Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


 Şəhid adı kimlərə verilir?

.

19.01.2022 21:41
12
A+
A-

 Şəhid adı kimlərə verilir?

Nazilə QULAMOVA, Gəncə şəhəri.

 

-Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş  “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Qaydalara əsasən aşağıdakılar şəhid hesab edilirlər:

-1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar;

- 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər;

- Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə sovet ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar;

- Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 

- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular;

- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər;

- Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.

Əməyin mühafizəsi hansı iş yerlərində tətbiq edilməlidir?

 

Əli MƏMMƏDOV, Sumqayıt şəhəri.

 

- Əməyin mühafizə norma və qaydaları işçilərin, istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin, müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların, məhkəmə hökmlərinin icrası yerlərində işləyən məhkumların, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin görülməsinə cəlb edilən şəxslərin çalışdıqları bütün iş yerlərində hökmən tətbiq edilməlidir (Əmək Məcəlləsi, 208-ci maddə).

Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.

 

Beynəlxalq müqavilələr, o cümlədən konvensiyalar hansı dovlət orqanı tərəfindən ratifikasiya edilir?

 

Ruslan MƏMMƏDOV,

Bakı şəhəri.

 

- “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” AR Qanununun 8-11-ci maddələrinə əsasən, dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri Azərbaycan Respublikasının Milli Məclisi təsdiq (ratifikasiya) edir.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ratifikasiya üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən beynəlxalq müqavilələrə Milli Məclisin müvafiq komitələrində qabaqcadan baxılaraq rəy verilir.

Azərbaycan Respublikasının Milli Məclisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ratifikasiya üçün təqdim edilmiş Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə baxır və müvafiq qanun qəbul edir.

Ratifikasiya üçün təqdim edilmiş beynəlxalq müqavilələr dövlət dilində olmalıdır. Rəsmi mətnləri dövlət dilində olmadıqda, beynəlxalq müqavilələr dövlət dilinə tərcümə edilməli və tərcümə edilmiş mətnin rəsmi mətnə uyğunluğunu təsdiq edən sənəd əlavə edilməlidir.

Qeyd etmək lazımdır ki, tərcümə edilmiş mətnin xarici dildə olan mətnə uyğunluğunu AR Xarici İşlər Nazirliyi təsdiq edir.

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiyası haqqında Azərbaycan Respublikasının qanunu əsasında müvafiq icra hakimiyyəti orqanı ratifikasiya sənədini (təsdiqnaməni)   imzalayır.

 

 

 

Şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları hansı tədbirləri həyata keçirməlidirlər?

  

  Azad FƏRƏCOV, Sumqayıt şəhəri.    

- Qanunverciliyə əsasən, şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları aşağıdakı tədbirləri həyata keçirirlər:

- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyurlar.

- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan, habelə Vətən uğrunda döyüşlərə görə  ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar.

- “Şəhid” Memorial Kompleksini yaradırlar:

- Vətən uğrunda göstərilən qəhrəmanlıqla bağlı döyüş yerlərinin, habelə dəfn yerlərinin qorunması və abadlaşdırılması, qəbirüstü daşların, xatirə abidələrinin qorunmasını təşkil edirlər;

- Döyüş əməliyyatları getmiş yerlərdə xatirə nişanları qoyurlar və s.

ETİKETLƏR: