Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əmlak bölgüsü ilə bağlı məhkəmədə cavabdeh kimi iştirak etməliyəm. Ali Məhkəməyə şikayət yazdırmaq istəyirəm. Vəkil tutmağa maddi imkanım yoxdur. Dövlət hesabına vəkil tutmaq olarmı?

Vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu bu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir.

27.12.2021 12:24
24
A+
A-

Əmlak bölgüsü ilə bağlı məhkəmədə cavabdeh kimi iştirak etməliyəm. Ali Məhkəməyə şikayət yazdırmaq istəyirəm. Vəkil tutmağa maddi imkanım yoxdur. Dövlət hesabına vəkil tutmaq olarmı?

 

Cümşüd XƏLİLOV, İsmayıllı rayonu.

- Mülki Prosessual Məcəllənin 14.4. maddəsinə əsasən, işdə iştirak edən şəxslər maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədilə özlərinə sərbəst vəkil seçə bilər.

Amma  vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Həmin Məcəllənin 67-ci maddəsinə görə, kasasiya və əlavə kasasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kasasiya və əlavə kasasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda vəkilin iştirakı məcburi sayılır və  işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.

Vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu bu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir.

Yuxarıda qeyd edilən əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Qeyd edilənlərə əsasən, siz dövlət hesabına vəkil tutulması üçün Gəncə Apelyasiya Məhkəməsinə müraciət etməlisiniz.

 

 

Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə necə daxil edilməlidir?

 

Aydın MƏHƏRRƏMOV, Qusar rayonu.

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə  daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydaların 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə uyğun olaraq tərəflərin razılığı ilə əmək müqaviləsində dəyişiklik edildikdə, “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə məlumatların ilkin və ya əvvəlki dəyişiklikdən sonra sonuncu redaksiyası avtomatik rejimdə göstərilir və dəyişikliklər edilən məlumatlar əvvəlki məlumatların əvəzinə bildirişə daxil edilir.

Əmək müqaviləsində göstərilən, lakin “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməyən məlumat və şərtlərlə bağlı əmək müqaviləsində dəyişikliklər edildikdə, “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə müvafiq sahədə bununla bağlı əvvəlki və dəyişiklik edilən məlumat və şərtlər daxil edilir.

Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı müəyyən məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında yadda saxlanılır və bununla bağlı 1 iş günündən gec olmayaraq, işəgötürənə sistem vasitəsilə məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir.

 

Üç il stajım var. Məzuniyyətim 30 gün idi. Uşağımın xroniki xəstəliyi ilə əlaqədar olaraq işəgötürənlə qarşılıqlı razılığa əsasən, indi natamam iş vaxtı ilə işləyirəm. Mənə növbəti məzuniyyət neçə gün verilməlidir?

Davud SULTANOV, Balakən rayonu.

- Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir.

Sizin əmək müqavilənizdə əmək məzunyyətinizin müddəti qeyd edilmiş olmalıdır. Natamama iş rejimində  işləməyinizə baxmayaraq, sizə əmək müqavilənizdə göstərilən müddətə- yəni 30 gün əsas əmək məzuniyyəti verilməlidir.

ETİKETLƏR: