Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(mayın 13-də) …Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.
(mayın 14-də) …Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır. …ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.
(mayın 15-də) …MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir. …Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir. …və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər. …və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.
(mayın 16-da) …Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır. …Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir. …Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.
(mayın 17-də) …Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.
HSBC bankının hesabatına Gürcüstan, Ermənistan, Moldova, Qırğızıstan və Tacikistan daxil edilməyib
Azərbaycan 2050-ci ildə iqtisadiyyatının həcminə görə dünyada 65-ci ölkə olacaq. Bu barədə Böyük Britaniyanın HSBC bankının "2050-ci ildə dünyanın ən böyük 100 iqtisadiyyatı" adlı proqnozunda bildirilir. HSBC-nin proqnozuna əsasən, hesabatda 2010-2050-ci illərin göstəriciləri müqayisə edilir. Azərbaycanda Ümum Milli Məhsulun (ÜMM) həcmi 2010-cu ildəki 20 mlrd. dollardan 2050-ci ildə 168 mlrd. dollara, gəlirin adambaşına həcmi isə 2,3 min dollardan 14,5 min dollara çatacaq. 2050-ci ildə dünyanın ən böyük iqtisadiyyatları siyahısına indiki MDB-dən yalnız 7 ölkə düşə biləcək. Bu, Rusiya (15-ci yer), Ukrayna (40), Özbəkistan (50), Qazaxıstan (53), Azərbaycan (65), Belarus (75) və Türkmənistandır (86). Gürcüstan, Ermənistan, Moldova, Qırğızıstan və Tacikistan isə bu siyahıya düşməyib. Proqnozlara görə, 2050-ci ildə regionun iqtisadi cəhətdən ən böyük dövləti Rusiyanı geridə qoyan Türkiyə olacaq. Türkiyədə ÜMM-in həcmi indiki 385 mlrd. dollardan 2,149 trln. dollara qalxacaq. Rusiyada isə bu göstəricilər 412 mlrd. dollar və 1,878 trln. dollar təşkil edəcək. Regionun digər ölkəsi İran isə bu siyahıda 27-ci yerdədir. Dünyanın ən böyük iqtisadiyyatına malik olan 100 ölkənin siyahısına 2050-ci ildə ABŞ-ı geridə qoyan Çin başçılıq edəcək. Bu müddət ərzində Çində ÜMM 7,2 dəfə artaraq 25,3 trln. dollara çatacaq. ABŞ-da isə 2 qat artımdan sonra 22,270 trln. dollarlıq göstərici əldə olunacaq. Hindistan 8,2 trln. dollarla dünyanın 3-cüsü olacaq. Hesabatın ən sürpriz ölkələrindən biri Filippindir. Hesablamalara görə, Filippin iqtisadiyyatı sürətli artım nəticəsində dünyanın 16-cısı olmaqla İndoneziyanı geridə qoyacaq. Misir isə proqnozlara görə, 2050-ci ildə iqtisadiyyatın həcminə görə Səudiyyə Ərəbistanını qabaqlayacaq. Yaxın Şərqin ən böyük iqtisadiyyatına malik olan ölkəyə çevriləcək.
Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.
Əlikram QURBANOV, Bakı şəhəri.
- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir: o müqavilə bağlayan tərəflər haqqında məlumatlar; o tərəflərin hüquq və vəzifələri; o görüləcək işlər və göstəriləcək xidmətlər; o müqavilənin müddəti; o tərəflərin məsuliyyəti; o müqaviləyə xitam verilməsi qaydası. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.