Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ağdam şəhəri ikinci doğum tarixini yaşayacaq

Daha bir yenilik isə ondan ibarətdir ki, vaxtilə Ağdama inzibati ərazi baxımından bitişik olmuş Muradbəyli, Ətyeməzli, Seyidli və digər qəsəbə, kəndlər Ağdam şəhər kompleksinə daxil ediləcək.

19.01.2022 22:14
36
A+
A-

İşğala qədər 42 min insanın yaşadığı, təxminən 50 küçədən ibarət olan  Ağdam şəhərində daş-daş üstündə qalmamışdı. Bu cənnətməkan şəhərimiz daş-beton xarabalığına çevrilmiş, ermənilər burada misli görünməmiş vandalizm aktı törətmiş, məzarları belə dağıtmışlar. Ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Silahlı Qüvvələrimizin qəhrəmanlığı sayəsində Ağdam, xarabalıqlar şəklində olsa da, əsl sahiblərinə qaytarıldı. Ağdam şəhəri ikinci doğum tarixini yaşamağa hazırlanır. Bu hazırlıq işləri necə gedir?

Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynov  bildirdi ki, hələlik Ağdam dağıntılardan təmizlənir,  yenidən tikilir, qurulur. İnanırıq ki, bu gedişlə ən qısa vaxtda ağdamlılar öz doğma  yurdlarına qayıdacaqlar. Ağdamın mərkəzi hissəsində vaxtilə şəhərin məşhur təhsil ocağı olmuş Ağdam 1 saylı tam orta məktəbin təməli atılmışdır. Həmçinin qəbul olunmuş layihə üzrə şəhərin mərkəzində yaşayış binalarının təməli qoyulmaqdadır.

E.Hüseynov onu da qeyd etdi ki, Ağdamda  indiyədək elektrik enerjisinin bərpası problemi olmuşdur. Yüksəkgərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə minalanmış sahələr çoxdur deyə, “Azərenerji” mütəxəssisləri bu mənada çətinliklər yaşayıblar. Lakin bütün bu çətinliklər həll olmuş, artıq arxada qalmışdır. Şəhər elektrik enerjisi ilə tam təmin olunmuşdur. İkinci yarımstansiya da tezliklə istifadəyə veriləcək.

Prezidentin Rəsmi Nümayəndəsi bildirdi ki, Ağdam, o cümlədən kənd və qəsəbələrin hamısı yenidən tikilməlidir. Təsəvvür edin, biri var hazır boş sahədə hansısa tikintini həyata keçirirsən, biri də  var dağıdılmış ərazini təmizləyib üzərində yeni tikintiyə başlayırsan. Ərazilərin minalanmış olması da daha çox çətinliklər yaradır. Bütün bunlara baxmayaraq, biz cənab Prezidentin qarşıya qoyduğu vəzifələri daha tez həyata keçirmək üçün gecə-gündüz çalışırıq. Lakin biz təkcə dövlətin gücündən və imkanından deyil, sahibkarların, iş adamlarının da imkanlarından faydalanmağı qarşıya məqsəd qoymuşuq. Təbii ki, elə sahələr var mürəkkəb texnoloji işlər görülməlidir, hansı ki, dövlət şirkətləri, xarici şirkətlər bu işləri görür. Qalan işlərin görülməsi isə iş adamlarının-investorların üzərinə düşür. Bəli, meydan açıqdır. Sadəcə, Ağdamda iş görmək istəyən iş adamlarının xoş niyyəti və bacarığı, təcrübəsi lazımdır. Bəyan etmişik ki, gəlin, layihənizi-proqramınızı verin, baxaq, dəyərləndirək. Gəlin, iş yeri açın, pulunuzu qazanın, dövlətimizə dəstək verin.

Onu da əlavə edim ki, bizə vaxtilə Ağdamdakı daş karxanası, eləcə də Şahbulaq qalasındakı iaşə obyekti və digər obyektlərlə bağlı müraciətlər olub,  bəziləri hətta özəlləşdirmək istədiklərini bildirib. Lakin ölkə rəhbərliyinin tapşırığı belədir ki, heç bir obyekt özəlləşdirilə bilməz. Amma vətəndaş  seçim edərək obyektin idarəçiliyini öz üzərinə götürə bilər. Əsas məqsəd odur ki, yeni obyektlərdə iş yerləri açılsın, işsizlər işlə təmin olunsun, dövlətin büdcəsinə də vəsait daxil olsun.

Daha bir yenilik isə ondan ibarətdir ki, vaxtilə Ağdama inzibati ərazi baxımından bitişik olmuş Muradbəyli, Ətyeməzli, Seyidli və digər qəsəbə, kəndlər Ağdam şəhər kompleksinə daxil ediləcək.

Ağdam şəhərinin mərkəzində çoxmərtəbəli, müasir və milli ornamentlərlə bəzədilmiş binalar tikiləcək. İlkin təqdim edilən layihəyə əsasən, bu binaların ətrafında həyətyanı sahəsi olan fərdi yaşayış evləri inşa ediləcək. Əvvəllər bu evlərin sayı 1700 nəzərdə tutulmuşdu. Sonradan təqdim edilən daha bir layihəyə görə fərdi yaşayış evlərinin 3400-4000 sayda olması məqsədəuyğun sayıldı.

E.Hüseynov onu da qeyd etdi ki, ağdamlılar tezliklə öz doğma şəhərinə rahat, xüsusi nəzarətdən keçmədən sərbəst olaraq ziyarətə gələ biləcəklər. Bu da onlara şəhərdə aparılan quruculuq-tikinti işləri ilə bilavasitə tanış olmaq imkanı verəcək.

Həmsöhbətim Qarağacı qəbiristanlığı ilə bağlı məsələyə də toxundu. Dedi ki, erməni vəhşiləri Ağdam işğal ediləndən sonra qızıl diş axtarışı məqsədilə bu məzarlığı yerlə-yeksan etmişdi. Mərmər başdaşlarını Ermənistana daşımışdılar, məzarlığın yerində taxıl əkmişdilər. İndi təklif var ki, Qarağacı qəbiristanlığında mavzoley tikilsin, orada vaxtilə dəfn edilmiş ağdamlıların adları həkk olunsun ki, gələcək nəsillər, xarici qonaqlar buradakı erməni vəhşiliyinin miqyasını bilsinlər.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: