Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(avqustun 30-da)
... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır.
… Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.

(avqustun 31-də)
… Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.

(sentyabrın 1-də)
… və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.

(sentyabrın 2-də)
… və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.

(sentyabrın 3-də)
… və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır.
… və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.

Əmək müqaviləsinə xitam verilərkən işçilərin hüquq və təminatları

27.04.08 - 9:48382 baxılıb

10. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq , işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.3-cü maddəsinə əsasən, əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 (əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə) və 116-cı ( əmək stajına görə) maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.4-cü maddəsinə əsasən, müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən, ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.
11.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, işçi Azərbaycan Respublikasının Əmək Məcəlləsində və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui- istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilə bilər. Bu hüquq işəgötürənlərə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin b bəndi ilə (Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə əmək müqaviləsini ləğv etmək) verilib. İşəgötürənlərə bu hüququ verməmək üçün işçilər ilk növbədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi ilə nəzərdə tutulan əmək müqaviləsi üzrə əsas vəzifələrini yerinə yetirməli və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən əmək vəzifələrini kobud surətdə pozmamalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.3-cü maddəsinə əsasən, işəgötürən işçiyə qarşı intizam təhbehi tədbiq edərkən və əmək müqaviləsinə xitam verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xatanın xarakterini nəzərə almağa borcludur. Göstərilən keyfiyyətlərə malik olan işçi isə yol verdiyi xataların təsadüfi olmasını sübut edə bilər, bu barədə müvafiq təsdiqedici sənədlər təqdim edə bilər, işəgötüəndən onun üzrlü sayılmasını xahiş edə bilər , eyni zamanda işəgötürən də törədilmiş xatanın təsadüfi olmasını nəzərə alaraq bu halı üzrlü saymaqla işçi ilə əmək münasibətlərini davam etdirə bilər. Hər bir işçi əmək fəaliyyətində nəzərə almalıdır ki, bu sahədə pozulmuş əmək hüquqlarını o halda effektli müdafiə etmək mümkündür ki, o ilk növbədə öz əmək vəzifələrini layiqincə yerinə yetirmiş olsun və işəgötürənə əmək münasibətlərinə xitam verilməsi üçün əsas verməsin.
12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən, əmək müqaviləsi ləğv edilməklə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməlidir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Təcrübəmə əsasən deyə bilərəm ki, əksər hallarda işçilər izahat verməkdən o səbəbdən boyun qaçırırlar ki, hesab edirlər ki, izahat verməklə onlar törətdikləri xatanı rəsmi surətdə təsdiq etmiş olurlar və onlara qarşı intizam tənbehinin tətbiq olunmasına razılıq vermiş olurlar. İşçilərin gəldiyi bu nəticəni səhv olduğunu bildirməklə yanaşı , bu halın ilk növbədə onların özlərinə qarşı olduğunu bildirməyi özümə borc bilirəm. Belə ki,
- birincisi, işçinin yazılı izahat verməkdən imtina etməsi işçiyə intizam tənbehi verilməsini istisna etmir;
- ikincisi, izahat verməklə işçilər törətdikləri xatanı rəsmi surətdə təsdiq etmiş olmurlar və bu, onlara qarşı intizam tənbehinin tətbiq olunmasına razılıq verilməsi demək deyil;
- üçüncüsü, izahat verməməklə işçilər sanki hər hansı bir xata törətdiklərini təsdiq etmiş olurlar və özlərini müdafiə etmək sahəsində heç bir əsaslarının olmadığını təsdiq etmiş olurlar. Əgər işçi özü əsaslandırılmış izahatı yaza və fikrini əsaslandıra bilirsə, bu izahatın verilməsi daha məqsədəuyğundur, əgər işçi izahatı müstəqil yaza və fikirlərini sərbəst ifadə edə bilmirsə, işəgötürəndən vaxt istəməli və digər şəxslərin köməyi ilə əsaslandırılmış izahat yazmaqla onu işəgötürənə təqdim etməlidir;


Azər Quliyev, hüquqşünas.

çap üçün verisya

Axtarish sistemi

  


« September 2010
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Advokat

Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.

Elza HƏSƏNOVA,
Samux rayonu.

- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər.
Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.