Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Eşitmişəm ki, məhkəmə işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə də baxıla bilər, bu, doğrudurmu?

Güllü YAQUBOVA, Bakı şəhəri.

15.12.2021 13:59
11
A+
A-

Eşitmişəm ki, məhkəmə işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə də baxıla bilər, bu, doğrudurmu?

Güllü YAQUBOVA, Bakı şəhəri.

- Bəli, məhkəmə aşağıdakı hallarda məhkəmə icraatını işdə iştirak edən şəxsin, onun nümayəndəsinin (qanuni nümayəndəsinin), vəkilin, şahidin, ekspertin, mütəxəssisin, tərcüməçinin məhkəmənin iclas zalında bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirə bilər:

- işdə iştirak edən şəxslər, onların nümayəndələri (qanuni nümayəndələri), vəkil, şahid, ekspert, mütəxəssis, tərcüməçi ölkədən kənarda və ya ölkə daxilində başqa şəhərdə (rayonda) olmaqla, üzrlü səbəbdən onların məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda;

- tərəflərdən hər hansı birinin bu Məcəllənin 255.0.1-255.0.3-cü maddələrində nəzərdə tutulmuş səbəblərdən məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda və iş üzrə icraat dayandırılmadıqda;

Yəni tərəf Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və başqa silahlı birləşmələrində çağırış üzrə hərbi xidmətdə olduqda və ya digər dövlət vəzifəsini yerinə yetirməyə cəlb edildikdə, tərəf uzunmüddətli qulluq ezamiyyətində olduqda və yaxud tərəf müalicə müəssisəsində olduqda;

- işdə iştirak edən şəxslər, onların qanuni nümayəndələri və şahidlərin azadlıqdan məhrumetmə və ya həbs yerlərində saxlanılması səbəbindən məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda;

- təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə, hərbi vəziyyət və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində işdə iştirak edən şəxslər, onların nümayəndələri (qanuni nümayəndələri), vəkil, şahid, ekspert, mütəxəssis, tərcüməçi müvafiq icraatda bilavasitə iştirak edə bilmədikdə;

- məhkəmə icraatının lüzumsuz uzadılmasının qarşısının alınması məqsədilə digər hallarda.

Məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi üçün məhkəmə öz təşəbbüsü ilə və yaxud tərəflərin əsaslandırılmış vəsatəti əsasında müvafiq qərardad qəbul edir.

 

Bir cinayət işi üzrə hal şahidi kimi  ifadə vermək üçün istintaq orqanına çağırılmışam. Bilmək istəyirəm, istintaqa getdiyim müddət üzrlü hesab ediləcəkmi və mənim əməkhaqqımdan işdə olmadığım müddət üçün pul tutulacaqmı? Buna görə  işdə  problemim olmaz ki?

 

Qulu ƏLİYEV, Qusar rayonu.

- Əmək Məcəlləsinin 179-cu maddəsi ilə işçilərin iş yerinin və orta əməkhaqqının saxlandığı hallar müəyyən edilmişdir. Həmin maddənin 1-ci hissəsinə əsasən,işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir. Maddənin 2-ci hissəsində işçinin iş yeri və orta əməkhaqqı saxlanılan hallar sadalanmışdır.

İşçinin şahid, zərərçəkmiş şəxs, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi sifəti ilə təhqiqat, ibtidai istintaq və məhkəmə orqanlarına çağırılması da iş yeri və orta əməkhaqqı saxlanılan hallara aid edilmişdir. Əvvəlcədən işdə bilavasitə rəhbərinizi (şöbə, sex müdirini) xəbərdar edib və sonra üzərində istintaq orqanında olmağınızı təsdiq edən qeyd aparılmış çağırış vərəqəsini təqdim etsəniz, Sizin iş yerində heç bir probleminiz olmaz.

Qoca və köməksiz anama qulluq etmək üçün ödənişsiz məzuniyyətə çıxmaq istəyirəm. 1 ay ödənişsiz məzuniyyət götürə bilərəmmi?

Məlahət HÜSEYNOVA, Şirvan şəhəri.

- Qanunvericiliyə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

Ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

Əmək Məcəlləsinin 130-cu maddəsində işçilərin xahişi ilə bir iş ilində hansı hallarda və müddətdə ödənişsiz məzuniyyətlərin verilməsi təsbit edilmişdir. İşçinin xahişi ilə həmin maddənin “i” bəndinə görə, ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək, “h” bəndinə görə isə ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək ödənişsiz məzuniyyət verilə bilər. Amma Məcəllənin 129-cu maddəsinin 2-ci hissəsinə uyğun olaraq işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Valideynə qulluq etmək övladların ən ümdə borclarından biridir. Bu müqəddəs borcu yerinə yetirmək üçün Siz Əmək Məcəlləsinin 129-cu maddəsindən yararlana bilərsiniz.

ETİKETLƏR: