Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qalib xalqın nümayəndəsi olmaq xaricdə yaşayan soydaşlarımızı qürurlandırır

Suallarımızı  millət  vəkili Fatma Yıldırım  cavablandırır

28.12.2021 10:47
50
A+
A-

- 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yaxınlaşır, 2021-ci il dünya azərbaycanlılarının həyatında hansı əlamətdar hadisələrlə qalacaq?

- Ümumilli liderimiz Heydər Əliyev dünyada güclü Azərbaycan diasporunun formalaşmasının memarıdır. Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin səyləri nəticəsində isə bu gün diaspor təşkilatlarının fəaliyyəti yeni mərhələdə uğurla davam edir.

Azərbaycan Prezidentinin diaspor qarşısında qoyduğu yeni tələblərə əsaslanaraq diaspor təşkilatlarımız öz fəaliyyətini daha da gücləndirməyə və qlobal çağırışlara cavab verməyə çalışır. Bu gün dünyada olan soydaşlarımız qalib sərkərdə kimi tarixə düşən Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin güclənməsi işinə öz töhfəsini verir. Azərbaycan Prezidentinin müasir dünyanın qlobal tələblərinə uyğun siyası kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib. İndi qalib xalqın diasporu kimi fəaliyyətinin yeni mərhələsi başlayıb. Bu baxımdan hesab edirəm ki, 2021-ci ildə Azərbaycan diasporu uğurlu fəaliyyət göstərib.

- Müharibədən sonraki ötən 1 il ərzində dünya azərbaycanlıları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında necə fəallıq göstərib?

- Azərbaycan Prezidenti İlham Əliyev dünya azərbaycanlılarını əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirərək böyük Zəfərə imza atdı. Azərbaycanın, eləcə də sərhədlərimizdən kənarda yaşayan soydaşlarımızın nüfuzunu dünya miqyasında artırdı. Bu nüfuz diaspor nümayəndələrimizə imkan verdi ki, 44 günlük müharibə dövründə, postmüharibə vaxtı çoxsaylı tədbirlər, mitinq və nümayişlər təşkil etsinlər. Hətta yüzillik təcrübəyə malik erməni lobbisindən heç də zəif olmadığını, bəzi məqamlarda onu üstələdiyini də ortaya qoydu. Vətən müharibəsində Ali Baş Komandan ətrafında birləşən diaspor təşkilatları dünyanın 46 ölkəsində 500-ə yaxın tədbir, o cümlədən 111 mitinq və yürüş keçirib.

Biz bilirik ki, erməni lobbisi və diasporu Azərbaycana qarşı qarayaxma kampaniyasını daim aparır. Onların cavabı mütləq verilməlidir. Ona görə də Azərbaycan diasporu türk diasporu ilə koordinasiyalı şəkildə bu yöndə işlərini davam etdirməkdədir.

- Bildiyimiz kimi, müharibə hərb yolu ilə başa çatsa da, diplomatik müharibə hələ də davam etməkdədir. Növbəti ildə xarici ölkələrdə yaşayan azərbaycanlıların bu istiqamətdə təşkilatlanması üçün proqram sənəd varmı?

-Təbii ki, diaspor təşkilatlarımız öz fəaliyyətlərini sistemli şəkildə həyata keçirirlər. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə dövlət siyasətini icra edir. Düşünürəm ki, Dövlət Komitəsi ilə diaspor təşkilatları növbəti ildə görüləcək işləri koordinasiyalı şəkildə tənzimləyəcəklər. Hesab edirəm ki, dünya azərbaycanlıları artıq yaşadıqları ölkələrdə qalib xalqın nümayəndələri kimi başı uca gəzir, təmsil etdikləri Azərbaycanın adı ilə qürur duyurlar. Eyni zamanda bu, diaspor təşkilatlarımızın qarşısında yeni vəzifələr qoyur, Azərbaycan adını ucaltmaq, dövlət bayrağımızı daha yüksəklərə qaldırmaq üçün məsuliyyətlərini artırır. İnanıram ki, Azərbaycan diasporu qarşıdakı dövrdə daha əzmlə çalışacaq.

Mən fürsət düşmüşkən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edirəm. Onlara növbəti sevincli günlər arzulayıram.

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR:

Foto