Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(avqustun 30-da) ... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır. … Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.
(avqustun 31-də) … Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.
(sentyabrın 1-də) … və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.
(sentyabrın 2-də) … və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.
(sentyabrın 3-də) … və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır. … və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.
- Uzun illər Şəki Pambıq Zavodunda sürücü işləmişəm. Özəlləşdirilərkən mən də bu zavoda səhm qoymuşam. Bildiyimə görə, dövlət komitəsi tərəfindən zavodun işçi kollektivinə müəyyən güzəştlər verilmişdir. Sahibkar uzun illərdir ki, səhmimizin dəyərini ödəmir. Bəzi hallarda işçilərin istifadə etmədikləri məzuniyyət günlərinin haqqını ödəməkdən imtina edir. Yuxarıda göstərilənləri əsas tutaraq xahiş edirəm ki, səhmdar cəmiyyətə çevrilmiş müəssisədə özəlləşdirmə ilə əlaqədar əmək kollektivinin hansı güzəştlərə malik olması və səhmdar cəmiyyətlərdə işçilərin istifadə etmədikləri məzuniyyət günlərinin haqqının ödənilməsi barədə ətraflı məlumat verəsiniz.
B. BAXIŞOV, Şəki şəhəri.
- Əmək Məcəlləsinin 180-ci maddəsinə əsasən, işçinin müəssisənin gəlirindən pay almaq hüququ vardır. İşçilər qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan səhmdar cəmiyyətlərin, habelə mülkiyyət payı bəlli olan digər müəssisələrin nizamnamələrində (əsasnamələrində) müəssisənin nəzərdə tutulan qaydada və məbləğdə müəyyən edilən gəlirinin müvafiq hissəsi miqdarında pay almaq hüququna malikdirlər. İşçilərin bu hüququnu məhdudlaşdıran və ya onları bu hüquqdan məhrum edən işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin 99-cu maddəsinə əsasən, açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını hamının, o cümlədən də səhmdarların da tanış olması üçün hər il dərc etməyə borcludur. Göstərilənləri əsas tutaraq hesab edirəm ki, səhmdar cəmiyyətin rəhbərliyi illik hesabat və mühasibat balansı ilə bütün səhmdarları tanış etməli və səhmdarların əldə edilən gəlirdən səhmlərin müvafiq hissəsi miqdarında pay almaq hüququnu təmin etməlidir. Digər bir sualınızla əlaqədar bildirirəm ki, dövlət müəssisələrinin səhmdar cəmiyyətə çevrilməsi ilə əlaqədar əmək kollektivinin güzəştlərə malik olması yalnız özəlləşdirmə prosesində mümkündür. Belə ki, 16 may 2004-cü il tarixli "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən, özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini (onun qalan hissələrinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə (15 faiz) almaq hüququ vardır. Bu Qanunun 17.2- ci maddəsinə əsasən, özəlləşdirilən dövlət müəssisələri səhmlərinin və hissələrinin satışında güzəştli şərtlər "əsas iş yeri üzrə həmin müəssisədə işləyən və 7 ildən artıq əmək stajına malik olan işçilər" hesab olunurlar. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən, özəlləşdirmə prosesində bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsini müəyyən edən normativ-hüquqi aktların pozulması özəlləşdirmə barədə bağlanmış əqdlərin eribarsız hesab edilməsi barədə əsasdır. Əmək Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlamış bütün iş yerlərinə şamil edilir. Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən isə (əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi), bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Göstərilənləri əsas tutaraq hesab edirəm ki, səhmdar cəmiyyətə çevrilmiş müəssisələrdə də heç bir məhdudiyyət qoyulmadan işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməlidir.
- Hörmətli redaksiya! Müəssisədə 3 il az maaşla gözətçi işləmişəm. İşdən azad olunarkən mənə, istifadə etmədiyim məzuniyyət günləri də daxil olmaqla, son haqq-hesab ödənilməmişdir. Səbəbini soruşduqda bildirirlər ki, sən müqavilə yolu ilə işləmisən. Bu nə dərəcədə qanunidir? T.ORUCOV, Gədəbəy rayonu.
- Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən, Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər münasibətləri tənzim edir. Əmək Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlamış bütün iş yerlərinə şamil edilir. Göstərilənlərə əsasən müəssisənin əsas istehsalat sahəsinə aid olan və ştat cədvəlində olan bütün işçilərlə birmənalı olaraq Əmək Məcəlləsinin 42-54-cü maddəsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmalıdır. Belə bir əmək müqaviləsi bağlamış bütün işçilərə Əmək Məcəlləsində nəzərdə tutulan şərtlər, o cümlədən Əmək Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulan qaydada son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əməkhaqqı və digər ödəmələr) almaq hüququ şamil edilir. Əgər sizinlə Əmək Məcəlləsində nəzərdə tutulan şərtlər daxilində əmək müqaviləsi bağlanmışsa, son haqq-hesabı almaq hüququnuz vardır. Lakin bir çox hallarda işəgötürənlər işçilərin qanunları bilməməsindən və ya onların maarifləndirilməməsindən sui- istifadə edərək onlarla Əmək Məcəlləsinə (Əmək Məcəlləsinin 6-cı maddəsinin d bəndi) və onun şərtlərinə uyğun əmək müqaviləsi deyil, Mülki Məcəllə və digər normativ-hüquqi aktlarla tənzimlənən podrat, komisyon, xidmət, tapşırıq və sair kimi mülki hüquqi müqavilələr bağlayırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktlarla tənzimlənən podrat, komisyon, xidmət, tapşırıq və sair kimi mülki hüquqi müqavilələr bağlayan işçilər isə işdən azad olunarkən Əmək Məcəlləsində nəzərdə tutulan təminatlardan və son haqq-hesabdan (əmək kitabçası almaq, ödənişli məzuniyyət almaq hüququndan, iş stajının hesablanması, ixtisarla və ya müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə işdən azad olmaqla əlaqədar müavinətlərin ödənilməsi, əmək xəsarəti ilə əlaqədar müavinətlərin ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və sair) istifadə etmək hüququnu itirə bilər. Əgər sizinlə Mülki Məcəllə və digər normativ-hüquqi aktlarla tənzimlənən podrat, komisyon, xidmət, tapşırıq və sair kimi mülki hüquqi müqavilə bağlanmışsa, belə olan halda sizin əməkhaqqı və ya digər ödəmələri almaq hüququnuz Əmək Məcəlləsi və ya əmək müqaviləsi ilə deyil, bağladığınız müqavilənin şərtlərinə uyğun olaraq tənzimlənir.
- Mən tibb müəssisəsində işləyirəm. Tibb Texnikumunun gündüz şöbəsinə daxil olmuşam. Dərs saatlarımla iş saatlarım üst-üstə düşür. Bilmək istəyirəm, eyni zamanda həm oxuya, həm də işləyə bilərəmmi?
Mahirə MƏMMƏDOVA, Mingəçevir şəhəri.
- Azərbaycan Respublikası qanunvericiliyi ilə şəxslərin işləməklə bərabər oxumalarına heç bir məhdudiyyət və ya qadağa qoyulmayıb. Lakin şəxsin eyni zaman müddətində həm işləməklə əmək funksiyalarını yerinə yetirməsi, həm də oxuması qeyri-mümkündür. Hər iki vəzifənin eyni zaman və müddətdə yerinə yetirilməsi, sadəcə olaraq, fiziki cəhətdən də mümkün deyil. Tibb Texnikumunun gündüz şöbəsində oxumaqla sizin dərs saatlarının vaxtının dəyişdirilməsini xahiş etmək imkanınız yoxdur. Lakin əmək münasibətlərində olduğunuz tibb müəssisəsi rəhbərinin və sizin qarşılıqlı razılığınız əsasında əmək müqaviləsində müvafiq dəyişiklik etməklə, işinizin vaxtını dəyişdirməklə və ya natamam iş vaxtında işləməklə həm təhsilinizi davam etdirə, həm də işləyə bilərsiniz. Belə ki, Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı - natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər.
- Xidmət illərinə görə hərbi qulluqçular hansı şərtlərlə pensiya hüququna malikdirlər? Pərviz SƏMƏNDƏRLİ, Bakı şəhəri.
- “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, xidmət illərinə görə hərbi qulluqçuların pensiya hüququna aşağıdakı şərtlər daxildir: o xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular; o xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər; o xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçirmiş şəxslər; o hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.
- Övladım 1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. Müəyyən səbəblərdən ixtisasına uyğun iş tapa bilmədiyinə görə, 1996-cı ildə şahmat müəssisəsində metodist vəzifəsində işə qəbul edilmişdir. 13 ilə yaxındır ki, həmin vəzifədə işləyir. Hazırda işlədiyi məktəbin direktoru vəzifəsi boşdur. O vəzifəyə övladımın təyin edilməsini məsləhət bilmirlər ki, başqa peşə sahibidir. Bu tələb nə dərəcədə düzgündür?
M.QASIMOV, Sabirabad rayonu.
- Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqaviləsi bağlamaq, onların şərtlərini dəyişdirmək hüququ işəgötürənə məxsusdur. İşçilərlə yeni əmək müqaviləsi bağlamaqla onları irəli çəkmək, onların peşəkarlığı və işgüzarlığı nəzərə alınmaqla vəzifəyə təyin etmək işəgötürənin müstəsna səlahiyyətlərinə aiddir. Övladınızın hər hansı bir səbəblərdən öz ixtisası üzrə işlə deyil, digər ixtisaslı işdə uzun illər işləməsi isə ona bu vəzifəyə təyin olunması üçün əlavə güzəşt hüququ vermir. Yuxarıda qeyd olunduğu kimi, işçinin peşəkarlıq səviyyəsi və onun hər hansı bir vəzifəyə təyin olunması işəgötürənin müstəsna səlahiyyətlərinə aiddir. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Əmək Məcəlləsinin 48.4-cü maddəsinə əsasən isə, əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər sırasında işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənədin təqdim edilməsi nəzərdə tutulur. Yuxarıda göstərilənləri əsas tutaraq hesab edirəm ki, övladınızın hazırda işlədiyi məktəbin direktoru vəzifəsinə təyin olunması üçün müvafiq təhsilin olması barədə rəhbərliyin tələbləri qanuni və əsaslıdır.
Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.
Elza HƏSƏNOVA, Samux rayonu.
- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər. Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.