Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qarabağda qazanılan qələbənin Brüsseldə davamı

İlham Əliyev qəti mövqeyini diqqətə çatdırdı. Laçın dəhlizi ilə Zəngəzur dəhlizi arasında paralellik apardı.

22.12.2021 12:46
14
A+
A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanla imzaladığı Bəyannamədən sonra Brüssel səfəri dünyanın diqqət mərkəzində idi. Bu səfərdən Azərbaycanın çox böyük gözləntiləri olduğu kimi, Ermənistanın da müəyyən ümidləri var idi.

Bəs Avropa hansı tərəfin ümidlərini daha çox doğrultdu? Bu görüşün nəticəsi olaraq Azərbaycan öz maraqları çərçivəsində hansı məsələləri həll edə bildi?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu görüşlə bağlı fikirlərini bildirərkən dedi ki, Brüssel görüşü birmənalı olaraq Azərbaycanın xeyrinə yekunlaşdı: “Öncə onu qeyd edim ki, əvvəlki görüşlərə nəzər salsaq görərik ki, Brüssel görüşü ötən ilin noyabr ayının 10-da, bu ilin yanvarın 11-də və noyabrın 26-da imzalanmış bəyanatlardakı sənədlərə istinad olunur. Elə bu, bir növ Azərbaycanın qələbəsinin göstəricisidir. Çünki o sənədlərdə Azərbaycanın maraqlarına tam uyğun olan məqamlar öz əksini tapıb. Ermənistanın isə Qarabağın “statusu” iddiasına, ümumiyyətlə, toxunulmadı. Dəmir yolu xəttinin açılması tələbində   İlham Əliyev qəti mövqeyini diqqətə çatdırdı. Laçın dəhlizi ilə Zəngəzur dəhlizi arasında paralellik apardı. Bildirdi ki, orada nəzarət-buraxılış məntəqələri olacaqsa, onda Laçın dəhlizində də olacaq. Ona görə də Paşinyan aydın şəkildə dərk etdi ki, nəqliyyat kommunikasiyalarının açılmasından boyun qaçırmaq qeyri-mümkündür. Bir sözlə, yekun sülh sazişinin imzalanmasından yayınmaq imkanları qazanmağa ümid edən Paşinyan Brüssel görüşündən əliboş qayıtdı, Azərbaycan isə hesab edirəm ki, qazanmış olduğu uğurlarına yeni bir uğur da qatdı”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov da məsələyə münasibət bildirdi. Dedi ki, bu səfəri 10 noyabr tarixindən sonra Ermənistan üzərindəki qələbəmizin və keçmiş münaqişəni tarixə qovuşdurmağımızın təsdiqinin son nöqtəsi hesab etmək olar: “Öncə nəzərə almaq lazımdır ki, orada həm Azərbaycan Prezidentinin, həm də Ermənistan baş nazirinin NATO-nun və Avropa İttifaqının rəhbərləri ilə görüşləri baş tutdu. Cənubi Qafqaz regionunu daim diqqətdə saxlayan bu iki nüfuzlu və dünyada söz sahibi olan təşkilatın rəhbərlərinin mövqeləri həm Azərbaycan, həm də Ermənistan üçün çox ciddi önəm kəsb edirdi. Ermənistan baş naziri Nikol Paşinyan münaqişənin hələ bitmədiyi təsəvvürünü yaratmaq, terrorçuları əsirlikdən geri götürmək məqsədilə ATƏT-in Minsk qrupunu yenidən prosesə cəlb etməyə çalışırdı. Ancaq İlham Əliyev noyabrın 26-da Soçi görüşü zamanı taktiki addım atdı. Ermənistan mina xəritələrini Rusiya vasitəsilə tələb etdi, onun müqabilində də 10 erməninin Ermənistana qaytarılması ilə bağlı humanitar missiyanı həyata keçirdi. Bununla da bu iki məsələnin bir daha Brüsseldə qaldırılması ehtimalının qarşısını aldı.

NATO rəhbəri Yens Stoltenberq və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ötən ilin 10 noyabr, bu ilin 11 yanvar tarixli Moskva və 26 noyabr tarixli Soçi bəyanatlarına istinad edərək onlara riayət edilməsinin vacibliyini qeyd etdilər. Bundan başqa, orada Zəngəzur dəhlizinin müzakirəsi məsələsinə də geniş yer verildi. İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan dövlətinin qəti və prinsipial mövqeyini bir daha kəskin şəkildə Avropanın mərkəzindən bütün dünyaya bəyan etdi və bildirdi ki, bu dəhliz Laçın dəhlizi ilə eyni statusa malik olacaq, onun reallaşmasına heç kim və ya heç nə mane ola bilməyəcək.

Düşünürəm ki, Brüssel görüşü növbəti dəfə Azərbaycanla Ermənistan arasında II Qarabağ müharibəsindən sonra Azərbaycanın siyasi və diplomatik uğuru idi ki, bunu tək biz deyil, elə Ermənistan cəmiyyəti, dövləti və o cümlədən dünyada ermənilərə havadarlıq edən qüvvələr də gördülər. Ümumiyyətlə, görüşlərdə Prezident İlham Əliyevə qalib ölkənin nüfuzlu rəhbəri kimi yanaşılması açıq şəkildə diqqəti cəlb etdi. Azərbaycan - NATO əlaqələrinin, Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasında hərbçilərimizin uğurlu iştirakının yüksək qiymətləndirilməsi və sair məqamlar Ermənistan tərəfinə mövcud problemləri yalnız Azərbaycanla siyasi və diplomatik müstəvidə həll etməkdən başqa yol qoymur.

Aliyə SƏMƏDOVA

 

ETİKETLƏR: