Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(mayın 13-də) …Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.
(mayın 14-də) …Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır. …ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.
(mayın 15-də) …MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir. …Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir. …və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər. …və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.
(mayın 16-da) …Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır. …Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir. …Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.
(mayın 17-də) …Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.
Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi qaydalarının pozulmasına görə cərimələrin məbləği barədə məlumat verməyinizi xahiş edirəm.
Oruc HƏTƏMOV, Şirvan şəhəri.
- Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsinin dövlət qeydiyyatından və texniki baxışdan keçirməməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi, etibarnamə əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə, eləcə də nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarının pozulmasına görə - fiziki şəxslər 30 manat miqdarda, vəzifəli şəxslər 40 manatdan 70 manatadək miqdarda cərimə edilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, habelə nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində və ya texniki sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, eləcə də texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə - 150 manatdan 200 manatadək miqdarda cərimə edilir. Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasına, habelə süründürməçiliyə yol verilməsinə, eləcə də yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından əsassız imtina edilməsinə görə - 200 manatdan 250 manatadək miqdarda cərimə edilir. Sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə - 30 manatdan 40 manatadək miqdarda cərimə edilir. Müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 451.3-cü maddəsinin tələbləri pozulmaqla cərimələrin alınmasına görə - 300 manatdan 500 manatadək miqdarda cərimə edilir.
Hansı şəxslər istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalıdırlar?
Rəhim ABDULLAYEV, Bakı şəhəri.
- "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunun 3-cü maddəsinə əsasən, aşağıdakı şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar: Hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə qanunvericiliyə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (hərbi və ya xüsusi rütbəsi olan şəxslər istisna olmaqla); azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş və işləyən şəxslər; məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla); istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər; müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular; təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər. Bu Qanun qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də ("Sosial sığorta haqqında" qanuna uyğun olaraq məcburi dövlət sosial sığortasına cəlb olunmayan əcnəbilər istisna olmaqla) şamil olunur.
Metropolitendə çalışan tunel fəhlələri və elektrik quraşdırıcıları üçün qısaldılmış iş həftəsinin müddəti neçə saat olmalıdır?
Afdandil HÜSEYNOV, Bakı şəhəri.
- Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli, 175 saylı qərarı ilə təsdiq edilmiş "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraitli fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 26-cı bölməsinin 19 və 20-ci bəndlərinə əsasən, metropoliten tunellərində gecə vaxtı daimi işləyən tunel fəhlələri və kabel şəbəkələri üzrə elektrik quraşdırıcısı, güc şəbəkələri və avadanlıqları üzrə elektrik quraşdırıcısı üçün qısaldılmış iş həftəsinin müddəti 30 saatdır.
Başqa işə keçirilmə dedikdə nə başa düşülür?
Çəməngül HEYDƏROVA, Gəncə şəhəri.
- İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
Valideynlərdən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə uşaqlar Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilərmi?
Ülkər NOVRUZOVA, Sumqayıt şəhəri.
- Valideynlərdən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsdirsə, digəri isə əcnəbidirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş valideynin vəsatəti və əcnəbi valideynin razılığı ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsdirsə, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsdirsə, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş valideynin vəsatəti və vətəndaşlığı olmayan valideynin razılığı ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir.
Hansı müddət gecə iş vaxtı sayılır?
Qafar VƏLİYEV, Bakı şəhəri.
- Axşam saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Əgər işçinin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır.
Əritmə sexində iş zamanı qaz qaynaqçıları, rəngsaz və elektrik montyorlarının əmək şəraitinə görə neçə gün əlavə məzuniyyət hüququ vardır?
Camal QULİYEV, Daşkəsən şəhəri.
- Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"na əsasən, əritmə sexində iş zamanı: o qaz qaynaqçısının - 18; o rəngsazın, nasos qurğularının maşinistinin, nümunə götürənin - 6; o metallurgiya avadanlığının təmiri ilə məşğul olan təmirçi-çilingər və fəhlələrin - 12; o əllə qaynağın elektrik qaynaqçısı və elektrik avadanlığına xidmət üzrə elektrik montyorunun - 18 təqvim günü əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ vardır.
2011-ci il üçün Azərbaycan Respublikasında ehtiyac meyarı və yaşayış minimumu hansı həddə müəyyən edilmişdir?
Aida NEMƏTOVA, Şirvan şəhəri.
1) - Azərbaycan Respublikasında ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 2011-ci il üçün ehtiyac meyarının həddi 75 manat məbləğində təyin edilmişdir. 2) - Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu ölkə üzrə 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilmişdir.
Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.
Əlikram QURBANOV, Bakı şəhəri.
- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir: o müqavilə bağlayan tərəflər haqqında məlumatlar; o tərəflərin hüquq və vəzifələri; o görüləcək işlər və göstəriləcək xidmətlər; o müqavilənin müddəti; o tərəflərin məsuliyyəti; o müqaviləyə xitam verilməsi qaydası. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.