Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(avqustun 30-da) ... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır. … Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.
(avqustun 31-də) … Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.
(sentyabrın 1-də) … və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.
(sentyabrın 2-də) … və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.
(sentyabrın 3-də) … və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır. … və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.
- Naftalan şəhərinin 1 saylı orta məktəbində idman müəllimi işləyirəm. Həftəlik dərs saatlarım 18 saatdan çox olmur. Ehtiyacıma görə ikinci iş yeri olan Uşaq Gənclər İdman Məktəbində məşqçi müəllim kimi fəaliyyət göstərirəm. Məndən birinci iş yerindən ikinci iş yerində işləmək üçün etirazın olmaması barədə arayış tələb edirlər. Bu ildən birinci iş yerim üzrə məktəb direktoru bu arayışı verməkdən imtina edir. Qəzetiniz vasitəsilə bu haqda müvafiq arayışın verilməməsində məktəb direktorunun haqlı olub-olmaması barədə məlumat verəsiniz.
Roman ƏLİYEV, Naftalan şəhəri. - Müraciət etdiyiniz bu əmək münasibəti Əmək Məcəlləsinin 58-ci maddəsi ilə əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması qaydaları ilə tənzimlənir. Bu maddəyə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan ikinci iş yeri işçinin əlavə iş yeri, birinci əmək müqaviləsi bağlanan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla (normal həftəlik iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz) tərəflərin razılığı ilə müəyyən edilir. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir. Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir. Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi bu Məcəllənin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda yol verilə bilər. Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinə bu maddədə nəzərdə tutulan əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur. Sualınıza əsasən bildirirəm ki, müraciətinizdə göstərdiyiniz halda iş vaxtı üzrə digər iş yerində çalışdığınıza görə bu arayışın verilməsi məktəb direktorunun səlahiyyətindədir.
- Qobustan Kəşfiyyat Qazma İşləri İdarəsində hər bir işçiyə hər bir iş günü üçün iki manat yeməkpulu hesablanıb ödənilir. Sonradan idarə binasının içərisində yeməkxana açdılar. O gündən də işçilərə verilən bu yeməkpulunu işçiyə yox, yeməkxananın hesabına köçürürlər. Əgər mən yeməkxanada yemək yemirəmsə, mənə hesablanmış yeməkpulunun tutulmasına idarə rəhbəri göstəriş verə bilərmi?
İ. MAHMUDOV, Şirvan şəhəri.
- İşçilərə hər bir iş günü üçün iki manat məbləğində yeməkpulunun verilməsi Dövlət Neft Şirkətinin müvafiq sərəncamı əsasında ödənilir. Əgər Dövlət Neft Şirkətində və onun strukturuna daxil olan idarə və müəssisələrinin hər hansı birində işçi tərəfindən onun arzusu ilə yeməkxanadan istifadə edilməzsə, ödənilən yeməkpulunun başqa hesaba köçürülməsi qanunsuzdur. Hesab edirəm ki, sizin şəxsi istəyiniz olmadan yuxarı orqan tərəfindən ödənilməsi nəzərdə tutulan yeməkpulunun idarə rəhbəri tərəfindən yeməkxananın hesabına köçürülməsi barədə sərəncamı düzgün deyil.
- Hansı su yolları ümumi istifadədə olan su yolları hesab edilir?
Mehman ORUCOV, Bakı şəhəri.
- Azərbaycan Respublikasının çayları, gölləri, su anbarları, kanalları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, digər yerüstü su obyektləri, əgər onlardan su yolu kimi istifadə tam və ya qismən qadağan edilməmişdirsə, yaxud həmin obyektlər ayrıca istifadəyə verilməmişdirsə, ümumi istifadədə olan su yollarına aid edilir. Hüquqi və fiziki şəxslər onlara məxsus su nəqliyyatı vasitələrinin üzməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ümumi istifadədə olan su yollarından istifadə edə bilərlər.
- Vəsiyyətnamə sirri nə deməkdir?
Azadə HÜSEYNOVA, Şəki şəhəri.
- Vəsiyyətnamə sirri dedikdə notariusun, vəsiyyətnaməni təsdiqləmiş digər şəxslərin, şahid, habelə vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imza etmiş şəxslərin vəsiyyətnamənin məzmununa, tərtibinə, dəyişdirilməsinə və ya ləğvinə aid məlumatları miras açılanadək açıqlaya bilməməsi nəzərdə tutulur.
- 1974-cü ildən 2001-ci ilə qədər Xanlar (Göygöl) Rayon Mərkəzi Xəstəxanasında həkim-travmatoloq vəzifəsində işləmişəm. İşlədiyim bu müddətdə 20 il üçün əmək məzuniyyəti hüququndan istifadə etməmişəm. 2001-ci ildə işdən azad olunarkən müdiriyyət tərəfindən mənə məzuniyyətdə olmadığım günlərin pulları verilmədi. Çox xahiş edirəm, qəzetiniz vasitəsilə bu əmək məzuniyyətinə görə pulların hansı qaydada alınması barədə ətraflı məlumat verəsiniz.
Vahid HACIYEV, Göygöl şəhəri.
- Bildirmək istəyirəm ki, işçilərlə əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi və istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilmə qaydası Əmək Məcəlləsinin 143 və 144-cü maddələri ilə tənzimlənir. Əmək Məcəlləsinin 143-cü maddəsinə əsasən, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. 2001-ci ildə əmək müqaviləsinə xitam verilərkən istifadə etmədiyiniz məzuniyyətlərə görə pul əvəzi ödənilmədiyindən Göygöl Rayon Mərkəzi Xəstəxanası ilə aranızda əmək mübahisəsi yaranmışdır və bu mübahisə yalnız məhkəmə vasitəsilə həll oluna bilər. Lakin əvvəlcədən bir faktı da qeyd etmək istəyirəm ki, Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Lakin göstərilən iddia müddəti sizin tərəfdən buraxılmamışdır. Əgər ərizənizdə göstərdiyiniz müddət sizin tərəfinizdən üzrlü səbəblərdən buraxılıbsa (iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə), fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddiaçının "yaxın qohumu" dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini məhkəmə üzrlü hal hesab edə bilər. İddia müddəti üzrlü səbəblərdən buraxılıbsa, siz müddətin bərpa olunması barədə ərizə və məzuniyyət pulunun ödənilməsi barədə cavabdeh Göygöl Rayon Mərkəzi Xəstəxanasına qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etməlisiniz.
- Mülki işlər üzrə maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi dedikdə nə başa düşülür?
Sərvər BALAYEV, Bakı şəhəri.
- Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə əsasən, mülki işlər üzrə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq edilməmiş hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ-hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
- Vətəndaşlığı olmayan şəxslərin uşaqları Azərbaycan Respublikası vətəndaşlığını əldə edirmi?
Tarıyel VƏLİYEV, Bakı şəhəri.
- "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində doğulmuş uşaqları Azərbaycan Respublikasının vətəndaşıdır.
Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.
Elza HƏSƏNOVA, Samux rayonu.
- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər. Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.