Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(mayın 13-də) …Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.
(mayın 14-də) …Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır. …ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.
(mayın 15-də) …MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir. …Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir. …və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər. …və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.
(mayın 16-da) …Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır. …Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir. …Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.
(mayın 17-də) …Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.
- Atam əmək fəaliyyətinin son illərini sovet orqanlarında çalışıb və 1993-cü ildə vəfat edib. Anam 1951-ci təvəllüdlür. Rayon poliklinikasında tibb bacısı işləyir. Bilmək istəyirəm, anama atama görə dövlət pensiyası təyin oluna bilərmi? O.SƏMƏDBƏYLİ, Salyan rayonu.
- Məktubunuzdan görünür ki, atanız səkkiz ilə yaxın rayon sovet orqanlarında çalışıb. Belə halda "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən ananız dövlət pensiyası almaq hüququ olan şəxslər sırasına aid olunur. Lakin ona, ailə başçısını itirməyə görə pensiya 57 yaşına çatdıqda təyin oluna bilər. Bir şərtlə ki, ananız öz, yaşa görə pensiyasından imtina etsin.
- Həmkarlar ittifaqı təşkilatının işçisinə smeta üzrə ildə bir dəfə nəzərdə tutulmuş sosial-məişət xərci verilərkən həmin məbləğdən gəlir vergisi tutulmalıdırmı? E.MƏMMƏDOV, Tovuz rayonu, Aşıq Hüseyn küçəsi 9.
- Həmkarlar ittifaqı təşkilatının işçisinə smeta üzrə ildə bir dəfə ödənilən sosial-məişət xərci Əmək Məcəlləsinin 141-ci maddəsi əsasında ödənilir və birdəfəlik müavinət adlanır. Vergi Məcəlləsinin 102.1.3 maddəsinə əsasən fiziki şəxslərin birdəfəlik müavinət üzrə gəlirləri gəlir vergisindən azaddır. Odur ki, həmkarlar ittifaqı təşkilatlarının işçisinə smeta üzrə ildə bir dəfə nəzərdə tutulmuş sosial-məişət xərcindən gəlir vergisi tutulmur.
E.SÜLEYMANOV, AHİK-in maliyyə şöbəsinin baş müfəttişi.
- Rayon maliyyə idarəsi tərəfindən bi zə verilən vahid tarif cədvəlində 1-ci dərəcə üzrə əməkhaqqı minimum əməkhaqqı miqdarında nəzərdə tutulmuşdur. Bu, düzgündürmü? R.ÇƏLƏBİYEV, Səhiyyə İşçiləri Hİ Qax rayon komitəsinin sədri.
- Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 22 yanvar 2007-ci il tarixli sərəncamı ilə səhiyyə işçilərinin əməkhaqları 01.02.2007-ci il tarixdən 25% artırılmışdır. Eyni tarixli sərəncamla Respublika üzrə minimum əməkhaqqı da 50 manat müəyyən edilmişdir. Səhiyyə işçilərinin əməkhaqlarının 25 % artırılması deyildikdə, onların Respublika üzrə minimum əməkhaqqı 50 manat müəyyən edilənədək mövcud olan əməkhaqlarının 25 % artırılması kimi başa düşülməlidir.
V.KAMALOV, Səhiyyə İşçiləri HİRK-in baş texniki müfəttişi.
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətləri verilir? İ.NƏSİROV, Bakı şəhəri.
-Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin verilmə qaydaları Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta ödəmələrinin hesablanması və ödənilməsi haqqında Əsasnamə" ilə tənzimlənir. Bu Əsasnamə "Sosial sığorta haqqında" AR Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrinin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. Məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ sığorta edənlər (idarə, təşkilat, müəssisə və s.) və sığorta olunanlar tərəfindən məcburi dövlət sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondu orqanlarına ödədikləri hallarda yaranır. Xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslər (qanunvericiliklə müəyyən hallar istisna olmaqla) məcburi dövlət sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququna malikdirlər. Hər bir vətəndaş onu işəgötürəndən AR qanunlarına müvafiq olaraq özünün məcburi dövlət sığortası üzrə sığortalanmasını tələb etməlidir. İdarə, müəssisə və təşkilatların həmkarlar ittifaqları işçiləri məcburi dövlət sosial sığortasına cəlb olunmasına nəzarət etməyə borcludurlar. Qeyd etmək lazımdır ki, məcburi dövlət sosial sığorta ödəmələrinin hesablanması və ödənilməsi haqqında əsasnamənin tətbiqi ilə bağlı izahatlar Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilir. Məcburi dövlət sosial sığorta ödəmələri, sosial sığorta hadisələri baş verdikdə aşağıda göstərilən ödənclər hesab edilir :
- "Əmək pensiyaları haqqında" AR Qanununa uyğun olaraq dövlət pensiyaları; - əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlər; - hamiləliyə və doğuşa görə müavinətlər; - uşağın anadan olmasına görə birdəfəlik müavinət; - qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət; - dəfn üçün müavinət; - sığorta olunanın sanatoriya - kurort müalicəsi üzrə xərclərin tam və ya qismən ödənilməsi; - AR qanunvericiliyi ilə sosial sığorta üzrə təminatın başqa növləri. Əmək qabiliyyətinin itirilməsinə görə sığorta olunana müavinət aşağıdakı hallarda verilir: - xəstəlik və zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə; - sanatoriya - kurort müalicəsi zamanı; - xəstələnmiş ailə üzvlərinin qulluğa ehtiyacı olduqda; - epidemioloji hallarda karantin zamanı; - vərəm, peşə xəstəlikləri ilə əlaqədar başqa işə keçirildiyi zaman; - protez hazırlandığı müddətdə, protez-ortopedik müəssisəsinin stasionarına yerləşdirildikdə; - Nazirlər Kabineti tərəfindən müəyyən edilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ verən postvaksinal fəsadların siyahısına daxil olan postvaksinal fəsadla əlaqədar əmək qabiliyyəti müvəqqəti itirildikdə.
- Vətəndaşlardan notariat hərəkətlərin aparılmasına görə haqq tutulurmu? L.HƏSRƏTOVA, Balakən rayonu.
- Qüvvədə olan "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən, notariat hərəkətlərin aparılmasına, sənədlərin surətlərinin (dublikatlarının) verilməsinə, texniki işlərin yerinə yetirilməsinə görə notariuslar və notarial hərəkətləri aparan digər vəzifəli şəxslər haqq tuturlar. Xüsusi notariuslar tərəfindən notarial hərəkətlərin aparılmasına görə tutulan haqq dövlət notariusları tərəfindən notarial hərəkətlərin aparılması üçün müəyyənləşdirilmiş dövlət rüsumu miqdarında olmalıdır. Notarial hərəkətlər yalnız onun üçün haqq ödənildikdən sonra aparılır. Notarius iş yerindən kənarda notarial hərəkətləri aparmaq üçün getdikdə faktiki nəqliyyat xərclərini maraqlı şəxslər ödəməlidir.
- Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların müəssisələrdə, idarələrdə və təşkilatlarda uçotunun vəziyyətinə nəzarət edilirmi? A.ORUCOV, Gəncə şəhəri.
- Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 37 - ci maddəsinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların müəssisələrdə, idarələrdə, təşkilatlarda uçotunun vəziyyətinə müvafiq rayon icra hakimiyyəti orqanları, onların tabe olduqları yuxarı təşkilatlar və həmkarlar ittifaqı orqanları nəzarət edirlər. İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını müvafiq rayon icra hakimiyyəti orqanı təsdiq edir. Siyahıda sonradan edilən dəyişikliklər barədə müəssisə, idarə və təşkilat rəhbərləri siyahını təsdiq etmiş icra hakimiyyəti orqanına məlumat verməlidir.
- Vətəndaşların hansı hallarda mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda qalmaq hüququ saxlanılır? O.BALAKİŞİYEV, Xırdalan qəsəbəsi.
- Aşağıdakı hallarda vətəndaşların yaşayış sahəsi almaq üçün uçotda qalmaq hüququ saxlanılır: - Müvəqqəti olaraq başqa yerə getdikdə, qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna edilməklə, yaşayış sahəsindən istifadə hüququnun saxlandığı dövrdə. - Seçkili vəzifəyə keçdikdə. - Qocalığı və ya əlilliyə görə təqaüd aldıqda. - Uçota götürüldükdən sonra xidməti yaşayış sahəsi və ya yataqxana verdikdə. - Qanunvericiliklə nəzərdə tutulan digər hallarda. Uçotda olan vətəndaş öldükdə və ya başqa daimi yaşayış yerinə getdikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun yerinə uçota götürülür: həm də iş yerində ehtiyacı olanların uçotuna ailə üzvü yalnız o halda götürülür ki, o, həmin müəssisədə , idarədə, təşkilatda işləyir, uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində öldükdə isə ailə üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləməsindən asılı olmayaraq uçota götürülür. Uçotda olan ailə dolandıranını itirmiş, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan ailələri onların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab etmək üçün əsaslar aradan qalxmamışsa uçotdan çıxarıla bilməzlər.
- İcarədarın yaşayış sahəsində qəyyum və ya himayədar sifəti ilə yaşayan şəxs hansı qaydada yaşayış sahəsindən çıxarıla bilər? A.İBADOVA, Sumqayıt şəhəri.
- İcarədarın yaşayış sahəsinə qəyyumlar və ya himayəçilər sifəti ilə köçmüş şəxslər həmin sahə barəsində müstəqil hüquq əldə etmirlər. Həmin sahə qanunla müəyyən olunmuş qaydada qəyyuma və ya himayəçiyə təhkim edilməmişsə, qəyyumluğa və himayəçiliyə xitam verildikdə onlar öz iradələri əsasında və məhkəmə qaydasında başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılır.
- Əcnəbilərin Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmasına hansı qanunla icazə verilir? F.CƏFƏROV, Bakı şəhəri.
- Azərbaycan Respublikasında əcnəbilərin əmək miqrasiyası proseslərinin hüquqi, iqtisadi və sosial əsasları 28 oktyabr 1999-cu il tarixli "Əmək miqrasiyası haqqında" Qanunla tənzimlənir. Əcnəbilər haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə aldıqdan sonra AR-də işləyə bilərlər. Əcnəbilər fərdi icazənin alınması ilə bağlı müvafiq icra hakimiyyətinə onları işə qəbul etmək istəyən hüquqi və ya fiziki şəxslər vasitəsilə müraciət etməlidirlər. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin rəhbərləri və onların müavinləri vəzifəsinə cəlb olunan əcnəbilər, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilər üçün fərdi icazə alınması tələb olunmur.
- İşçi və ya işəgötürən Əmək Məcəlləsinin tələblərinin pozulmasına görə məsuliyyət daşıyırlarmı? B.NƏSİROVA, Lənkəran rayonu.
- Əmək Məcəlləsinin 310 - cu maddəsinə əsasən, istər işçilər, istər işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər nomativ-hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlərlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
- Hansı işçilər əmək miqrantı hesab olunurlar? O.QASIMOV, Bakı şəhəri.
- "Əmək miqrasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, qanuni əsaslarla Azərbaycan Respublikasına gələn və qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında haqqı ödənilən əməklə məşğul olmaq üçün fərdi icazəsi olan əcnəbilər əməkçi miqrant hesab edilirlər.
Azər QULİYEV, «Bos-Şelf» Şirkəti HİK-in hüquqşünası.
Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.
Əlikram QURBANOV, Bakı şəhəri.
- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir: o müqavilə bağlayan tərəflər haqqında məlumatlar; o tərəflərin hüquq və vəzifələri; o görüləcək işlər və göstəriləcək xidmətlər; o müqavilənin müddəti; o tərəflərin məsuliyyəti; o müqaviləyə xitam verilməsi qaydası. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.