Bu məsələdə ciddi vətəndaş məsuliyyəti şərtdir
TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev və Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı məsələ ilə bağlı qəzetimizə açıqlama verdilər.
Ötən ilin əvvəlində COVID-19-a qarşı vaksinləşdirmə prosesi başladıqdan sonra yoluxma hallarının azalacağı ilə bağlı proqnozlar verilsə də, virusun mutasiya olunmuş yeni növləri peyda olduqca bu ehtimallar, demək olar ki, özünü doğrultmadı. Belə ki, noyabr ayından “Omicron” ştammının sürətlə yayılması artıq dünya ölkələrindəki mövcud epidemioloji vəziyyəti daha da gərginləşdirdi. Vaksinləşmədən sonra və ötən ildəkinə nisbətən ölüm hallarının nisbətən azalması ilə sərhədlərini açan bəzi ölkələr daha sürətlə yayılan bu ştammın yoluxma sayında üstünlüyə sahib olmasının yenidən təhlükə yaradacağından ehtiyat edərək məhdudiyyətləri geri qaytardılar. Belə ki, Böyük Britaniyanın paytaxtı Londonda fövqəladə vəziyyət elan edildi. Hollandiyada da artıq dekabrın 19-dan ciddi karantin qaydaları tətbiq olundu. Eyni zamanda ABŞ “Omicron” ştammına yoluxma hallarının artması səbəbindən Yeni il tətilində 1600-dən çox uçuşu ləğv edib. Bununla da Ümumdünya Səhiyyə Təşkilatı “Omicron” ştammının artıq 90-dan çox ölkədə yayıldığını elan etdi.
Təəssüf ki, sərhəd qonşularımız olan Türkiyə, Rusiya, Gürcüstan və İranda da virusun mutasiya olunmuş bu növünə yoluxma halları qeydə alınıb. Virusun ölkəmizdə də yayılma təhlükəsinin olmasını nəzərə alsaq, əvvəlcədən hansı profilaktik tədbirlər görülməlidir? Mövcud vaksinlərin bu ştamma təsir gücü nə səviyyədədir? Əgər “Omicron” ştammının ölkədə yayılması təhlükəsi yaranarsa, qapanmaya gedilmə ehtimalı ola bilərmi?
TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev və Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı məsələ ilə bağlı qəzetimizə açıqlama verdilər.
Vasif Əliyev bildirdi ki, xəstəlikdən ölüm hallarının artması virusun mutasiyasının çoxluğu ilə deyil, eyni zamanda da yoluxma hallarının artması ilə də əlaqələndirilə bilər: “Noyabrın 26-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni B.1.1.529 versiyasını təsdiq edərək ona qısaca “Omicron” adını verib. İlk dəfə Cənubi Afrika Respublikasında yoluxma saylarının artmasından şübhələnərək yeni mutasiyanın yarandığı qənaətinə gəlinib və yeni variant aşkar edilib. Yeni variantın yoluxduruculuğu, klinik əlamətləri, keçirilmiş infeksion və ya peyvəndləmə sonrası qazanılmış immunitetə qarşı rezidantlıqla bağlı dəqiq məlumatlar hələ ki, yoxdur. Bununla bağlı tədqiqatlar davam etdirilir”.
V.Əliyev bildirdi ki, qorunma, diaqnostik yollarla xəstəliyin tanımlanması və müalicəsi daha əvvəl də aparılmış metodlarla davam etdirilir: “Yəni hər hansı bir dəyişiklik yoxdur və virusun mutasiya olunmuş bu növündən qorunma yolları bildiyimiz kimi fərdi gigiyena qaydalarına riayət olunması, maska taxılması, ictimai yerlərdə özəlliklə ara məsafəsinin gözlənilməsi ilə yanaşı, eyni zamanda vaksinləşmə prosesidir. Müalicə prosesinə gəldikdə isə, hələ ki, indiyə kimi yeni virus yayılan ölkələrdə fərqli müalicə üsulu tətbiq olunmayıb, yəni əvvəlki müalicə metodlarından istifadə olunur. Digər məsələlərə gəldikdə isə, hələ ki, bu virus yenidir. Təbii ki, bu mutasiya ilə bağlı əlavə bir məlumatlar olduğu zaman Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bildiriləcək və bunu da biz ictimaiyyətə açıqlayacağıq”.
Deputat Məlahət İbrahimqızı bildirdi ki, indiyə kimi COVID-19 pandemiyası ilə mübarizədə ölkəmizdə digər ölkələrə nisbətən daha sistemli addımlar atılıb. Bunun da nəticəsi olaraq bu gün Azərbaycan digər dünya ölkələri arasında bu virusa görə ölüm halları ən az olanlar sırasındadır: “Beynəlxalq monitorinqlərin nəticəsinə görə, sonuncu “Delta” ştammına qarşı ən uğurlu mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Bu ştammla əlaqədar ölkəmizdə daha az zərər, yoluxma və itki oldu. Bir sıra ölkələrdə əhalinin 1 faizinin vaksin olunmadığı halda, Azərbaycan əhalisinin 50 faizi birinci, ikinci və üçüncü doza vaksinə cəlb olunub. Bu gün də o iş davam edir”.
“Əgər “Omicron” ştammının ölkədə yayılması təhlükəsi yaranarsa, qapanmaya gedilmə ehtimalı ola bilərmi?” sualını cavablandıran M.İbrahimqızı bildirdi ki, əgər vətəndaşlarımız xəstəliyə daha ciddi, daha məsuliyyətli yanaşarsa, karantin qaydalarına tam əməl edərsə və peyvənd olunarsa, ölkədə sərt karantin qaydaları tətbiq etməyə ehtiyac olmayacaq: “Yeganə çıxış yolu karantin qaydalarına əməl etmək və peyvəndlənmədən keçməkdir. Koronavirusun dünyada yeni-yeni variantları ortaya çıxır. Digər ölkələrdəki vəziyyəti nəzərə alsaq görərik ki, “Omicron”nun öldürücü təsiri daha çoxdur. Ona görə də vətəndaşlar lazımi qaydalara ciddi əməl etməlidirlər. Qapanmalara gəldikdə isə, düşünmürəm ki, yenidən məhdudlaşdırıcı qadağalar qoyula. Çünki artıq əhalimizin yarısından çoxu vaksin olunub, bir qisim isə artıq xəstəliyi keçiribdir. Ancaq, təbii ki, bunlar mənim düşüncələrimdir. Bu gün dünyanın ən inkişaf etmiş ölkələri sərt qapanmalara gedir. Çünki koronavirusla bağlı sınanmış dünya təcrübəsi yoxdur. Sadəcə 2 ilə yaxındır ki, biz bu bəla ilə üz-üzə qalmışıq deyə müəyyən praktika tətbiq edilir. Yenə deyirəm, bu məsələdə ciddi vətəndaş məsuliyyəti şərtdir”.
Aliyə SƏMƏDOVA