Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Digər rayonlarımıza da səfərlər təşkil ediləcək

Hazırda Qarabağda  minalardan təmizlənmə işləri hansı miqyasda həyata keçirilir? Daha çox hansı ərazilərə üstünlük verilir?

09.02.2022 12:50
44
A+
A-

Yanvarın 24-dən başlayaraq Şuşa və Ağdam şəhərlərinə ilk sərnişin avtobusları yola düşüb. Şuşa və Ağdam şəhərlərinə avtobus reyslərinin açılması  Qarabağın azad edilmiş digər bölgələrindən olan sakinləri də öz torpaqlarını görmək üçün həvəsləndirib. Bununla bağlı bir çox vətəndaşlarımız adiyyəti qurumlara müraciətlər ünvanlayıb.  Xüsusi nəzarət tədbirləri çərçivəsində azad edilmiş rayonlarımıza, eləcə də Şuşa şəhərinə vətəndaşlarımızın avtobusla səfərinə icazə verilməsi turizm zonalarının minalardan təmizlənməsinin bir daha vacibliyini, prosesin tezləşdirilməsini şərtləndirir.

Hazırda Qarabağda  minalardan təmizlənmə işləri hansı miqyasda həyata keçirilir? Daha çox hansı ərazilərə üstünlük verilir?

Suallarımızı millət vəkilləri Elşad Mirbəşirov və Ceyhun Məmmədova ünvanladıq.

“Təbii ki, işğaldan azad edilmiş ərazilərimizdə tikinti, intensiv quruculuq işlərinin getməsi hər şeydən öncə təhlükəsizliyin təmin olunmasını zəruri edir. Xatırlatmaq istərdim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə Ermənistan tərəfinə, onun havadarlarına çağırış edərək minalanmış Azərbaycan torpaqlarının dəqiq xəritəsinin təqdim olunmasını istəyib”- deyə E.Mirbəşirov bildirib. O qeyd edib ki,  bu, sülhün ən vacib şərtlərindən biridir.

Bildiyimiz kimi, Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim edib. Lakin, cənab Prezidentin qeyd etdiyi kimi,  bu xəritələrin dəqiqliyi təxminən 25% təşkil edir. Məsələnin başqa bir tərəfi də ondan ibarətdir ki, ermənilər güman ki, yenə də müharibə qanunlarına zidd davranaraq Azərbaycan torpaqlarını sistemsiz şəkildə minalamışdır. Təkcə Kəlbəcər ərazisinə külli miqdarda minanın basdırılması haqqında elə Ermənistan mətbuatı özü xəbər vermişdir. Sistemsiz şəkildə bu ərazilərin minalanması hələ uzun müddət öz fəsadlarını göstərəcək. Lakin Azərbaycan tərəfi ərazilərin minalardan təmizlənməsi üçün öz resurslarını səfərbər etməkdədir və hazırda uğurlu nəticələr əldə edilir.

Millət vəkili ərazilərimizdə kifayət qədər əsaslı işlərin  həyata keçirildiyini də vurğuladı.  Əlavə etdi ki, azad edilmiş torpaqlarımızın nəqliyyat xəritəsinin,  demək olar ki, bütün konturları bəllidir. Həmin ərazilərdə 11 avtomobil yolu çəkilir. Onların bəziləri artıq tamamlanmışdır. 3 istiqamətdə dəmiryolu xətti çəkilməkdədir. Füzuli rayonunda 8 ayda hava limanı inşa edilib istifadəyə verildi. Hazırda Zəngilan rayonunda hava limanının inşası sürətlə davam etməkdədir.

E.Mirbəşirov onu da qeyd etdi ki, Ağalı kəndində “ağıllı kənd” konsepsiyasına uyğun quruculuq işləri aparılır. Bundan sonra isə Dövlətyarlı kəndində “ağıllı kənd” konsepsiyası həyata keçiriləcək. Müvafiq olaraq  bu ərazilərin minalardan təmizlənməsi işləri sürətləndirilir.

Şuşa, Ağdam şəhərləri istiqamətində yolların çəkilişi, ərazilərin müəyyən bir qisminin minalardan təmizlənməsi o bölgələrə səfər imkanı yaradıb. Növbəti rayonlarımız Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər və digər bölgələrimiz ola bilər. Öncə isə yaşlı nəslin,  şəhid ailələrinin nümayəndələri və veteranların səfərinin təşkil edilməsi lazımdır.

Ceyhun Məmmədov isə bildirdi ki, Cəbrayıl və Qubadlıya da səfərlərin təşkili ilə bağlı zamanla müxtəlif qurumlara müraciətlər ünvanlanıb. Bununla bağlı hazırda müəyyən işlər həyata keçirilir. Hazırkı mərhələdə  öncə Ağdam və Şuşa şəhərlərinə səfərlər təşkil edilir. Çünki minalardan təmizlənmə, abadlıq, bir sıra işlərin görülməsi burada daha sürətlə həyata keçirilib. Ümumən götürdükdə isə, Şuşa və Ağdam şəhərlərində elə çox mina yox idi. Həm də əhalinin bu ərazilərə getməsi üçün hazırda təhlükəsizlik baxımından daha geniş imkanlar mövcuddur.

Düşünürəm ki, növbəti mərhələdə isə  digər rayonlarımıza, o cümlədən Cəbrayıl və Qubadlıya səfərlərin təşkilinin şahidi olacağıq.  

Millət vəkilli onu da qeyd etdi ki,  bildiyimiz kimi, müharibədən sonra düşməndən azad edilmiş ərazilərimizə qanunsuz səfər edən yüzə yaxın vətəndaşımız minaya düşərək həlak olub və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təbii ki, insanların Qarabağımızı tezliklə  görmək həyəcanını anlayırıq, lakin öz sağlamlıqları üçün bütün təhlükəsizlik tədbirlərinə əməl etməlidirlər. Yaxın zamanlarda xüsusi nəzarət tədbirləri çərçivəsində  vətəndaşlarımız işğaldan azad edilmiş  ərazilərimizə mərhələli şəkildə səfər edə biləcəklər.

 

M. GÜLÖYŞƏ