Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Türkiyədə lirə böhranı Azərbaycan iqtisadiyyatına hansı təsirləri göstərmək gücündədir

Bu və digər məsələləri iqtisadçı-ekspert Natiq Cəfərli ilə araşdırdıq.

01.12.2021 13:15
102
A+
A-

- Natiq müəllim, Türkiyə liderlərinin “faiz səbəb, inflyasiya nəticədir” tezisini təkrarlamaqda israrlı olması ölkə valyutasını dollar qarşısında yenidən 2,6% ucuzlaşdırıb. Lirənin belə bir vəziyyətində son vaxtlar ölkəmizdə bəzi iqtisadçı-ekspertlər Türkiyə-Azərbaycan arasında ticarət əlaqələrinin milli valyutalar ilə aparılması təklifini səsləndirirlər. Bu təkliflərə münasibətiniz necədir?

- Bəli, Türkiyə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Əslində bu təkliflər qulağa xoş gəlsə də,  praktiki cəhətdən yerinə yetirilməsi mümkün deyil.  Çünki Azərbaycan manatı daha dayanıqlıdır. Yəni inzibati qaydada tənzimlənir deyə məzənnə dəyişiklikləri yoxdur. Azərbaycanda, hələ ki, üzən məzənnə rejiminə keçilməyib.  Praktiki olaraq manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının yanaşmasından asılıdır. Yəni Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır.  Amma türk lirəsi həddindən artıq dəyişkəndir. İş adamları hansısa müqavilələr bağlanarkən oynaqlıq nəticəsində ciddi problemlərlə qarşılaşa bilərlər. Misal üçün, bu günlərdə  müqavilə imzalanarkən türk lirəsinin dollara nisbəti  12 lirə ola bilər, müqavilə yerinə  yetirilməyə az qalmış isə bu, 10 lirəyə düşər, yaxud 15 lirəyə qalxar. Prosesin belə gedişatı da ciddi problemlər yaradır.

Bir neçə dəfə bəzi ölkələr də buna cəhd ediblər. Məsələn, dünyada ən çox yaddaqalan hadisə Çin ilə Rusiya arasında oldu ki, onlar 2016-cı ildə qarşılıqlı milli valyuta ilə bağlı ticarətə qərar verdilər və adını da dollardan imtina qoydular. Doğrudan da dollar azaldı və əvəzinə avro artdı. Nə rus rublu ilə, nə də yuanla ticarət etmək mümkün olmadı. Düzdür, dolları azaldıb, əvəzində avroya keçsələr də, yenə ciddi bir dəyişiklik olmadı. Yəni dünyada ticarət əsasən dollar ilə aparılır və dünya ticarətinin 72 faizi dollar üzərindəndir.   Bunun əsas səbəbi odur ki, dollar sabit və konvertləşdirilmiş valyutadır.  Ona görə də məzənnə risklərini minimuma endirmək üçün bütün dünya üzrə iş adamları  dollar ilə müqavilələr bağlayır. Yəni bu, obyektiv reallıqdan irəli gəlir.

- Türkiyədə lirənin ucuzlaşması iqtisadi münasibətlərə necə təsir göstərə bilər?

- Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsində təxminən 1,7 milyard dollar həcmində  müsbət saldoya malikdir və biz həm ümumi ticarət dövriyyəsi, həm də qeyri-neft ixracatında Türkiyəyə ixrac edilən və Türkiyədən idxal edilən məhsulların strukturuna diqqət yetirsək, türk lirəsinin ucuzlaşması bizim ticarət dövriyyəmizə ciddi təsir göstərməyəcək. Lakin  Azərbaycana gətirilən türk mallarının həcmi artacaq. Çünki hazırda Türkiyədən  həm geyim,  həm də məişət texnikaları idxal etmək sərfəlidir. Bir müddətdən sonra qiymətlərdə pozitiv dəyişikliklər olması da gözlənilir. Amma bu həm də onunla əlaqəli ola bilər ki, ölkəmizdə rəqabət genişlənsin. Yəni Türkiyədən mal gətirən və satan şirkətlərin sayı artsın. Bəli, beləliklə, rəqabətli mühit şəraitində qiymətlərdə müəyyən ucuzlaşmalar ola bilər.

- Artıq 5 ilə yaxındır ki, Türkiyənin iqtisadiyyatını inkişafdan saxlamaq məqsədilə  ABŞ və Avropa Birliyi dövlətləri tərəfindən müxtəlif səviyyəli sanksiyalar tətbiq olunur və digər təsirlər göstərilir. Bu təsirlər müəyyən vaxt kəsiyində lirənin  kursunun az və çox dərəcədə aşağı düşməsinə səbəb olur və hər dəfə də Türkiyə vəziyyətdən çıxmağı bacarıb. Qısa müddətdə lirənin sabitliyini təmin edib. Qardaş dövlətimizin növbəti dəfə də lirənin sabitliyini yaxın vaxtlarda təmin etmək imkanları varmı? Bu məqsədlə hansı addımlar atılır?

- Doğrudan da Türkiyə bizim üçün ən önəmli ölkələrdən biridir və  bir çox məsələlərdə dayağımız olub. Həmçinin kifayət qədər geniş, birgə layihələrimiz var. Amma lirənin qeyri-sabitliyi tək Qərb dövlətlərinin müəyyən sanksiyalarından irəli gəlmir. Təbii ki, bunların da təsiri var. Amma bu, daha çox daxildəki struktur problemlərindən qaynaqlanır. Mərkəzi Bankın müstəqilliyinin zəifləməsi, xarici ticarət saldosunda mənfi saldonun olması, son vaxtlar enerjidaşıyıcılarının qiymətlərinin kəskin artması-bütün bunlar qardaş ölkənin iqtisadiyyatına, lirənin məzənnəsinə mənfi təsir göstərən əsas amillərdir. Bir də ki,  daha çox xarici borc məsələsi var. Türkiyənin özəl sektorlarının 400 milyarddan yuxarı xarici borcu var və borcun qaytarılması ərəfəsində dollara olan tələbat artdı ki, bu da lirənin ucuzlaşmasına səbəb oldu. Amma müəyyən müddətdən sonra sabitləşmə olsa da,  hər dəfə lirə artdı, məzənnə isə aşağı düşdü. Son 3 ilə baxsaq görərik ki, 1 dollar 4 lirə 5 quruş idi,  indi 12 lirəyə qalxıb.  Az qala 3 dəfəyə yaxın artım var. Hər dəfə bir neçə müddətdən sonra sabitləşmə olub. İndi də olacaq. Lirə daim ucuzlaşa bilməz. Bu, iqtisadi məntiqə, iqtisadi qanunlara da ziddir.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: