Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
martın 1-də
… Dövlət Teleqraf Agentliyinin-AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB Milli İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclasında iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul etmişdir. … Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması ilə əlaqədar Sərəncam imzalamışdır.
martın 2-də
… Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberqi qəbul etmişdir. … Avropa Xalq Partiyasının prezidenti Vilfred Martinsi qəbul etmişdir. … Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsini və Avropa Komissiyası vitse-prezidentinin adından, Avropa İttifaqına növbəti sədrlik edən dövlətin - İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Migel Angel Moratinosun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
martın 3-də
… Rusiya Federasiyası Baş nazirinin birinci müavini İqor Şuvalovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. … Niderlandın Xarici İşlər Nazirliyinin baş katibi, nazirin müavini Ed Kroninburqun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. … Filippinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pedro O. Çanın, İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Rasselin, Liviyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saad Mustafa Mucbirin və Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Egberg Mikkelsenin etibarnamələrini qəbul etmişdir.
martın 4-də
… Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin maddi texniki bazasının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan müasir təcili tibbi yardım avtomobillərinin alınması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 7,0 (yeddi) milyon manat vəsait ayrılacaq.
Əli Məsimli: "İpoteka sahəsində ciddi nəticələrə nail olmaq üçün sosial ipotekanın faiz dərəcələri aşağı salınmalıdır"
İpoteka kreditləşməsində fasilə yaranması sənədlərin hazırlanması ilə bağlıdır. Mərkəzi Bankdan verilən məlumata görə, hazırda bəzi müvəkkil bankların ipoteka kreditləşdirilməsini dayandırmasına səbəb vəsait çatışmazlığı ilə bağlı deyil. Yaxın vaxtlarda Mərkəzi Bankda ipoteka bazarının inkişafı istiqamətində geniş tədbirlər planının müzakirəsinə başlanacaq. Ediləcək dəyişikliklər tək ipotekanı deyil, bütün kreditləri əhatə edəcək. Banklar yığılan əmanətləri həzm edə bilmədiyindən gələn il əmanət faizləri və buna uyğun olaraq kredit faizləri aşağı düşəcək. İpoteka kreditləşməsi mexanizminin təkmilləşməsi məsələsinə münasibət bildirən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvi Əli Məsimlinin qənaətinə görə, Azərbaycanda həm kommersiya, həm də sosial ipotekanın fəaliyyət göstərməsi təqdirəlayiqdir: "Güzəştli ipoteka 4 faizlə, maksimum 35 min manat, adi ipoteka isə 8 faizlə 50 min manat həcmində verilir. Müddətlərdə müvafiq olaraq 25 il nəzərdə tutulub. Lakin bu, yetərli ola bilməz. İpoteka sahəsində ciddi nəticələrə nail olmaq üçün hər şeydən əvvəl sosial ipotekanın faiz dərəcələrinin aşağı salınması istiqamətində addımlar atılmalıdır. Çünki istər dövlət vəsaiti, istərsə də bankların öz vəsaitləri hesabına həyata keçirilən maliyyələşmə sosial ictimai proqram xarakteri daşıyır. Sosial layihə olduğuna görə də, faiz dərəcəsi simvolik xarakter daşımalıdır. Məsələn, Türkmənistanda belə kreditlər 1 faizə verilir. Sonra xeyli dərəcədə güzəştli şərtlər də tətbiq olunur. Yəni bizdə də hökumət çalışmalıdır ki, imkansız ailələr çətinliklərlə rastlaşmasın". İqtisadçı millət vəkili daşınmaz əmlak bazarında mövcud qiymətlərin də nəzərə alınmasını vacib sayır: "Tutaq ki, 2-3 otaqlı mənzilə sahib olmaq istəyən şəxs heç vaxt 50 min manata bu istəyini reallaşdıra bilməz. Çünki indiki şərtlərlə bu, tamamilə qeyri-mümkündür. Bu qiymətə ev almaq üçün əlavə 20 min manat da tapmalısan ki, çatışmayan fərq ödənilsin. Nəticədə ailə çox çıxılmaz vəziyyətə düşür. Hesab edirəm ki, kommersiya ipoteka üçün verilən vəsaitin həcmi 50 min manatdan 70-80 min manata qədər artırılmalıdır. Sosial ipoteka üçün isə maksimum həddi 35 min manatdan 50-55 min manata qədər olmalıdır. Bu artım sosial ipoteka alanların vəziyyətinə müsbət təsir göstərər". İqtisadçı millət vəkili sosial ipotekaya 2010-cu ilin dövlət büdcəsindən nəzərdə tutulan 14 milyon manat vəsaitin az olduğu qənaətindədir: "Nəzərə alsaq ki, 2010-cu ilin büdcəsində bir barel neftin qiyməti 45 dollar götürülüb, indi isə bu rəqəm 75-80 dollardır, çox güman ki, gələn il neftin qiyməti 45 dollardan artıq olacaq. Hər yüksək olan 1 dollar Azərbaycanın büdcəsinə xeyli əlavə vəsait daxil olmasına gətirib çıxaracaq. Bu vəsaitin 2010-cu ilin ortalarında yenidən bölünməsinə ehtiyac olacaq. Belə olan halda, İpoteka Fonduna 14 milyon yox, ondan qat-qat çox vəsait ayrılması təklifi səsləndiriləcək. Həm də mart ayında hökumətin hesabatı olacaq. Həmin hesabat zamanı da sosial ipotekaya da büdcədən ayrılan 14 milyon manatın artırılması istiqamətində konkret təkliflərimiz olacaq. Bu da güzəştli ipoteka alanların dairəsinin genişlənməsinə müsbət təsir göstərəcək".
- Səhiyyə sahəsində taun əleyhinə müəssisələrdə (sanitariyalar, şöbələr, laboratoriyalar, institutlar) əmək fəaliyyəti ilə məşğul olan işçilərin əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə neçə gün əlavə məzuniyyət hüququ vardır?
Qənimət HÜSEYNOV, Hacıqabul rayonu.
- Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 37-ci bölməsinin113-125-ci bəndlərinə əsasən, səhiyyə sahəsində taun əleyhinə müəssisələrdə (sanitariyalar, şöbələr, laboratoriyalar, institutlar) şübhəli, yaxud yoluxucu materiallarla bilavasitə və yaxud onlarla əlaqəsi olan işlərdə və xüsusi təhlükəli infeksiyalar üzrə yoluxucu otaqlarda (bokslarda), eləcə də bakterioloji preparatların istehsalında işləyən işçilərin: o Avtoklavçının 18 təqvim günü, o Sterilizasiya aparatçısının 18 təqvim günü, o Baytar həkiminin 24 təqvim günü, o Həkim, zooloq və entomoloqun 24 təqvim günü, o Müəssisə direktoru (rəisi) və onun elmi işlər, istehsalat üzrə müavininin 24 təqvim günü, laboratoriyanın və şöbənin (bölmənin) müdirinin 24 təqvim günü, o Təlimatçı- dezinfektorun və laborantın 18 təqvim günü, o Kiçik tibbi heyətin və tauna qarşı müəssisənin digər işçilərinin 6 təqvim günü, o Elmi işçinin və texniki rəhbərin 24 təqvim günü, preparatorun 18 təqvim günü əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ vardır.