Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qanun layihələri ikinci oxunuşda qəbul olunub

Səsvermə zamanı 17 maddədən ibarət olan “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

24.11.2021 10:43
6
A+
A-

Noyabrın 23-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin  növbəti plenar iclası keçirilib. Büdcə zərfinin ikinci oxunuşda müzakirəyə çıxarıldığı  iclasda hökumət üzvləri də iştirak ediblər.

İclasda 24 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra cari məsələlərin müzakirəsinə başlanıb.

Spiker Sahibə Qafarova xatırladıb ki, ikinci oxunuşda parlamentə təqdim olunmuş 24 məsələdən 22-si gələn ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələridir.

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) məsələni təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, qanun layihəsi barədə birinci oxunuş zamanı həm hökumət üzvləri, həm də parlamentarilər tərəfindən ətraflı məlumat verilib. Büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuş üçün komitələrdə müzakirəsi geniş formada təşkil edilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bütün komitələrin deputatlarının və aidiyyəti dövlət orqanlarının iştirakı ilə ətraflı müzakirələr aparılıb və sənədə müsbət rəy verilib.

Layihədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi gəlirlərinin 26 milyard 816 milyon manat, xərclərinin isə 29 milyard 879 milyon manat məbləğində nəzərdə tutulduğunu xatırladan komitə sədri büdcədəki bir sıra mühüm göstəriciləri də təkrarən yada salıb. Parlamentin komitə və plenar iclaslarında aparılan geniş və peşəkar müzakirələri Milli Məclislə hökumət arasında olan səmərəli əməkdaşlığın mühüm göstəricisi kimi dəyərləndirib.

Sonra iclasda müzakirələr başlanıb. Deputatlar qanun layihəsi barədə rəy və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıblar.  Təmsil etdikləri bölgələrdəki problemlərin həllinin büdcədə nəzərə alınmasına çalışıblar. İnflyasiya, süni qiymət artımı, bahalaşma, inhisarçılıq, xüsusən regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi, investisiyaların səmərəliyinin artırılması və s. ilə bağlı məsələ qaldırıblar.

Millət vəkili Fazil Mustafa büdcə müzakirələri zamanı bildirib ki, XXI əsrdə məşğulluğun strukturunda aqrar sektorun payı kənd rayonlarında 50 faizdən yuxarıdır. Sənayeləşmə və şəhərləşmə tempi çox aşağıdır. Sənayenin rentabelli sahələrinə özəl investisiyanın yatırılması üçün kənd rayonlarında bütün maneələr aradan qaldırılmalıdır. Bunun üçün təklif edirəm ki, iqtisadi rayonların modelində 25-30 say arası inzibati ərazi vahidi yenidən qurulsun. Yəni rayonları birləşdirməliyik. Qayıdışı təmin etmək üçün idarəetməni sadələşdirməliyik. Bir sıra nazirliklər rayonlara köçürülməlidir. Bakının sənaye, emal potensialını bölgələrə daşımaq lazımdır.

Millət vəkili Naqif Həmzəyev deyib ki, bu gün sevindirici haldır ki, orta və ali təhsil müəssisələrimizdə tədris üçün gərəkli olan bütün müasir texnologiyalar əlçatandır. Amma unutmamalıyıq ki, elm və texnologiya sürətlə dəyişir və inkişaf edir. Bu dəyişikliklərə uyğunlaşmaq və yeni avadanlıqların davamlı təchizatı üçün Təhsil Nazirliyinə xüsusi vəsait ayrılmalıdır. N.Həmzəyev vurğulayıb ki, növbəti diqqət mərkəzində saxlanılmalı əhəmiyyətli məsələ isə işsizlik problemidir: “Bunun ən böyük səbəblərindən biri isə universitetlərimizdə, xüsusilə də region universitetlərində dövrün tələblərinə cavab verən, mövcud əmək bazarında davamlı olan ixtisasların azlığıdır. Faktiki olaraq bu gün məzunlarımızın böyük bir qismi təhsil aldıqları sahə üzrə əmək bazarında iş tapa bilmir. Bu isə bilavasitə işsizlik səviyyəsini və dövlətin yükünü artırır. Biz mütləq universitetlərdə tədris edilən az tələbatlı ixtisasları yeni, dövrün tələblərinə uyğun ixtisaslarla əvəz etməliyik”.

Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, 2022-ci ilin dövlət büdcəsi dövlətin növbəti ildə ölkəmizin qarşısında duran hədəflərə çatmasına və yaranacaq çağırışlara cavab verməsinə lazımi maliyyə imkanı yaradacaq: “Gələn ilin dövlət büdcəsində xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi üçün 2022-ci il yanvarın 1-dən əməkhaqlarının və əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılmasının qarşıya mühüm vəzifə kimi qoyulması da ölkəmizdə mütərəqqi sosial siyasətin diqqət mərkəzində saxlanılmasından xəbər verir. Büdcədə sosial xərclərin 46,4 faizə çatdırılması və 2021-ci illə müqayisədə 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artırılması bunun bariz ifadəsidir. Büdcədə bu xərclərin maliyyə tutumunun 13 milyard 851 milyon manata çatdırılması nəzərdə tutulur. Həmin xərclərin 60 faizi əməyin ödənilməsi ilə bağlıdır. Belə ki, 2022-ci ildə əməyin ödənilməsinə 8 milyard 97 milyon manat məbləğində vəsait təklif olunur. Sosial təminat xərcləri üçün dövlət büdcəsində 3 milyard 566 milyon manat vəsait nəzərdə tutulur. Gələn il təhsil xərclərinə büdcədən 3 milyard 884 milyon manat,  səhiyyə sahəsinə isə 1 milyard 789 milyon manat vəsait ayrılması nəzərdə tutulub”.

Deputat deyib ki,  yeni büdcə zərfində əvvəlki illərdə olmayan bir çox yeniliklər öz əksini tapıb. Azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması üçün 2,2 milyard manat vəsaitin ayrılması qayıdışı sürətləndirməklə yanaşı, həm də beynəlxalq miqyasda işgüzar dairələrin ciddi marağına səbəb olub.

S.Möhbalıyev bildirib ki, 2022-ci ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi gücünün və potensialının, gələcək üçün atılacaq addımların sübutu kimi qiymətləndirilib. Xüsusilə gəlirlər və xərclər istiqaməti üzrə büdcə rasional şəkildə tərtib olunub. Milli prioritetlər olaraq müəyyənləşdirilmiş bütün sahələrin inkişafı üçün vacib məsələlər, eləcə də dünyada gedən proseslərlə əlaqədar yeni çağırışlar nəzərə alınıb.

Bu il ölkədə iqtisadi artımın bərpası və sürətlənməsində pandemiya ilə bağlı hökumətin iqtisadiyyata genişmiqyaslı dəstək proqramlarının həyata keçirilməsi mühüm rol oynayıb. COVID-19 pandemiyasının göstərdiyi  təsirlərin aradan qaldırılması üçün ölkə başçısının bilavasitə rəhbərliyi altında hazırlanan və reallaşdırılan antiböhran proqramı, testləşdirmə, vaksinləşdirmə resurslarına tez və adekvat çıxış, səhiyyə infrastrukturunun gücləndirilməsi, miqyaslı yardım proqramlarının reallaşdırılması ölkəmizdə iqtisadi tənəzzülün qarşısını alıb, cari ildə iqtisadiyyatın bərpa və artımını gerçəkləşdirib.

Müzakirələrdən sonra iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək büdcə zərfi ilə bağlı deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, suallara cavab veriblər.

Səsvermə zamanı 17 maddədən ibarət olan “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Sonra iclasda “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinə (ikinci oxunuş) baxılıb. Məsələni təqdim edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, qanun layihəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2022-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin göstəricisindən 429 milyon manat və ya 8,8 faiz çoxdur.

Plenar iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov məşğulluq məsələləri, regionlarda yeni iş yerlərinin yaradılması və s. ilə bağlı deputatların qaldırdıqları məsələlərə ətraflı şərh verib, konkret faktlara istinadən görülmüş işləri deputatların nəzərinə çatdırıb.

Deputatlar 6 maddədən ibarət “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinə ikinci oxunuşda müsbət münasibət bildiriblər.

Sonra iclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirib ki, İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 180 milyon 375 min 536 manat məbləğində nəzərdə tutulub.

5 maddədən ibarət bu qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Bununla da Milli Məclisin növbəti iclası başa çatıb.

ETİKETLƏR: