Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Günün aktual çağırışı Pandemiyaya qarşı mübərizədə qüvvələr birləşdirilmişdir

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günüdür. Hər il beynəlxalq səviyyədə keçirilən bu tədbir sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasını təşviq edir.

22.04.2021 12:53
96
A+
A-

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günüdür. Hər il beynəlxalq səviyyədə keçirilən bu tədbir sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasını təşviq edir.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) 2003-cü ildə təsis etdiyi həmin gün tərəfdaşların - hökumətin, işəgötürənlərin diqqətini iş yerlərində əməyin təhlükəsizliyi məsələsinə yönəltməkdir. Bu məqsədlə müxtəlif tədbirlər keçirilir.

2020-ci ilin əvvəlindən koronavirus (COVID-19) infeksiyası bütün dünyaya yayılaraq qlobal böhrana səbəb oldu və ciddi fəsadlar törətdi. Dünya bir çox onilliklərdən bəri ən ciddi qlobal pandemiyanın episentrinə çevrildi.

Dövlət rəhbərləri, işəgötürənlər, işçilər pandemiya epidemiyası və onun nəticələrinin iqtisadiyyatın bir sıra sektorlarına təsiri ilə qarşılaşdılar, cəmiyyətin bütün təbəqələrindən olan insanlar, iqtisadiyyatın qeyri-formal sektorunda işləyənlərin müəyyən hissəsi virusa yoluxaraq əmək qabiliyyətini itirdilər, bəzən isə ölümlə üzləşdilər.

Pandemiyanın yaratdığı fövqəladə vəziyyətin səhiyyə sahəsinə təsiri nəticəsində əmtəə, xidmətlər və tədarük bazarında sarsıntılar meydana çıxdı. Epidemiya təkcə işsizliyin artmasına deyil, tam məşğulluğa, əmək şəraitinə və əməyin ödənilməsinə, sosial müdafiənin əlçatanlığına təsir etdi.

Koronavirus infeksiyasının yayılması ilə əlaqədar dünyada gərginlik artmaqda davam edir. Cəmiyyətin üzləşdiyi böyük problemi dərk edərək BƏT 2021-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü çərçivəsində, COVID-19 pandemiyası ilə mübarizə məqsədilə, “Böhranı qabaqlamaq və ona hazır olmaq - dayanıqlı əməyin mühafizəsi sistemlərinə investisiya qoymaq” devizini irəli sürdü.

BƏT 100 illik Bəyannaməsində təhlükəsiz və sağlam iş şəraitinin layiqli əmək üçün əsas olduğunu elan etdi. Bu bizi əməyin mühafizəsinə və təhlükəsizliyinə, dayanıqlı əməyə nail, həmçinin istənilən hər hansı bir böhrana qarşı hazır olmağa çağırır.

Koronavirusla əlaqədar yaranmış vəziyyət, dünyada, o cümlədən Azərbaycanda tətbiq olunan məhdudlaşdırma tədbirləri insanların həyatında müəyyən iz buraxmışdır.

Azərbaycanda ölkə başçısı İlham Əliyevin tapşırığı ilə, 2020-ci il yanvarın 20-dən başlayaraq, təxirəsalınmaz profilaktika tədbirlərinin həyata keçirilməsi üçün zəruri qərarlar qəbul edilmişdir. Sosial təcrid qaydaları tətbiq edilmiş, bir çox müəssisə və təşkilat fəaliyyətini dayandırmış, iş vaxtları azaldılmış, məsafəli iş rejiminə keçilmiş, kollektivlər daxilində virusun yayılmasının qarşısının alınması üçün məhdudlaşdırıcı tədbirlər müəyyən edilmişdir.

Müdafiə tədbirlərinin təcili və koordinasiyalı şəkildə icrasından ötrü müəssisə və təşkilatlarda kompleks planlar işlənib hazırlanmışdır. Əmək kollektivlərində, bütövlükdə cəmiyyətdə virusun könüllü peyvəndlənmə prosesi aparılmışdır.

Etiraf edək ki, əməyin və istehsalatın təşkilində tətbiq edilmiş tədbirlərin işçilərin fiziki və psixoloji durumuna, sağlamlıq və təhlükəsizliyinə müsbət təsiri gözlənilən səviyyədə deyil. Yaranan risklərin aşkara çıxarılması, qiymətləndirilməsi və aradan qaldırılması üçün əlavə tədbirlərə ehtiyac hiss olunmaqdadır.

İdarə və müəssisələrin həmkarlar ittifaqı təşkilatları bütün müvafiq icra hakimiyyəti orqanları, işəgötürənlər və işçilərlə birlikdə aşağıdakı məsələlərə diqqəti artırmalıdırlar:

- İnsanların təhlükəsizliyinə və sağlamlığına olan yeni təhdidlərin qarşısının alınmasına yönəlmiş profilaktiki işin gücləndirilməsi;

- İşçilərdə infeksiya xəstəliklərinin vaxtında aşkarlanması məqsədilə daha geniş profilli yanaşmaların tətbiqi və bu sahədə səhiyyə müəssisələri ilə sıx əməkdaşlıq qurulması; əməyin və sağlamlığın mühafizəsində mövcud olan problemlər barədə ictimaiyyətin daha ətraflı məlumatlandırılması, beynəlxalq əmək normalarına və milli qanunvericilik norma və aktlarına ciddi əməl edilməsi, sosial dialoqun inkişaf etdirilməsi məqsədilə sosial tərəfdaşlarla sıx qarşılıqlı əlaqələrin qurulması.

Pandemiyanın yayılmasının qarşısının alınması üçün istehsalatda aşağıdakı əks-tədbirlərin həyata keçirilməsi təmin olunmalıdır:

- insanlar arasında sosial məsafənin təmin olunması, hər sahədə gigiyena, müntəzəm təmizlik tədbirləri, bütün işçilərin təlimi və məlumatlandırılması, işçilərin müvafiq fərdi mühafizə vasitələri ilə təmin edilməsi, sosial müdafiə tədbirlərinin gücləndirilməsi şərtilə yoluxma simptomları aşkar edilmiş işçilərin təcrid olunması.

Əməyin mühafizəsi üzrə mütəxəssislər işçilərin və rəhbərliyin müəssisədə və ölkədə sanitar-epidemioloji vəziyyət barədə səhih məlumatlarla təmin edilməsində, xəstəlik simptomlarının aşkar olunmasında, riskin qiymətləndirilməsində və fərdi ehtiyac tədbirlərinin həyata keçirilməsində mühüm rol oynamalıdırlar.

Koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində böyük problemləri nəzərə alaraq hesab edirik ki, 2021-ci ildə istehsalatda xəsarət alan və həlak olanların xatirəsinə həsr olunmuş beynəlxalq aksiyanın cari ilin qalan dövrü ərzində keçirilməsi məqsədəmüvafiqdir.

Həmkarlar ittifaqı komitə sədrləri əməyin mühafizəsi üzrə komissiya və ictimai müvəkkillərlə, əməyin mühafizəsi üzrə mütəxəssislərlə əməyin mühafizəsinə dair həftəlik və aylıq tədbirləri onlayn rejimdə keçirilməklə işəgötürənlərin və işçilərin diqqətini iş yerlərində koronavirus infeksiyasının profilaktikasına və yayılmasının minimallaşdırılmasına yönəltməlidirlər.

Müəssisə və təşkilatların işçilərinin iş yerində sağlam və təhlükəsiz iş metodlarının həyata keçirilməsi istiqamətində görülən tədbirlər barədə məlumatlandırılması, koronavirus infeksiyasının qarşısının alınması ilə əlaqədar görülən işlərin səviyyəsinin dəyərləndirilməsi məqsədilə “Böhranı qabaqlamaq və ona hazır olmaq-dayanıqlı əməyin mühafizəsi sistemlərinə investisiya qoymaq” mövzusunda beynəlxalq aksiya iştirakçıları üçün anonim sorğu anketi hazırlanmışdır.

Anketləşdirmənin əsas məqsədi istehsalatda üzə çıxan yeni təhlükə faktorları şəraitində istehsal prosesinin təşkilində müəssisənin həyat və fəaliyyət qabiliyyətinin saxlanması və fovqəladə hallarda istehsalat fəaliyyətini uğurla davam etdirməsi üçün həll edilməsi vacib olan məsələlərin müəyyən edilməsidir.

     

Cavanşir ALXASOV,

AHİK sədrinin müavini

ETİKETLƏR: