Rəsmi
Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(mayın 13-də)
…Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.

(mayın 14-də)
…Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır.
…ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.

(mayın 15-də)
…MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir.
…Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir.
…və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər.
…və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.

(mayın 16-da)
…Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır.
…Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir.
…Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.

(mayın 17-də)
…Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.

Boşanmaların qarşısını necə almaq olar?

16.12.11 - 19:1263 baxılıb

Hadı Rəcəbli: "Valideynlər ailə quran gənclərə qarşı diqqətli olmalı, onların mübahisələrini həll etməyə çalışmalıdırlar"

Respublikamızda son illər boşanmaların sayı artmaqdadır. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli hesab edir ki, boşanmaların səbəblərindən biri ailədəki emosional gərginlik, söz-söhbət, dedi-qodudur: "Əvvəllər ailə yalnız xəyanətə görə dağılardı. Hətta qadın sonsuz olsa belə, kişi arvadını boşamadan, yaxınlarından birinin uşağını övladlığa götürməklə problemi həll edirdi. Bəzən gəlin-qayınana, gəlin-baldız, gəlin-elti arasındakı söz-söhbətlər boşanmaya gətirib çıxarır. Ona görə də ətraf, qohum-əqraba ailənin işinə qarışmağa meyil etməkdən çəkinməlidir.
Valideynlər ailə quran gənclərə qarşı diqqətli olmalı, onların mübahisələrini həll etməyə çalışmalıdırlar. Amma boşanmaların artmasının digər səbəbləri də var. Bəzən kişilər pis vərdişlərə (narkomaniya, alkoqolizm) meyil edərək ailələrinin dağılmasına bais olurlar. İqtisadi çətinliklər, sosial-məişət problemləri də boşanmalarla nəticələnir. Əvvəllər maddi sıxıntı ailəni daha möhkəm edirdi. Ər-arvad əl-ələ verib bu sıxıntıdan qurtarmaq üçün cəhd göstərirdilər. Müharibə dövründə bizim ata-analarımız, nənə-babalarımız da bu sıxıntını çəkiblər. Amma onların birliyi, səyi bu sıxıntının öhdəsindən gəlməyə kömək edib".
Millət vəkili boşanmaların bir səbəbi kimi erkən nikahları da qeyd edir. Deyir ki, erkən nikahların çoxu uğursuz nəticələnir: "Çünki hələ nikah yaşına çatmayan cütlüklər ailə həyatına hazır olmurlar. Bu səbəbdən də belə nikahlar uzun sürmür. Son yeddi ildə Azərbaycanda boşanma hallarının sayı iki dəfə artıb. Əvvəl bu hal 5 faiz idisə, hazırda 10 faiz olub".
Psixoloq Dəyanət Rzayev hesab edir ki, boşanmaların sayının artması nkah münasibətlərinin özünü doğrultmaması ilə bağlıdır: "Cəmiyyətdə təbəqələşmə gedir, varlı və kasıb ailələr yaranır. Sovet dövründə hamı eyni sosial vəziyyətdə yaşayırdı, amma indi belə deyil. İkinci səbəb isə ailələrdə konfliktlər, münaqişələrin çoxalmasıdır. Boşanmalarda seksual problemlərin və xəyanət amilinin də böyük rolu var. Məişət problemləri, ümidsizlik də bu səbəblərə daxildir. Məsələn, orta əməkhaqqı 500-600 manat təşkil edən ailə, bu maaşla neçə ilə ev ala bilər? Bir çox hallarda isə evlilik, sadəcə, evlənmək xatirinə edilir. Məsələn, valideynlər düşünür ki, oğlum evlənməli, qızım ərə getməlidir. Və ya ərə getməsəm mənə nə deyərlər? Valideynlər özlərini xoşbəxt etmək üçün də uşaqlarını evləndirirlər. Ailələrdə problem yarananda isə hamı kənara çəkilir".
Psixoloq Azad İsazadənin qənaətinə görə, boşanma mənfi hal kimi qəbul olunmamalıdır: "Boşanma bəzən böyük faciələrdən çıxış yoludur. Boşanma pis olsa, ona nə din, nə də qanun yol verməzdi. Bütün ömrü boyu zorakılığa məruz qalmaqdansa, buna dözüm göstərməkdənsə, boşanma daha yaxşıdır. Amma bunun bəzən mentalitetə uyğun olmadığı bildirilir. Belə ki, cəmiyyətdə uzun müddət belə bir fikir yaranıb ki, əgər qız ərə gedibsə, həmin evdən ancaq meyiti çıxa bilər. Amma bu fikir o qədər də düzgün deyil. Əgər iki nəfərin bir yerdə yaşaması mümkün deyilsə, çıxış yolu boşanmadır".
H. Rəcəbli isə hesab edir ki, İdeal ailə qismində televiziyalarda müğənnilərin göstərilməsi yaxşı hal deyil. Örnək və nümunəvi ailələr təbliğ etmək istəyiriksə, kəndlərə üz tutmalıyıq. Bakı urbanizasiyanın mərkəzidir və burada adəti qorumaq çətindir.
Problemin qarşısının alınması yollarından biri kimi, boşanma ilə bağlı prosedurların çətinləşdirilməsinə gəldikdə isə, A.İsazadə bunu müsbət qarşılayır: "Boşanma ilə bağlı müddətin artırılmasına ehtiyac var. Bəzən üç ay müddətində hətta təcrübəli psixoloqlar da tərəflər arasında olan narazılıqları dəf edə bilmirlər. Həmin müddətdə isə artıq məhkəmə tərəfdən tərəflərin nikahı pozulur. Bir müddət keçdikdən sonra isə emosiyalar soyuyur, narazılıqlar aradan qalxır və tərəflər boşanmalarına peşman olurlar".

çap üçün verisya

Axtarish sistemi

  


« May 2012
Mo Tu We Th Fr Sa Su
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Advokat

Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.

Əlikram QURBANOV,
Bakı şəhəri.


- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir:
o müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
o tərəflərin hüquq və vəzifələri;
o görüləcək işlər və göstəriləcək xidmətlər;
o müqavilənin müddəti;
o tərəflərin məsuliyyəti;
o müqaviləyə xitam verilməsi qaydası.
Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir.
Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər.
Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.