Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hər iki tərəf vergi ödəyicisi olarsa, onlar arasında hesablaşmalar necə aparılır?

Hər iki tərəf vergi ödəyicisi olarsa, onlar arasında hesablaşmalar necə aparılır?

22.04.2021 12:13
24
A+
A-

Hər iki tərəf vergi ödəyicisi olarsa, onlar arasında hesablaşmalar necə aparılır?

Vəli ƏHMƏDOV, Bakı şəhəri.

- Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər. Bu hesablaşmalar bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalardır.

 

Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsi “Gender bərabərliyinin təminatları haqqında” qanunda necə göstərilib?

 

Sənəd VEYSƏLOV, Gəncə şəhəri.

 

- “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu 2006-cı ildə qəbul edilmişdir.

Gender bərabərliyi qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyətidir.

Qanuna əsas cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır və aşağıdakılar ayrı-seçkilik hesab olunmur:

- qadınlar üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş güzəştlər, imtiyazlar və əlavə təminatlar;

- kişilər üçün həqiqi (alternativ) hərbi xidmətə çağırış;

- kişi və qadınlar üçün qanunla müəyyənləşdirilmiş pensiya və nikah yaşı;

- Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 15-ci maddəsinin tələblərinə uyğun olaraq ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması;

- kişi və qadınlar üçün cəzaçəkmə müəssisəsində fərqli şəraitin yaradılması;

- gender bərabərliyinin təmin edilməsi məqsədilə və xüsusi tədbirlərin həyata keçirilməsi.

 

Dövlət qulluqçusu kimi pensiya alıram, həm də işləyirəm. Əməkhaqqımdan məcburi dövlət sosial sığorta haqqının tutulması düzgündürmü? Bu tutulmalardan sonra pensiyama əlavə pul hesablana biləcəkmi?

Əliş XƏLİLOV, İmişli rayonu.

 

- “Sosial sığorta haqqında” qanuna əsasən, sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur.

Məcburi dövlət sosial sığortası sığorta edənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Eyni zamanda qanunda nəzərdə tutulan hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar.

Həmin Qanunun 12-ci maddəsində məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər siyahısında əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşları olmayan şəxslər də göstərilir. Burada əmək pensiyası alan şəxslər istisnalıq təşkil etmir. Odur ki, adıçəkilən Qanuna əsasən, dövlət qulluğu ilə yaşa görə əmək pensiyası alsanız da, əməkhaqqınızdan məcburi dövlət sosial sığortası tutulmalıdır.

Bu tutulmalardan Sizin pensiyanıza əlavə hesablanmayacaq. “Əmək pensiyaları haqqında” qanuna əsasən, əvvəllər işlədiyiniz dövlət qulluğu vəzifəsi üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə Sizin əmək pensiyanıza əlavələr yenidən hesablanacaq.

 

Qadının hamiləliyinə görə işəgötürən onunla əmək müqaviləsini qanunsuz olaraq ləğv edərsə, bu, Cinayət Məcəlləsində hansı məsuliyyəti yaradır?

Sənubər ZAMANOVA, Bakı şəhəri.

- Cinayət Məcəlləsinin 164-cü maddəsində hamilə və 3 yaşına qədər uşağı olan qadınların əmək hüququnun pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, qadının hamiləliyinə və ya himayəsində 3 yaşınadək uşağı olmasına görə, həmçinin kişi 3 yaşınadək uşağını təkbaşına böyütdüyünə görə onunla əmək müqaviləsini əsassız ləğv etməyə görə işəgötürən 2000 manatdan 3000 manatadək cərimə olunur.

ETİKETLƏR: