Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Torpaq sahəsinə dair əqdlər necə rəsmiləşdirilir? Burada nələr qeyd edilməlidir?

Torpaq sahəsinə dair əqdlər necə rəsmiləşdirilir? Burada nələr qeyd edilməlidir?

15.04.2021 11:33
18
A+
A-

Torpaq sahəsinə dair əqdlər necə rəsmiləşdirilir? Burada nələr qeyd edilməlidir?

Səməd VƏKİLOV, Şirvan şəhəri.

 

- Torpaq sahəsinə dair əqdlərin rəsmiləşdirilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 93-cü maddəsi ilə müəyyən edilmişdir. Maddəyə əsasən, torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir.

Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir.

Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, müqavilədə aşağıdakılar göstərilməlidir:

- müqavilənin tərəfləri; müqavilənin növü; müqavilənin predmeti, torpaq sahəsinin planı və ölçüsü, məhdudiyyətlər və servitutlar da daxil olmaqla, torpaq sahəsinin hüquqi rejimi, dövlət torpaq reyestrində qeydiyyat nömrəsi, torpaq sahəsində yerləşən daşınmaz əmlak barədə məlumatlar (tikililər, qurğular, çoxillik əkmələr, sututarlar və digər obyektlər); müqavilənin bağlanmasından əvvəl torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakın əldə edilməsinin əsasları (alqı-satqı, vərəsəlik, bağışlama və ya digər əsas); torpaq sahəsi və onunla bağlı olan daşınmaz əmlaka dair qadağalar qoyulması (əmlakın həbs edilməsi və ya digər səbəb nəticəsində) barədə qeydlər; torpaq sahəsi üzərində üçüncü şəxslərin məhdudiyyət öhdəliklərinin olub-olmaması barədə göstərişlər (ipoteka, icarə, xüsusi istifadə rejimi, servitutlar və digər göstərişlər); torpaq sahəsi üzərində hüquqların verilməsi tarixi; əqdin qiyməti və onun həqiqiliyi barədə tərəflərin öz imzaları ilə təsdiq edilmiş ərizələri; tərəflərin öhdəlikləri.

 

Yaşı 18-dən az olan işçilərlə bağlanmış əmək müqaviləsinə hansı hallarda xitam verilə bilməz?

 

Çimnaz ƏLİYEVA, Xırdalan şəhəri.

 

- Yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin bəzi özünəməxsus xüsusiyyətləri mövcuddur. Bunlardan biri də əmək müqaviləsinin ləğv edilməsində bu işçilərə müəyyən təminatların verilməsidir.

Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müəyyən qərar qəbul edildikdə, əmək müqaviləsi bu əsasla işəgötürən tərəfindən ləğv edilə bilər.

Qeyd edilən əsasla əmək müqaviləsinin ləğvi zamanı təşkilatda yaradılmış attestasiya komissiyasının müvafiq qərarı və əmək müqaviləsini ləğv etmək üçün işəgötürənin əmri (sərəncamı, qərarı) olmalıdır.

Lakin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi yaşı 18-dən az olan işçilərə şamil edilmir. Belə ki, həmin Məcəllənin 66-cı maddəsində attestasiya olunmayan işçilərin siyahısında yaşı 18-dən az olan işçilər də sadalanır.

Eyni zamanda Əmək Məcəlləsinin 255-ci maddəsində bu təminat birbaşa qeyd edilmişdir. Əmək müqaviləsinin ləğv edilməsində yaşı 18-dən az olan işçilərin təminatı adlanan həmin maddəyə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, yaşı 18-dən az olan işçinin əmək müqaviləsi ləğv edilə bilməz.

 

İş yerində ixtisar gedirsə, hansı işçilər ixtisar olunmaya bilər?

 

Sevinc FƏRZƏLİYEVA, Sumqayıt şəhəri.

 

- Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Lakin işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər də qanunvericiliklə müəyyənləşdirilmişdir.

Belə ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda, aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:

şəhid ailəsinin üzvlərinə;

müharibə iştirakçılarına;

əsgər və zabitlərin arvadına (ərinə);

öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;

həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə;

xüsusi məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;

kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

 

Nağdsız hesablaşma dedikdə, nə başa düşülür?

 

Lalə ƏLİZADƏ, Bakı şəhəri.

 

- “Nağdsız hesablaşmalar haqqında” qanuna əsasən, nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur:

- bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar;

- ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar;

- birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.

ETİKETLƏR: