Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Rüsumların artırılması...

hansı metodologiyaya əsaslanaraq hesablanır?

08.12.2021 11:40
38
A+
A-

Milli Məclisin ötən həftə keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarıldı. İclasda bir sıra rüsumların artırılması, nağdsız ödənilməli olan xidmətlər və qanunla dəyişikliyi təsdiq edildi.

Rüsumların artırılmasının büdcəyə təsirlərindən danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirdi ki, ilk növbədə şəhid ailələri, müharibə iştirakçıları, qazilərimiz, onların sağlamlığı, problemlərinin həlli istiqamətində atılan addımlar dövlət büdcəsi hesabına həyata keçirilir. İkinci prioritet istiqamətimiz bizim böyük qayıdış proqramının reallaşdırılmasıdır. Belə ki, Qarabağda böyük işlərin həyata keçirilməsi, müdafiə qüdrətimizin möhkəmlənməsi sosial tədbirlərdən sonra ikinci önəmli məsələlərdir. Ona görə də əlbəttə qanuna edilən dəyişikliklər öz bəhrəsini verəcək”.

İqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli də məsələyə münasibət bildirdi. O, qeyd etdi ki, dövlət büdcəsini formalaşdıran gəlir elementlərindən biri rüsumlar və vergilərdir: “Milli Məclisin müzakirələri zamanı növbəti ildən etibarən 266 müxtəlif maddə üzrə dövlət rüsumlarının artırılması nəzərdə tutulur. Dövlət rüsumlarının məbləğinin artırılması ilk növbədə büdcəyə daxilolmaların artırılması məqsədini daşıyır. Hər il inflyasiya səbəbli və eyni zamanda sosial rifahın artırılması baxımından dövlət büdcəsinin xərcləri artır. Buna qarşılıq olaraq büdcədə gəlirin həcmi təbii ki, paralel şəkildə artmalıdır. Məlumdur ki, dövlət büdcəmizin əsas gəlir hissəsini neft sektorundan daxilolmalar hesabına formalaşdırırıq. Bu, gələn ildə də özünü göstərəcək. Lakin rüsumların və vergilərin artırılması da gəlirin formalaşdırılması və artırılması üçün əlavə dəstək rolunu oynayacaq. Burada diqqət edilməsi vacib olan bir məqam var. Əgər biz büdcəyə dəstək rolu olaraq rüsumların artırılmasından söhbət ediriksə, o zaman qurumlar üzrə rüsum yığımları tam həcmdə büdcəyə köçürülməlidir. Bu isə indiki halda tam olaraq həyata keçirilmir. Yox, əgər rüsumların artırılması sadəcə artan maya dəyərini qarşılamaq məqsədi daşıyırsa, o zaman belə bir sual yaranır: bu xidmətlərin maya dəyərini necə ölçürlər? Maya dəyərinin tərkib hissələrini formalaşdıran fakorlar və xərclər hansılardır? Tutaq ki, nikaha daxil olma və ya nikahın pozulması ilə bağlı rüsum artırılırsa, bu xidmətin maya dəyərini hansı metodologiyaya əsaslanaraq hesablayıb rüsumun artırılmasına qərar verirlər. Düşünürəm ki, bu kimi məqamlara xüsusi diqqət etmək lazımdır. Digər bir sual isə odur ki,  hansı hallarda rüsumlar vətəndaşların büdcəsinə təsir edəcək? Əgər rüsumların həcmi normal illik inflyasiya həddindən çox artırılarsa, bu vətəndaşlara ciddi şəkildə təsir edəcək. Təbii ki, bu artımların insanlara təsirini azaltmaq üçün birmənalı olaraq vətəndaşların da əməkhaqqları və gəlir səviyyəsində mütənasib olaraq artımlar həyata keçirilməlidir. Çünki bəzi xidmət və bu xidmətlər üzrə təyin olunan rüsumlar var ki, onlar istehlak bazarına birbaşa olaraq təsir edir”.

Milli Məclisdə müzakirə olunan digər məsələlərdən biri də “Nağdsız ödənişlər haqqında” qanuna edilən dəyişikliklərlə bağlıdır. Burada müxtəlif ticarət sahələri üzrə aparılan əməliyyatların nağd şəkildə aparılması üçün qoyulan maksimum limitlərdən söhbət gedir. Məsələn, pərakəndə satış üzrə aparılan əməliyyatların həcmi 4000 manatdan yuxarı olduğu təqdirdə, əməliyyatlar nağdsız şəkildə həyata keçirilməlidir. Tibb müəssisələrində tibbi xidmətlər üzrə ödənişlər 500 manatı keçirsə, bütün əməliyyatlar qeyri-nağd formada həyata keçirilməlidir. Elmir müəllim bildirdi ki, bu kimi qanunun tətbiqi zamanı müəyyən nüansları düşünmək lazımdır: “Birinci növbədə, qanunun şamil olunacağı bütün müəssisələrə pos terminalların quraşdırılması təmin olunmalı, eyni şəkildə müəssisələr üçün ehtiyac yarandığı təqdirdə banklarda olan vəsaitlərinin nağdlaşdırılması üçün imkanlar ortaya qoyulmalıdır. İkinci məsələ isə ondan ibarətdir ki,  heç də bütün əhali kütləsi kartlardan istifadə etmir və ödənişlərin kartlarla olunması barədə məlumatlı deyil. Məsələn, elə götürək tibbi müəssisələrin göstərdiyi xidmətlərə görə 500 AZN-dən böyük həcmdə ödənişlərin həyata keçirilməsini. Demək olar ki, bütün tibbi müəssisələrdə xidmətlərin əksəriyyəti, xüsusən də tibbi əməliyyatlar və  sairə həcmi 500 manatdan yuxarıdır. Bu zaman hansısa bölgədən əməliyyat üçün tibbi müəssisəyə yaxınlaşan şəxs ödənişini kartla etməlidir. Amma halbuki, bir çox insanın nağdsız ödənişlər barəsində heç bir məlumatı, fikri və eləcə də, həyata keçirtmə qabiliyyəti yoxdur. Bu durumlarda ilkin olaraq, nağdsız ödənişlərin həyata keçirilməsi insanlara təşviq edilməli, daha sonra qanun şəklində həyata keçirilməlidir”.

 

Aliyə SƏMƏDOVA