Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(mayın 13-də) …Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.
(mayın 14-də) …Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır. …ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.
(mayın 15-də) …MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir. …Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir. …və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər. …və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.
(mayın 16-da) …Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır. …Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir. …Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.
(mayın 17-də) …Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.
BƏZİ MƏHKUMLAR CİNAYƏT TÖRƏDƏRƏK YENİDƏN SIĞINACAQ YERİ OLAN HƏBSXANALARA QAYIDIR
Cəzaçəkmə müəssisələrindən azad edilən məhkumların sonrakı taleyi çox vaxt qaranlıq qalır. Həbsxanadan azad olunduqdan sonra cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkən, bir çox hallarda iş, ev problemləri ilə üzləşən məhkumlar yenidən cinayət törədərək həbsxanaya qayıdır. Araşdırmalar da göstərir ki, cəzaçəkmə müəssisələrindən azad edilən şəxslərin sosial adaptasiyasında problemlər hələ də qalmaqdadır. "Azadlıqdan məhrumetmə yerlərinin müşahidəsi" İctimai Birliyinin apardığı müşahidələr nəticəsində aydın olub ki, müxtəlif cəzaçəkmə müəssisələrində məhkumların sosial adaptasiyası ilə bağlı müəyyən problemlər hələ də qalmaqdadır. Belə ki, cəzaçəkmə müəssisələrini tərk edən məhkumların bir hissəsi cinayətkar dəstələrə üzv olaraq fəaliyyətlərini davam etdirir. Cəmiyyətdə özünü doğrulda bilməyən məhkumlar istənilən bir cinayəti törədərək çalışırlar ki, özləri üçün müəyyən mənada sığınacaq yeri olan həbsxanalara qayıtsınlar. Ümumi cinayətlər arasında bu cür şəxslər tərəfindən təkrar və residiv cinayətlərin törədilməsi 20-30 faiz təşkil edir. Məhkumların readaptiyasiya probleminə etinasızlıq göstərilməsi cəza-icra müəssisəsinin islah-tərbiyə üzrə normal fəaliyyətinə, mənəvi-psixoloji iqlimə mənfi təsir göstərir. Bu isə azad edilən məhkumlar arasında residiv cinayətkarlığın səviyyəsinin yüksək olmasına gətirib çıxarır. Respublikamızdakı cəzaçəkmə müəssisələrinin bir neçəsində məhkumların işləməsi üçün şərait yaradılsa da, bu problemin həlli üçün kifayət deyil. Bəzi cəzaçəkmə müəsisələrində ixtisas kursları fəalyyət göstərir. Qadın kaloniyasında tikiş və xalçaçılıq sexləri fəaliyyət göstərir. Burada cəza çəkən məhkumlardan 35-i tikiş, 38-i isə xalçaçılıq sexində çalışır. Eyni zamanda əlavə sifarişlər olarsa, 32 nəfərin işləyə biləcəyi sexi də işə salmaq mümkündür. 38 nəfər məhkumun işlədiyi xalçaçılıq sexində sifarişlər əsasında müxtəlif ölçüdə və çeşidli xalılar toxunur. Lakin ümumilikdə məhkumların işlə təminatı sahəsində vəziyyət ürəkaçan deyil. Hazırda cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların cəmi 15 faizini işlə təmin etmək mümkün olub. Qalan 85 faizin işlə təmin edilməsi istiqamətində tədbirlər görülməsinə ehtiyac var. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin şöbə rəisi Rafiq Ramazanov bu problemin həll edilməsi istiqamətində işlər aparıldığını bildirir: "Məhkumların azadlığa çıxdıqdan sonra rastlaşdıqları problemlərin qismən yoluna qoyulması üçün iş aparılır. Cəza müddəti bitdikdən sonra onların işlə təmin olunması, qeydiyyata alınması üçün yaşadıqları ərazinin polis idarəsinə, icra hikimiyyətinə, məşğulluq mərkəzinə müraciət edilir. Hətta məhkumlar azadlığa buraxılmazdan 3 ay əvvəl həmin idarələrə məlumat veririk. Həbsxana rəhbərliyi cəza çəkənlərin azadlığa çıxandan sonrakı taleyi ilə həmişə maraqlana bilməsə də, buna cəhdlər göstərilir". Məhkumların azad olunduqdan sonra rastlaşdıqları problemlərin həll edilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən İqtisadi İnkişaf Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub. Eyni zamanda məhkumların sosial adaptasiyası ilə bağlı qanun layihəsi hazırlanıb. Hazırda Milli Məclisdə "Penitensiar sistemdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası" haqqunda qanun layihəsi müzakirə olunur. Qanun qəbul edildikdən sonra problemin qismən də olsa həll ediləcəyi gözlənilir.
Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.
Əlikram QURBANOV, Bakı şəhəri.
- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir: o müqavilə bağlayan tərəflər haqqında məlumatlar; o tərəflərin hüquq və vəzifələri; o görüləcək işlər və göstəriləcək xidmətlər; o müqavilənin müddəti; o tərəflərin məsuliyyəti; o müqaviləyə xitam verilməsi qaydası. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.