ki, Azərbaycanda həm ali məktəblərdə, həm də texniki peşə məktəblərində yeni bir yanaşmaya, yeni ixtisaslar üzrə mütəxəssislərin yaranmasına ehtiyac var. Hətta bizim universitetlərdə sovet dövründən belə qalma ixtisaslar var. Texniki peşə məktəbləri isə günümüzün tələblərinə, ümumiyyətlə, cavab vermir. Monitorinq aparılmalıdır. Təhsil Nazirliyi həm xarici, həm də yerli mütəxəssisləri cəlb etməklə əmək bazarının yaxın 10 ildə planlaşdırılması ilə bağlı müzakirələr, fikir mübadiləsi aparmalıdır ki, əmək bazarı necə dəyişəcək. Çünki tarix boyu əmək bazarı dəyişib. Misal üçün, 19-cu əsrin ortalarında dünyada  ən çox yayılmış, əsasən də Avropada əsas peşələrdən biri küçə lampalarını yandırmaq olub. Çoxlu sayda lampa olduğu üçün çoxlu sayda işçi var idi. Elektirik enerjisi kəşf edildikdən sonra, ümumiyyətlə, bu peşə yaddan çıxdı. Yəni elmin tərəqqisi, yeni texnologiyaların kəşf edilməsi, yeni peşələrin, yeni sahələrin yaranmasına səbəb olur. Azərbaycan isə texniki peşə məktəbləri və universitetlərdə yeni ixtisasların yaranması və tədris planının təşkili ilə bağlı çox gecikir. Həddindən artıq gecikmələr olduğu üçün, əmək bazarında balans yaranmır.

N.Cəfərli əlavə etdi ki, rəqəmsal bacarıqları tədris edən kursların bütün vətəndaşlar üçün əlçatan olmasının iki yolu var. Birincisi, qiymətlərin aşağı düşməsidir. Nazirlər Kabineti qərar verə bilər ki, rəqəmsal bacarıqların tədrisi kurslarına gedən şəxslər 3-5 illik bütün vergilərdən azad edilsin. Beləliklə, yeni kursların, yeni oyunçuların, yeni mərkəzlərin yaranması asanlaşacaq. Bu sahədə çox sayda kurslar yarandıqca rəqabətli mühit artacaq və bu da qiymətlərə müsbət təsir edəcək.

İkincisi isə, dövlət özü Təhsil Nazirliyi xətti ilə, ya da ki, biznes nümayəndələri və dövlətin birgə fəaliyyəti ilə pulsuz kursların təşkilinə qərar verə bilər ki, gələcəyə hesablanmış , güclü kadr bazası yaradılsın. Bunun nəticəsində də bir müddətdən sonra bu kurslara maraq artacaq, yeni mütəxəssislər yaranacaq və nəticə etibarilə əmək bazarında müsbət dəyişikliklər yaranaraq, balans qorunacaq, paradoks aradan qalxacaq.

 

Gülöyşə MƏMMƏDLİ