Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İcbari tibbi sığorta özünü doğruldurmu?

Yəni səhiyyə işçiləri, əhali arasında böyük maarifləndirmə işləri aparılmalıdır.

22.12.2021 12:56
27
A+
A-

İcbari tibbi sığorta sistemi 2021-ci il aprelin 1-dən bütün ölkə ərazisində tətbiq olunur. Vətəndaşların əməkhaqqından icbari tibbi sığorta haqları isə ilin əvvəlindən - yanvarın 1-dən tutulur. Növbəti ilin yanvar ayından etibarən əməkhaqqından tutulan icbari tibbi sığorta haqqının məbləğinin faiz dərəcəsi bir az da artacaq. İcbari tibbi sığorta haqqı ödəyiciləri bu sistemin tətbiqindən faydalana bilirmi? Sosial şəbəkələrdə gedən münasibətlərə inansaq, təəssüf ki, heç də tam yox. Vətəndaşların bəziləri lazımi tibbi xidmətlərin siyahıda yer almaması, bəziləri isə həkimlərin pul qazanmaq naminə xəstələri get-gələ salmasından gileylənir. Qeyd olunur ki, dərdinə əlacı xarici ölkələrdə axtaran azərbaycanlıların sayında azalma müşahidə edilmir. Sosial şəbəkə istifadəçilərindən biri yazır ki, deyəsən, icbari tibbi sığorta sisteminin özü anadan xəstə doğulub. İstifadəçilərdən digəri isə soruşur: icbari tibbi sığortanın fəaliyyətini normal vəziyyətə gətirmək mümkün olacaqmı? Biz elə bu sualla da Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədliyə müraciət etdik. O, vətəndaşların narazılıqlarının səbəbsiz olmadığını söylədi. Dedi ki, bu sistem yeni olduğu üçün istər xəstəxanaların, istərsə də həkimlərin yeni şəraitə uyğunlaşmasında müəyyən çətinliklərin ortaya çıxması təbiidir. Bizə müəyyən zaman lazımdır. Struktur, psixoloji islahatlara ehtiyac var. Yəni səhiyyə işçiləri, əhali arasında böyük maarifləndirmə işləri aparılmalıdır. Gələcəkdə bu prosesdə tədricən müsbət nəticələrin əldə edilməsinin şahidi ola biləcəyik.

- Müşfiq müəllim, icbari tibbi sığortanın bu gün nəzərdə tutulan səviyyədə tətbiqinə mane olan problemlər nədir?

- Əsas problem xəstəxanaların və poliklinikaların optimallaşdırılması ilə bağlıdır. Digər problem təcili yardım xidmətinin standartlara uyğun şəkildə fəaliyyət göstərməməsidir. Hələ də bəzən təcili yardım xidmətindən ambulator yardım üçün istifadə edilir. Bu da digər çağırışlarda gecikmələrə səbəb olur. Koronavirus infeksiyasının meydana çıxması ilə səhiyyə sisteminin əlavə yükə məruz qalması da sistemin tam gücü ilə işləməsinə mənfi təsir göstərdi.

Mən bir qədər əvvəl əhali arasında “maarifləndirmə” sözünü təsadüfən işlətmədim. Bu, icbari tibbi sığortanın səhiyyəmizdə ön plana çıxmasına təkan verən başlıca şərtlərdən biridir. Çox adamla söhbət etmişəm. Görmüşəm ki, vətəndaşlarımızın böyük əksəriyyəti icbari tibbi sığorta sistemi ilə bağlı qaydaları, yenilikləri və öz hüquqlarını, demək olar ki, bilmir. Son illərdə xaricdə təhsil alan gənc nəsil istisna olmaqla. Onlar icbari tibbi sığortanın nə demək olduğunu anlayır, bu sistemin inkişaf potensialının olduğunu başa düşür. Lakin yaşlı nəslin icbari tibbi sığorta sisteminə inamı yoxdur və bu sistemin verə biləcəyi üstünlüklərdən də xəbərdar deyillər. Yenə deyirəm, düşünürəm ki, bu istiqamətdə həm yerli səhiyyə strukturunda, həm bölgələrdə və əhali arasında geniş şəkildə maarifləndirmə işləri aparılarsa, müsbət nəticələr əldə etmək olar.

Mən vətəndaşların bir çox tibbi xidmətlərin siyahıda olmaması iradı ilə şərikəm. Xidmətlər Zərfi bütün xidmətləri əhatə etməsi baxımından tam təkmil deyil: “Gələcəkdə dövlət proqramları çərçivəsində səhiyyə sahəsinin maliyyələşdirilməsi xidmətlərin artmasına təkan verə bilər. Həyati vacib istiqamətlər üzrə xidmətlərin zərfə daxil edilməsinə də ehtiyac var. Özəl xəstəxanalara axının səbəblərindən biri bəzi xidmətlərin sırf özəl tibb müəssisələrində göstərilməsidir. Həkimlər də məhz icbari tibbi sığorta sistemindəki boşluqlara görə xəstələri özəl xəstəxanalarda müalicə və əməliyyat etməyə çalışırlar. Düşünürəm ki, tibbi personalın hazırlıq səviyyəsi də qaneedici deyil. Bunun üçün davamlı tibbi təhsil bacarıqlarının təkmilləşdirilməsi, gənc kadrların bölgələrə axınını təmin etmək lazımdır. Ümid edirəm ki, zamanla bütün problemlər öz həllini tapacaq”.

Gülöyşə MƏMMƏDLİ

 

ETİKETLƏR: