Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(avqustun 30-da) ... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır. … Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.
(avqustun 31-də) … Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.
(sentyabrın 1-də) … və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.
(sentyabrın 2-də) … və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.
(sentyabrın 3-də) … və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır. … və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.
RİTN-ın 20.7 milyon manat investisiya qoyuluşu həyata keçirib
Bir ildir davam edən dünya maliyyə böhranı telekommunikasiya və informasiya texnologiyaları sektorundan da yan keçməyib. İstər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə bir sıra antikrizis tədbirlər həyata keçirilməkdədir. Respublikamızda sektorun inkişafı üçün yaradılmış bazis onun dünyada hökm sürən maliyyə böhranından sığortalanmasını təmin edib. Bu sahədə ətraflı məlumat almaq məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyevə müraciət etdik. Şöbə müdiri 2009-cu ilin I yarımilliyində İKT və poçt sektorunda əldə olunan gəlirlərin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 495,5 milyon manat olduğunu bildirdi:
"2008-ci ilin I yarımilliyi ilə müqayisədə artım tempi İKT sektorunda 10,2 faiz, o cümlədən telekommunikasiya sektoru üzrə 12,2 faiz, poçt sektorunda isə 16,7 faiz təşkil edib. İKT və poçt sektorunda əldə olunan gəlirin 80,3 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb. Telekommunikasiya və poçt sektoru üzrə artım 12,3 faiz yəni 468,3 milyon manat təşkil edib. Bu gəlirin 73,8 faizi mobil operatorların payına düşməklə, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə artım tempi 15,1 faiz olub". Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə yeni iş yerlərinin açılması və işsizliyin aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların icrası olaraq, RİTN üzrə 2009-cu ilin I yarımilliyində 246 yeni iş yeri açılıb. R.Nəbiyev həmçinin, rabitəçilərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə əməkhaqlarının artırılması istiqamətində aparılan işlərin mütəmadi davam etdirildiyini də qeyd etdi: " RİTN-nin birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əməkhaqları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz artırılaraq, 267,0 manata çatdırılıb. Məlumat üçün bildirim ki, İKT sektorunda əməkhaqqının əvvəlki dövrün müvafiq dövrü ilə müqayisədə artımı 15,4 faizdir ki, bu da 505,8 manat deməkdir. Hazırda respublika üzrə orta aylıq əməkhaqqı 298,0 manatdır. R.Nəbiyev ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması istiqamətində də bir çox işlər görüldüyünü dedi: "Bu məqsədlə bu ilin 6 ayı ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 20,7 mln. manat investisiya qoyuluşları həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.6 mln. manat çoxdur. Həyata keçirilmiş investisiya layihələri çərçivəsində yarımillik ərzində respublikanın ümumi telefon şəbəkəsi üzrə 14 min 332 nömrə tutumlu yeni ATS-lər istifadəyə verilərək ümumistifadəli sabit telefon şəbəkəsinin tutumu 1.519.243 nömrəyə çatdırılıb. Regionlarda telefon şəbəkəsinin modernləşdirilməsinə və yeni texnologiyaların tətbiqinə 10,6 milyon manatdan artıq investisiya yönəldilib ki, bunun da nəticəsində 19 min 820 nömrə tutumlu ATS-lər, 163,3 km. uzunluğunda fiber-optik kabel magistralları və birləşdirici xətlər, 7315 abunəçi xətti istismara verilib. Abşeron rayon telefon şəbəkəsi NGN texnologiyası əsasında yenidən qurulmuş, şəbəkənin tutumu 14508 nömrə artırılaraq 46412 çatdırılmış, rayonun Masazır, Novxanı, Fatmayı, Saray ATS-lərinin xətləri fiber-optik kabellər vasitəsilə birləşdirilib. Eyni zamanda Xırdalan şəhərində və digər yaşayış məntəqələrində ən müasir tələblərə cavab verən rabitə şəbəkəsi qurulub. Bu dövr ərzində Saatlı və Gədəbəy rayonlarının telefon şəbəkələrinin rekonstruksiyası başa çatdırılıb və hər iki rayonun telefon şəbəkələri tam elektronlaşdırılıb. Beləliklə də, telefon şəbəkələri elektronlaşdırılmış rayonların sayı 26-ya çatdırılıb. Neftçala və Hacıqabul rayonlarının kənd yaşayış məntəqələrində, Cəbrayılın 10 saylı məcburi köçkün qəsəbəsində, Gəncə şəhərində ATS-54 və ATS-56-da, Qəbələ rayon hərbi şəhərciyində ümumi tutumları 3536 nömrə olan 13 yeni elektron ATS tikilib. Salyan rayonunun Marışlı, Şəmkir rayonunun Düz Cırdaxan, Çaparlı, Yardımlı rayonunun Televar, Sabirabad rayonunun Qasımbəyli və Moranlı, Cəlilabad rayonunun Alar və Şiləvingə kəndlərində istismar olunan analoq tipli ATS-lər rekonstruksiya olunaraq elektron tipli ATS-lərlə əvəz olunub". R.Nəbiyevin bildirdiyinə görə, mobil abunəçilərin sayı il ərzində 352 000 artaraq 6 900 000 çatmışdır ki, bu da hər 100 nəfər əhaliyə 78,8 mobil abunəçinin düşməsi deməkdir. Tarif Şurasının qərarı ilə respublika daxilində təşkil olunan rəqəmsal rabitə kanallarının qoşulma və aylıq istifadə haqlarının aşağı endirilməsi və eləcə də internet xidmətləri bazarında azad rəqabət şəraitinin yaradılması internet provayderlərin ADSL xəttinə qoşulma haqqının 10 manatdan 5 manata, aylıq istifadə haqqının isə 4 manatdan 2 manata endirilməsi bu bazarda əhəmiyyətli canlanma yaratmış və xüsusilə də genişzolaqlı internetə tələbatı nəzərəçarpacaq dərəcədə artırıb. Ölkədə kompyuterlərin kütləvi yayımını nəzərdə tutan "Xalq kompyuteri" layihəsinə start verilib. Xarici, yerli şirkətlərin və Azərbaycan hökumətinin birgə reallaşdırdığı bu layihədə ölkəmizin də istehsal potensialından istifadə edilərək güzəştli şərtlərlə, o cümlədən, 25-30 faiz bazar qiymətlərindən aşağı və birillik faizsiz kreditlə kompyuterlərin vətəndaşlara satışının həyata keçirilməsi nəzərdə tutulur.
Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.
Elza HƏSƏNOVA, Samux rayonu.
- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər. Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.