Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yeni nəslə münasibətdə köklü dəyişikliklərə ehtiyac var

Cəmiyyətimizi düşündürən bu ciddi suallarla sosioloq Əhməd Qəşəmoğluna və təhsil üzrə ekspert Elçin Əfəndiyə müraciət etdik.

22.12.2021 13:14
14
A+
A-

Qloballaşan dünyamızda özünəməxsus yer tuta biləcək, intellektual, vətənpərvər gənc nəsli yetişdirə bilirikmi? Başqa sözlə, xüsusilə yeniyetmə övladlarımızın həyat tərzinin bir çox hallarda qınaq obyektinə çevrilməsində günahkar kimdir?

Cəmiyyətimizi düşündürən bu ciddi suallarla sosioloq Əhməd Qəşəmoğluna və təhsil üzrə ekspert Elçin Əfəndiyə müraciət etdik.

Ə. Qəşəmoğlu bildirdi ki, milli ideyamız, məlum olduğu kimi, azərbaycançılıqdır. Bu ideya Azərbaycanın türk xalqları ailəsində bir sistem olaraq daha da təkmilləşməsinə, qüdrətlənməsinə xidmət edir. İdeyanın əsas hədəfi ondan ibarətdir ki, ölkədə hər kəs öz fəaliyyəti ilə Azərbaycan dövlətinin möhkəmlənməsi işinə daha çox kömək göstərə bilsin. Bunun üçün yetişməkdə olan yeni nəsil xalqının mənəvi köklərini daha yaxşı öyrənib mənimsəməlidir. Tariximizlə, folklorumuzla, tarixi abidələrimizlə daha dərindən tanış olub milli ruhda böyüməlidirlər. Qeyd edim ki, yeniyetmələrin formalaşmasında əsasən dörd mühüm amil rol oynayır: ailə, məktəb, cəmiyyət, bədii ədəbiyyat və filmlər. Çox təəssüf ki, indiki zamanda ailələrdə və cəmiyyətdə gərginlik artıb. Hər 100 nikahdan 35-i boşanmalarla nəticələnir. Ailədaxili münaqişələr də çoxalıb. Yeni nəslin böyük qismi belə bir şəraitdə böyüyür. Ailələrdə və cəmiyyətdə isə vəziyyətin qısa zamanda yaxşılaşdırılması mümkün deyil.

Tərbiyəvi əhəmiyyət daşıyan bədii əbəbiyyat və filmlər, demək olar ki, yox dərəcəsindədir. Satışda olan keyfiyyətli kitablarımız var, amma onlar da çox bahadır. Hətta acınacaqlı vəziyyət odur ki, rus dilində olan kitabların sayı daha çox, qiymətləri daha ucuzdur. Bunun üçün tədbirlər görülməlidir. Çünki əgər bir insan lazımi səviyyədə sağlam informasiya, bilik ala bilmirsə, bu boşluğu zərərli vərdişlər doldurur. Beyin informasiya tələb edir və bu, təbii haldır. Gördüyümüz kimi, bu dörd amilin heç birində vəziyyət arzuolunan səviyyədə deyil. Bizim gücümüz nəyə çatar? Ancaq təhsilə! Hesab edirəm ki, məktəbin funksiyası dəyişməlidir. Deməli, yeni nəslin daha keyfiyyətli, milli müstəqil dövlətə layiq səviyyədə yetişməsi üçün təhsil sisteminin öhdəsinə daha çox vəzifələr düşür. Bir sözlə, təhsil sisteminin vəzifələrini artırmaq zərurəti yaranıb. Bunun üçün müəllimlərin əməkhaqlarından tutmuş, digər tələblərinə qədər çox şey maksimum dərəcədə yaxşılaşdırılmalıdır.

Təhsil eksperti Elçin Əfəndi  də yeniyetmə nəslə münasibətdə köklü dəyişikliklərə ehtiyac olduğunu söylədi. Valideynlərin övladlarının tərbiyəsinə qarşı laqeydliyini iki amillə izah etdi. Son 30-40 ildə yetişən valideynlər  ya  texnologiyanın inkişafı nəticəsində müasirləşən cəmiyyətə daha çox aludə olur, ya da ailədaxili problemlərin çoxluğundan vaxt tapa bilib övladları ilə lazımi səviyyədə  maraqlana bilmirlər.

Ekspert bildirdi ki, siniflərdə adətən 30-40 arası şagird olur. Müəllimlər 45 dəqiqəlik dərs ərzində ancaq dərs keçib qiymətləndirmə apara bilirlər. Bu sıxlığı aradan qaldırmaq üçün  məktəblərin sayı çoxaldılmalıdır. Siniflərdə şagirdlərin sayı 25-i aşmamalıdır. Dərsləri birnövbəli sistemə keçirtmək lazımdır ki, uşaqlar dərsdən sonra müxtəlif dərnəklərdə məşğul olmağa vaxt tapsınlar və problemləri varsa psixoloq dəstəyi alsınlar. Dünyanın ən qabaqcıl təhsil sisteminin olduğu Finlandiyada dərslər saat 5-də başa çatır. Saat 5-dən sonra növbəti dərs gününə kimi şagirdlər sosial aktivitələrlə məşğul olur, valideynləri ilə vaxt keçirirlər. Bizdə isə axşam saatlarında görüşən valideyn və övladları ən yaxşı halda birlikdə dərs hazırlayırlar.

Əsli ƏHMƏDOVA