Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(avqustun 30-da) ... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır. … Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.
(avqustun 31-də) … Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.
(sentyabrın 1-də) … və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.
(sentyabrın 2-də) … və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.
(sentyabrın 3-də) … və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır. … və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.
- Hörmətli redaksiya! Sizdən aşağıda göstərilən üç sualıma aydınlıq gətirməyinizi xahiş edirəm: 1.Müdiriyyət tərəfindən əməkhaqqıma edilən əlavənin kəsilməsi və mühəndis vəzifəsində işlədiyim halda fəhlələrdən az əməkhaqqı almağım düzgündürmü? 2. Öz işimdən əlavə idarədə də Mülki Müdafiə Qərargahının rəisi vəzifəsini yerinə yetirirəm. Bu işə görə mənə əlavə əməkhaqqının ödənilməməsi qanunidirmi? 3. İdarədə işləyən və 2006-cı ilə qədər 30 təqvim günü əmək məzuniyyəti alan işçiyə sonradan 21 təqvim günü məzuniyyətin verilməsi düzgündürmü?
Samir GÖYÜŞOV, Bakı şəhəri.
- Birinci sualınızın cavabı: Müəssisələrdə hər bir işçiyə ödənilən əməkhaqqı Əmək Məcəlləsi və digər normativ - hüquqi aktlarla, işçi ilə işəgötürən arasında bağlanılan əmək müqaviləsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əməkhaqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qadağan edilir. Əgər sizə əlavə əməkhaqqı Əmək Məcəlləsi və digər normativ - hüquqi aktlarla, eyni zamanda işəgötürənlə aranızda bağlanılan əmək müqaviləsi ilə nəzərdə tutulubsa, belə halda müdiriyyət tərəfindən bu əlavələrin birtərəfli qaydada pozulması və ödənilməməsi əsassızdır. Qeyd etmək istəyirəm ki, bir çox hallarda müəssisələrdə işçilərə qanunla nəzərdə tutulan hallardan başqa peşəkarlığa və digər işgüzar keyfiyyətlərə görə, eyni zamanda əlavə əmək funksiyalarının yerinə yetirilməsinə və digər razılaşmalara görə də əlavə əməkhaqqı ödənilir. Əgər sizə ödənilən əlavə əməkhaqqı üçün qanunla nəzərdə tutulan əsaslar aradan qalxmışsa, peşəkarlığınız və digər işgüzar keyfiyyətlərinzin səviyyəsi müdiriyyəti artıq qane etmirsə və bunun üçün kifayət qədər əsaslar varsa, eyni zamanda əlavə əmək funksiyalarının yerinə yetirilməsinə ehtiyac yoxdursa və digər qanuni əsaslar olduğu halda müdiriyyət tərəfindən sizə ödənilən əlavə əməkhaqqı dayandırıla bilər. - İkiinci sualınızın cavabı: Əmək Məcəlləsinin 161-163-cü maddələrinə əsasən: əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əməkhaqqına əlavə müəyyən edilib ödənilməlidir. Digər hallarda peşələr (vəzifələr) üzrə əmək funksiyasının icra edilməsinə görə əməkhaqqına əlavənin miqdarı kollektiv müqavilə və ya tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində nəzərdə tutulan qaydada müəyyən edilir. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arsındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə, əməkhaqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktiki yerinə yetirilən işə görə ödənilir. Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əməkhaqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir. Qanunun bu tələblərini əsas tutaraq hesab edirəm ki, Mülki Müdafiə Qərargahının rəisi vəzifəsini yerinə yetirməyinizlə əlaqədar sizə əlavə əməkhaqqı müəyyən edilib ödənilməlidir. - Üçüncü sualınızın cavabı: Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir: o kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə; o məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) çalışan dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə; o xüsusi rejimli tədris müəssisələri istisna olmaqla, tədris müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə; o tədris müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə; o elmi dərəcəsi olmayan elmi işçilərə; o həkimlərə, orta tibb işçilərinə və əczaçılara. Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.
- Azərbaycan Respublikasında qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hansı hallarda yenidən baxıla bilər?
Yalçın QOCAYEV, Bakı şəhəri.
- Azərbaycan Respublikasında qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər. Yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar aşağıdakılardır: o Məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə. o Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı. o Məhkəmənin qanuni qüvvəyə minmiş hökmi ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri. o Həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi.
- Gəncə şəhərinin Birləşmiş Doğum Evində tibb bacısı vəzifəsində işləmişəm. Xəstəxana rəhbərliyi 2003-cü ilin dekabr ayı və 2004-cü ilin yanvar, fevral və mart ayları üçün əməkhaqqımı heç bir əsas olmadan bu günə kimi mənə ödəməkdən imtina edir. Dəfələrlə etdiyim müraciətlərə baxmayaraq əməkhaqqımı ala bilmirəm. Əməkhaqqımın hansı qaydada almağın mümkün olması barədə qəzetiniz vasitəsilə məlumat verməyinizi xahiş edirəm.
İradə KƏRİMOVA, Gəncə şəhəri.
- Sualınızdan göründüyü kimi, sizin əmək münasibətlərində olduğunuz Gəncə şəhərinin Birləşmiş Doğum Evinin müdiriyyəti ilə aranızda əmək mübahisəsi yaranmışdır. Birləşmiş Doğum Evinin müdiriyyəti iddia etdiyiniz bu əməkhaqqını könüllü olaraq ödəmədiyindən əmək mübahisəsinə məhkəmə orqanlarında baxılmaqla həll edilməli müvafiq qətnamə qəbul edilməlidir. Nəzərinizə çatdırırıq ki, Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Lakin göstərilən iddia müddəti sizin tərəfdən buraxılmamışdır. Əgər ərizənizdə göstərdiyiniz müddət sizin tərəfinizdən üzrlü səbəblərdən buraxılıbsa (iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə), fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddiaçının "yaxın qohumu" dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzrlü hal hesab edə bilər. İddia müddəti üzrlü səbəblərdən buraxılıbsa, siz müddətin bərpa olunması barədə ərizə və əmək haqqının ödənilməsi barədə cavabdeh Gəncə şəhərinin Birləşmiş Doğum Evinə qarşı iddia ərizəsi ilə Gəncə şəhərinin müvafiq rayon məhkəməsinə (Gəncə şəhərinin Birləşmiş Doğum Evinin hüquqi ünvanının olduğu yerin rayon məhkəməsinə) müraciət etməlisiniz.
Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.
Elza HƏSƏNOVA, Samux rayonu.
- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər. Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.