Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar konfrans keçirilib

8 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən videoformatda konfrans keçirilib.

29.04.2021 10:29
40
A+
A-

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən videoformatda konfrans keçirilib.

Konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı və həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin dayanması işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində də məqsədyönlü dövlət siyasətinin aparılmasına imkan verib. Ötən dövrdə Azərbaycan əməyin mühafizəsi ilə bağlı BƏT konvensiyalarını qəbul edib. Bu sahədə mütərəqqi beynəlxalq normalar əsasında milli qanunvericilik bazası yaradılaraq daim təkmilləşdirilir. Əmək Məcəlləsinin bir çox maddələri əməyin mühafizəsi norma və qaydalarını, prinsiplərini əhatə edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək dedi, ötən il Azərbaycanın tarixində olduqca yaddaqalan il olmuşdur. Xalqımız 2020-ci ili böyük tarixi Zəfərlə başa vurdu. Vətən müharibəsində qazandığımız layiqli qələbə bu gün hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Hazırda, ölkə Prezidenti cənab İlham Əliyevin göstərişlərinə əsasən azad olunmuş ərazilərdə tikinti, quraşdırma işləri aparılır, yeni  yollar salınır, su elektrik stansiyası yenidən qurulur, yeni aeroportların tikilməsi və digər infrastruktur layihələr uğurla həyata keçirilir.

Məlumdur ki, 2020-ci ilin əvvəlindən koronavirus (COVID-19) infeksiyası bütün dünyaya yayılaraq qlobal böhrana səbəb oldu və ciddi fəsadlar törətdi.

Pandemiyanın ölkəmizdə yayılmağa başladığı ilk günlərdən cənab İlham Əliyevin tapşırığı ilə təxirəsalınmaz profilaktiki tədbirlərin həyata keçirilməsi üçün zəruri qərarlar qəbul edildi. Sosial təcrid qaydaları tətbiq olundu. Bir çox müəssisə və təşkilatların fəaliyyəti dayandırıldı, iş vaxtları azaldıldı, məsafəli iş rejiminə keçirildi, kollektivlər daxilində virusun yayılmasının qarşısının alınması üçün məhdudlaşdırıcı tədbirlər müəyyən edildi.

Pandemiya dövründə Azərbaycan həmkarlar ittifaqları da kənarda qalmamış, 76 şəhər və rayonda yaşayan 3900 aztəminatlı ailəyə, 2 dəfə olmaqla, 136 ton ərzaq sovqatı göndərildi, maddi yardımlar göstərildi. Ümumilikdə koronavirusla mübarizəyə və eyni zamanda dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə 6.252.748 manatdan çox vəsait sərf edildi. Bununla yanaşı, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərini, BƏT-in, ÜST-ün və digər beynəlxalq təşkilatların tövsiyələrini rəhbər tutaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (may, 2020-ci il) “Pandemiyanı dayandırmaq: iş yerlərində təhlükəsizlik və sağlamlıq insanların həyatını xilas edə bilər” mövzusunda hazırlanmış təbliğati, təşviqati materiallar bütün sahə həmkarlar ittifaqı təşkilatlarına çatdırıldı.

Sahə həmkarlar ittifaqlarının dəstəyi ilə geniş tirajla plakatlar (dörd növ) buraxıldı. Bu plakatlar həmkarlar ittifaqının xidmətində olan müəssisə və təşkilatlarda, habelə xüsusi təyin olunmuş yerlərdə nümayiş etdirilir.

Bu gün koronavirus infeksiyasının yayılması ilə əlaqədar dünyada gərginlik artmaqda davam edir. Cəmiyyətlərin üzləşdiyi böyük problemləri dərk edərək Beynəlxalq Əmək Təşkilatı 2021-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü çərçivəsində, COVID-19 pandemiyası ilə  mübarizə məqsədilə “Böhranı qabaqlamaq və ona hazır olmaq - dayanıqlı əməyin mühafizəsi sistemlərinə investisiya qoymaq” çağırışını irəli sürmüşdür.

Məlumdur ki, koronavirusla əlaqədar yaranmış vəziyyət, dünyada, o cümlədən Azərbaycanda tətbiq olunan məhdudlaşdırma tədbirləri insanların həyatında müəyyən iz buraxmaqdadır.

Məhz  bu baxımdan da BƏT-in Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tövsiyələri bugünkü və gələcəkdə gözlənilən böhranlara qarşı dayanaqlılığın artırılmasına, əməyin təhlükəsizliyi və gigiyenası sisteminin möhkəmləndirilməsinə yönəlmişdir.

2020-ci ilin yekunlarının təhlili göstərir ki, həmkarlar ittifaqlarının texniki əmək müfəttişlikləri COVID-19 pandemiyası şəraitində layiqli əməyin təşkili, sağlam və təhlükəsiz əmək şəraitinin daha da yaxşılaşdırılması üçün müəyyən işlər görmüşdür. Əmək qanunvericiliyinin və əməyin mühafizəsi tələblərinin yerinə yetirilməsi ilə bağlı əmək müfəttişlərinin müəssisələrdə apardıqları araşdırmalar nəticəsində aşkara çıxarılmış nöqsanların 93%-dən çoxunun aradan qaldırılmasına nail olunmuş, bu müəssisələrin işçilərinin hər yeddi nəfərindən biri əlverişsiz əmək şəraitindən kənarlaşdırılmışdır. Həmkarlar ittifaqı təşkilatlarının fəaliyyət göstərdiyi müəssisələrdə 2020-ci il ərzində istehsalatda xəsarət alanların sayı 24,4%, istehsalat xəsarəti nəticəsində həlak olanların sayı isə 28,1% azalmışdır.

Pandemiyanın şərtləri çətin fövqəladə şəraitdə qarşıda duran vəzifələrin operativ həllini, əməyin təşkilinə, istehsalat proseslərinə və sosial müdafiəyə yeni yanaşmaları, təhlükəli faktorların yaranacağı ehtimalı nəzərə alınmaqla, çevik və səmərəli əks tədbirlərin qəbul olunmasını və adaptasiyasını tələb edir. Qarşıya qoyulan vəzifələrin həlli Beynəlxalq Əmək Təşkilatının tövsiyə və tələbləri əsasında müəyyən bir iş təcrübəsi olduqda mümkündür. Bunu nəzərə alaraq AHİK Azərbaycan qanunverici və normativ aktlarının BƏT-in 155 saylı “Əməyin təhlükəsizliyi, gigiyenası və istehsalat mühiti” Konvensiyasına uyğunlaşdırılmasını və ratifikasiya üçün hazırlanmasını öz üzərinə götürmüşdü. Bu da Sosial İqtisadi Məsələlərə dair Üçtərəfli Komissiyada sosial tərəfdaşlar tərəfindən dəstəklənmişdir.

Əməyin mühafizəsinə və təhlükəsizliyinə nəzarətin effektivliyinin artırılmasına nail olmaq üçün aşağıdakı problemləri həll etməliyik:

- BƏT-in 184 və 187 saylı konvensiyalarının ratifikasiyası, 160 saylı Konvensiyaya əlavə və dəyişikliklərin edilməsi;

- sosial təminatlara xərclənən əlavə əməyin mühafizəsi və əmək şəraiti sahəsində dövlət statistik hesabatda vəsaitin öz əksini tapması;

- “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, işçilərin həyatını, sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə ölkə iqtisadiyyatının bütün sahələrində milli standartların işlənib hazırlanması və təsdiq edilməsi;

- iş yerlərində istehsalat sanitariyasının, gigiyenasının vəziyyətinin müəyyənləşdirilməsi üçün sanitar - gigiyenik norma və qaydaların, müxtəlif peşələr üzrə əməyin gigiyenası, iş zonasının havasına olan ümumi sanitar gigiyenik tələblərin vəziyyətini müəyyənləşdirən normativ-hüquqi aktların hazırlanması.

“Epidemioloji göstərişlərə görə, məcburi profilaktik  peyvəndlərə cəlb olunan yoluxucu xəstəliklərin siyahısı”na “Bioloji təhlükəsizlik və yoluxucu xəstəliklərlə yoluxanlarının” da əlavə edilməsi və Əmək Məcəlləsinin 211-ci maddəsinə əsasən, əmtəələrin istehsalı, işlərin (xidmətlərin) görülməsi (göstərilməsi) zamanı istifadəsi qadağan olunan kimyəvi radioaktiv və digər yüksək təhlükə mənbəli maddələrin siyahısının işlənib hazırlanmasını və işçilərin peşə xəstəliyinə tutulması ehtimalı yüksək olan iş yerlərinin siyahısına dair təlimatın işlənib hazırlanmasına nail olunması da ümumi işimizə müsbət təsir göstərə bilər.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmançı, Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdəki daimi nümayəndəliyinin rəhbəri Aliyə Əzimova, habelə digər qurumların, sığorta şirkətlərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edib.

Nazirliyin e-sistemi üzərindən aparılan təhlillər nəticəsində yüksək təhlükəli iş yerləri olan sahələrdə (tikinti, mədənçıxarma, istehsal və s.) fəaliyyət göstərən, işçi sayı çox olan, əməyin mühafizəsi standart,norma və qaydalarına əməl edən və son 5 ildə istehsalat sahələrində işçilərin xəsarət alması və ya ölümü ilə nəticələnən bədbəxt hadisələrin baş vermədiyi müəssisələr seçilərək onlara Təşəkkürnamə təqdim edilib.

ETİKETLƏR: