Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycan mətbəxini dünya səviyyəsində tanıdanlar

Milli Kulinariya Mərkəzi - 30

29.04.2021 09:57
30
A+
A-

Bir neçə gün əvvəl Azərbaycan Milli Kulinariya Mərkəzinin fəaliyyətə başlamasının 30 ili tamam oldu. Mərkəz 1991-ci il aprelin 23-də yaradılıb. 1992-ci ildə Ümumdünya Kulinariya Təşkilatları Birliyinə üzv qəbul edilib. Aktiv fəaliyyətə yalnız ulu öndər Heydər Əliyevə müraciətdən sonra başlayıb. Ulu öndərin xeyir-duasını və dəstəyini alan Mərkəz milli mətbəxin tarixini,  fəlsəfəsini, ənənələrini, itirilən xörəklərin adlarını, hazırlanma və bişirilmə qaydalarını öyrənib toplayır, təbliğ edir, ordu mətbəxinin yaradılmasında, hərbi aşpazların hazırlanmasında bilavasitə iştirak edir. Vətən müharibəsi dövründə Milli Kulinariya Assosiasiyasının 60 nəfərdən artıq yüksəkixtisaslı, peşəkar üzvü könüllü olaraq aşpaz kimi ön cəbhədə xidmətə, 26 nəfəri isə əsgər kimi döyüşlərə gedib. Onlardan altı nəfəri şəhid olub.

1998-ci ildə Milli Kulinariya Mərkəzi UNESKO-un Xalq Yaradıcılığı Təşkilatının Ənənəvi Qida Komitəsinin üzvü, 2000-ci ildə sədr müavini, 2002-ci ildən isə sədri seçilib. Mərkəz Milli Mətbəxin Beynəlxalq patendləşdirilməsinə nail olub və 26 milli xörəyin Dövlət poçt markasını nəşr etdirib.

Milli Kulinariya Mərkəzi Avropa konfranslarında fəal iştirak edib. Ümumdünya Kulinariya Təşkilatları Birliyinin egidası altında dünyanın müxtəlif ölkələrdə təşkil edilən Beynəlxalq Kulinariya yarışlarının münsiflər heyətinin üzvü olub.

Milli Kulinariya Mərkəzi ölkə daxilindəki tarixi və müasir qida mədəniyyətini mənimsəməklə yanaşı, vətənimizin hüdudlarından kənarda qalan əzəli torpaqlarımızda yaşayan soydaşlarımızın qoruyub saxladıqları Azərbaycan mətbəxini də öyrənir. Mərkəz Təbriz, Qarabağ, Naxçıvan, İrəvan mətbəxinə dair kitablar nəşr etdirib, həmçinin Borçalı, Dərbənd, Bakı, Tiflis mətbəx mədəniyyətlərini əhatə edən kitabların üzərində çalışır.

Saray mətbəximizin əsasını təşkil edən Şah İsmayıl Xətainin (1521-ci il), Şah Abbasın (1590-cı il), Nəsrəddin Şahın (1873-cü il) aşpazlarının kitabları tərcümə və bərpası üzərində iş aparılır, həmçinin XIX əsr Təbriz valisi Nadir Mirzənin kulinariya kitabı bərpa və çap edilib. Hazırda milli mətbəximizi təmsil edən kitablar üzərində iş gedir.

Mərkəz peşəkar kulinar, aşpaz və sahə üzrə texnoloqlarla yanaşı, tarixçi, etnoqrof, folklor-sənətşünasları da ətrafında birləşdirir. Əməkdaşlıq nəticəsində Mərkəz “İnformatik Qida Nəzəriyyəsi”, “Mətbəx tarixi”, “Mətbəx və dilçilik”, “Mətbəx və folklor”, “Mətbəx rəqsləri”, “Mətbəx və musiqi”, “Mətbəxin insanın reproduktiv funksiyasına təsiri” mövzularında tədqiqatlar aparıb. “Azərbaycan mətbəxində dolmalar 381 çeşid” və Londonda nəşr edilən “Mətbəx yeməkləri” kitabları 2016 və 2018-ci illərdə dünyanın ən yaxşı kulinariya kitabları elan edilib.

Prezidentin sərəncamı ilə 2004-cü ildə ilk “Azərbaycan Kulinariyasının Ensiklopediyası” hazırlanıb. Prezidentimizin 2011-ci ildə AMEA-dakı çıxışına cavab olaraq “Qarabağ mətbəxi”, “Ermənistan bizim dədə-baba torpağımızdır”, “İrəvan xanlığı bölgə mətbəxi” kitabları çap edilib. Mərkəz, həmçinin beynəlxalq elmi-publisistik jurnallarda elmi məqalələr dərc etdirir, mötəbər elmi konfranslarda iştirak edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın vətənimizin qeyri-maddi mədəni irsinin təbliğatçısı kimi bu qurumdakı yüksək nüfuzu milli mətbəximizin beynəlxalq miqyasda tanıdılmasına bilavasitə təkan verir. Lavaş və dolma UNESKO tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irs nümunəsi elan edilib. Azərbaycan Milli Kulinariya Mərkəzi məhz bu dəstəkdən güc alaraq Ermənistan Respublikası Nazirlər Soveti və Ermənistan Elmlər Akademiyası tərəfindən 1950-ci ildən başlayan Azərbaycan mətbəxinin mənimsənilməsi yönündə aparılan ardıcıl “işi” elmi-tarixi sübutlarla ifşa edib və beynəlxalq qurumlardan uzaqlaşdırıb.

Qeyri-neft sektorunun inkişafı, infrastrukturun müasir tələblərə cavab verəcək səviyyədə qurulması ölkəyə turist axınına səbəb olub. Turistlər üçün ölkənin tarixi-mədəni məkanları, təbiəti ilə tanışlığı maraqlı olduğu qədər, milli mətbəx də  əhəmiyyətlidir. “Fast-food” dünyasında milli mətbəxin qorunması, təbliği, təqdimatı və gələcək nəsillərə ötürülməsi Milli Kulinariya Mərkəzinin vəzifəsidir. Mərkəz paytaxt Bakıda “Bakı Beynəlxalq Çay Dəstgahı”, “Qazan, Manqal, Sac”, Qəbələdə “Beynəlxalq ənənəvi Mürəbbə”, Şəkidə Beynəlxalq ənənəvi Şirniyyat” və Lerikdə yerli “Plov” festivalları, “Beynəlxalq İslam Mətbəxi”, “Təhsil alan Gənc Kulinarların Respublika Milli Mətbəx” çempionatları və s. tədbirlər keçirilib. Hazırda “Azərbaycan çay dəstgahı” UNESKO-ya təqdim edilib.

 

Tahir ƏMİRASLANOV,

Milli Kulinariya

Mərkəzinin baş direktoru

ETİKETLƏR: