Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azəbaycanda ödənişli əsas məzuniyyətin minimum müddəti neçə gündür? Hansı işçilərin əsas məzuniyyəti 30 gündür?

-Əmək Məcəlləsinin 114-cü maddəsində işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti müəyyən edilmişdir.

12.01.2022 21:34
14
A+
A-

Azəbaycanda ödənişli əsas məzuniyyətin minimum müddəti neçə gündür? Hansı işçilərin əsas məzuniyyəti 30 gündür?

Səbinə TALIBOVA, Bakı şəhəri.

-Əmək Məcəlləsinin 114-cü maddəsində işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti müəyyən edilmişdir.

Həmin maddəyə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:

a) kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə;

b) məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə;

c) xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə; 

ç) təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;

d) elmi dərəcəsi olmayan elmi işçilərə;

e) həkimlərə, orta tibb işçilərinə və əczaçı

lara.

Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir.

Onu da qeyd etmək lazımdır ki, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. 

Şənlik mərasimlərində xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi necə nizamlanır?

 

Sərvər RÜSTƏMOV, Bakı şəhəri.

 

-“Şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı metodiki göstərişlər”ə uyğun olaraq şənlik mərasimlərində xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə dair iltizamnamə hazırlanmış, mərasim yerinin rəhbərindən və mərasimi təşkil edən şəxsdən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müştərək məsuliyyətə cəlb olunacaqları barədə iltizam alınır (Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 177 nömrəli qərarı).

Bu tələblərin pozulması inzibati məsuliyyətə səbəb olur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən:

epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -

fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.

 

İstehsalatda bədbəxt hadisə baş verəndə nə etmək lazımdır?

 

Çingiz HÜMMƏTOV,

Qusar rayonu.

-Bədbəxt hadisənin

ağırlıq dərəcəsindən asılı olmayaraq, dərhal (həmin gün) ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat vermək işəgötürənin borcudur.

Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş məlumat əsasında hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədilə komissiya yaradır.

Araşdırmanın nəticəsi barədə 1 gündən gec olmayaraq İZ aktı (istehsalat zədəsi) tərtib edilir və aktın 1 nüsxəsi işçiyə verilir (Əmək Məcəlləsi-maddə 217).

İnzibati Xətalar Məcəlləsinin 555-ci maddəsinə əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə görə-min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə-

min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir.

Ümumtəhsil internat məktəbində tərbiyəçi işləyirəm. Bilmək istəyirəm, mənə neçə gün məzuniyyət düşür?

 

Zəminə YUSİFOVA, Şəki şəhəri.

-Ümumtəhsil internat məktəbində tərbiyəçi işləyən işçilərin məzuniyyətinin müddəti 42 təqvim gündür. Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, aşağıda qeyd edilən  işçilərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir:

a) uşaq evlərinin, məktəbəqədər təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara;

b) metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına;

c) ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərinə; 

ç) məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərinə;

d) məşqçi müəllimlərə;

e) elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə. 

ETİKETLƏR: