Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Süni qiymət artımına qarşı mübarizə

2022-ci ildə bizim  prioritetimiz olacaq

28.12.2021 10:48
36
A+
A-

“Azərbaycanda istehsalı az olan və ya ümumiyyətlə istehsal olunmayan, idxaldan asılı olduğumuz məhsullar üzrə qiymət artımları müşahidə olunur.  Bu qiymət artımları isə birbaşa daxili bazara ötürülür...

...Qiymətlərin süni şəkildə artırılmasının qarşısını almaq istiqamətində də fəaliyyət gücləndirilib. 2022-ci ildə bu, bizim prioritetimiz olacaq”. Bu fikirləri İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Qanunvericiliyə əsasən, ölkəyə daxil olan məhsulların maya dəyəri nə qədər artırıla bilər? Ümumiyyətlə, qiymətlərə nəzarət mexanizmi necə tətbiq olunur? Süni qiymət artımına qarşı hansı çevik tədbirlər görülməlidir?

Millət vəkili Vahid Əhmədov bildirdi ki, hökumətin verdiyi  qərara əsasən, ölkəyə idxalla bağlı məhsullara 0-15 faizə qədər rüsumlar müəyyən edilib. Əlavə olaraq da çox baha başa gələn məhsullara görə rüsumlar aşağı salına bilər. İqtisadiyyat nazirliyi 2022-ci ildə süni qiymət artımına qarşı ciddi mübarizə aparacaq. Mən bunu nazirin çıxışında dediyi sözlərdən yola çıxaraq deyirəm. Hətta, verilən məlumata görə, nazirliyin məsul şöbəsi  tərəfindən artıq ciddi şəkildə monitorinqlərə başlanılıb və 1000-dən çox müəssisədə süni qiymət artımına yol verildiyi üçün cərimələr tətbiq olunub, sui-istifadə halları aradan qaldırılıb. Göründüyü kimi, obyektiv qiymətlərin olması üçün müəyyən  tədbirlər görülür, qiymətlərin şişirdilməsinə imkan verməməyə çalışırlar. Amma, çox təəssüf ki, hələlik bu, ürəkaçan səviyyədə deyil, yoxlamalar olsa da, artım öz axarı ilə davam edir.  Hesab edirəm ki, ciddi nəzarət mexanizmi həyata keçirilməsə, biz istədiyimiz qənaətə gələ bilməyəcəyik. Bunun üçün bütün marketlər və bazarlarda monitorinq qrupları mütəmadi olaraq ən azı on gündə bir yoxlama aparmalıdır. Əsasən də bayram öncəsi süni şəkildə şişirdilmiş qiymətlərə yol verənlərə qarşı ciddi tədbirlər görülməlidir ki, bu, digərlərinə də dərs olsun.

V.Əhmədov əlavə etdi ki, 2022-ci ilin dövlət büdcəsini müzakirə edəndə, cənab Prezidentin və Milli Məclisin ən çox diqqət etdiyi məsələ sosial layihələr idi. 2020-2021-ci illərdə dövlət büdcəsinin 34-35%-i sosial sahəyə ayrılırdı. Dövlət başçısının göstərişinə uyğun olaraq ilk dəfə 2022-ci ildə dövlət büdcəsinin təxminən 47%-i , yəni 13.6 milyard manat vəsait sosial məsələlərə ayrılıb. Ölkə başçısının imzaladığı  Fərmana uyğun olaraq minimum əməkhaqqı 250 manatdan 300 manata qaldırılıb. Müəllimlər, peşə təhsili məktəblərində işləyən insanların maaşlarında 20-40% arasında artım olub. Bu proses davam edir.

Millət vəkili vurğuladı ki, artımlar insanların həyat şəraitinə müəyyən qədər müsbət təsir edəcək. Lakin biz nə qədər maaşı artırsaq da, əgər qiymətlər sürətlə artarsa, əlbəttə, bu, çətin olacaq. Ona görə də hesab edirəm ki, inhisarçılığa, həm də subyektiv artıma qarşı birlikdə mübarizə aparmalıyıq.

İqtisadçı-ekspert Eldəniz Əmirov qeyd etdi ki, son 4-5 ayda müşahidə edilən inflyasiyanın ciddi artım templəri Mərkəzi Bankın uçot dərəcəsini artırması fonunda və “doymuş inflyasiya” effektinin nəticəsi olaraq nisbətən artım tempi azalmışdır. Lakin əməkhaqlarının əksər sahələrdə qaldırılması fevraldan başlayaraq inflyasiyanın artım tempinə yenidən tətikləyici təsir göstərəcək. Gəlirlərin artması iqtisadi aktivliyə gətirib çıxarır ki, bu da istehlak səviyyəsinin artımına, eləcə də qiymətlərin artımına səbəb olan ciddi faktor olur.

İstehlak mallarında olan artım xidmət və digər sahələrdə də qiymət artımına gətirib çıxaracaq... Məsələn, bərbər rəsmi əməkhaqqı almadığı üçün  özü öz xidməthaqqını 20%  qaldırmaqla “sosial ədaləti” bərpa etməyə çalışacaq. Eləcə də əksər digər sahələrdə təxmini 20%-lik artımlar müşahidə ediləcək. Amma elə sahələr var ki, həmin sahələri  fərman əhatə edə bilməz, ya da onlar özləri bərbərlər və ya dərzilər kimi öz əməkhaqlarını dəyərləndirmək ixtiyarında olmurlar. Məhz maaş artımları zamanı  yaranan  iki əsas problemdən biri də budur.

İkinci və daha ciddi problem isə fevraldan başlayaraq sürətlənə biləcək inflyasiya tempi ola bilər. Düzdür, gəlirlərin artması istehlak həcminin artmasına və qiymət artımına gətirib çıxaran təbii iqtisadi qanundur. Amma təcrübə onu göstərir ki, ölkəmizdə belə hallarda qiymətlər iqtisadi qanunauyğunluğun səbəb olduğundan daha çox artır. Bunun da əsas səbəbi inhisarçı subyektlərin “qiymət diktə etmə” texnologiyasıdır. Rəqabət Məcəlləsinin 15 ildir ki, müzakirə mərhələsində qalması və qəbul edilməməsi belə məqamlarda qiymətlərin daha kəskin artırılmasının əsas səbəblərindən biridir. Bu isə son nəticədə təkcə sadə vətəndaşa deyil, ölkənin iqtisadi inkişaf tempinə ən pis zərbələrdən birini vurur. Buna görə də fevralda artım dalğasının olmaması üçün ( və ya zəif olması üçün) vaxt itirmədən bu gündən preventiv tədbirlərə başlanılmalıdır.

Əsli TELMANQIZI

ETİKETLƏR: